Apr 28, 2022 | 12:00
27 aprel 2022-ci il tarixində Şəki MKS-nin İ.S.Nakam adına mərkəzi kitabxanasında “2022-ci il Şuşa ili” ilə bağlı AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ ədəbi mühiti” mövzusunda elmi seminar keçirilib. Tədbir Azərbaycan Respublikasında 2022- ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2022-ci il 15 yanvar tarixli 3096 nömrəli Sərəncamının icrası ilə bağlı AMEA-nın Şəki REM tərəfindən hazırlanmış “Tədbirlər planı”na dair təkliflərin tərkib hissəsini təşkil edib. Seminarda Şəki REM-in “Folklorşünaslıq və el sənətləri”, “Tarixi İrs və Etnoqrafiya”, “İctimaiyyətlər əlaqələr” şöbələrinin, həmçinin İ.S.Nakam adına mərkəzi kitabxananın əməkdaşları, ADPU-nun Şəki filialının “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının və Şəki Regional Kollecinin tələbələri iştirak ediblər. Tədbiri açan Şəki MKS-nin İ.S.Nakam adına mərkəzi kitabxanasının “Xidmət və abonement” şöbəsinin müdiri D.Ş.Yaqubova elmi seminarın məhz onların müəssisəsində təşkil edildiyinə görə Şəki REM rəhbərliyinə təşəkkürünü çatdırıb və tədbirin işinə uğurlar arzu edib. Sonra “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri İ.Ə.Yusifova yaradılmış münbit şəraitə görə Şəki MKS-nin rəhbərliyinə dərin təşəkkürünü bildirib və “Şuşa ili” bağlı ölkə Prezidentinin Sərəncamı ilə Şəki REM-də həyata keçirilən tədbirlər, onun mahiyyəti, əhatə dairəsi haqqında məlumat verib. “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent K.F.Adişirinov “Qarabağ ədəbi mühiti” mövzusunda əhatəli və məzmunlu məruzə ilə çıxış edib. K.Adışırinovun məruzəsi ətrafında təqdim edilən çoxsaylı suallar cavablandırılıb. Şəki REM -in “Tarixi irs və etnoqrafiya” şöbəsinin rəhbəri R.R.Həsənov “Qarabağın tarixi abidələri və erməni vandalizmi” mövzusundakı çıxışı maraqla qarşılanıb. Həmin şöbənin əməkdaşı H.Xəlilov Azərbaycanda əlyazma sənəti, XIX əsr Qarabağlı əlyazma müəllifləri, o cümlədən XIX əsrin məşhur bibliofili və şəriət alimi Əbdülqəni Nuxəvi Xalisəqarızadə haqqında əldə edilən yeni məlumatları paylaşıb.