AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 27 mart “Elm günü”nün qeyd olunması ilə əlaqədar tədbir keçirilib
Mart 27, 2023 | 12:00
27 mart 2023-cü il tarixində Şəki şəhər Heydər Əliyev Mərkəzində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 27 mart “Elm günü”nün qeyd olunması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin, YAP-ın Şəki Rayon Təşkilatının, Regional Mədəniyyət İdarəsinin və ADPU-nun Şəki filialının rəhbər işçiləri və nümayəndələri iştitak ediblər. Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev mərkəzində Ümummilli Liderin abidəsini ziyarət edərək, dahi liderin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxış keçiriblər. Sonra iştirakçılar Elmi Mərkəzin elmi-təşkilati fəaliyyətinə, elmi nailliyyətlərinə həsr olunmuş sərgiylə tanış olublar.
Tədbir Heydər Əliyev Mərkəzinin Akt zalında plenar çıxışlarla davam etdirilib. Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Yusif Şükürlü tədbirin mahiyyəti, “Elm günü”nün təsis olunması, Azərbaycan elminin keçmişi və bugünü haqqında məlumat verib.
AMEA-nın Şəki REM-in elmi katibi E.Abdurahmanov “Heydər Əliyev və Azərbaycanda elmin inkişaf dinamikası”, “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri İ.Yusifova “Heydər Əliyev və Azərbaycan dili”, “Folklorşünaslıq və el sənətləri” şöbəsinin kiçik elmi işçisi, Gənc alim və mütəxəssislər şurasının sədri T.Adışirinov “Heydər Əliyev və gənclər siyasəti” mövzularında məruzələr ediblər.
Daha sonra Şəki şəhər İcra Hakimiyyətinin “İctimai-siyasi humanitar” şöbənin baş məsləhətçisi Anar Məmmədov Şəki şəhərində Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini, bu günkü tədbirin həmin xarakterdə, yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. Yeni Azərbaycan Partiyasının Şəki Rayon Təşkilatının sədr müavini Ziya Vəliyev Yeni Azərbaycan Partiyasının, onun Şəki Təşkilatının yaranması və fəaliyyəti ilə bağlı məlumatları iştirakçılarla bölüşüb, dahi liderin respublikaya rəhbərliyi dövründə həyata keçirilən quruculuq işlərindən bəhs edib. Z.Vəliyev Elmi Mərkəzin kollektivinə “Elm günü” və Ramazan ayının gəlişi ilə bağlı YAP-ın Şəki rayon rəhbərliyinin təbrikini çatdırıb.
Daha sonra Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Vaqif İbrahim adına şəhər Folklor evinin direktoru Rövzət Hacızəkəryəyev çıxış edərək, elmi mərkəzin elmi nailiyyətlərinə həsr olunmuş sərgini və təşkil olunan tədbiri yüksək qiymətləndirdiyini bildirib.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı videoçarx nümayiş etdirilib.