25 fevral 2022-ci il tarixində AMEA-nın Şəki REM-də Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə tədbir təşkil edilib
Fev 25, 2022 | 11:00

Ilk öncə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan Şəki REM-in direktoru, fizika üzrə PhD, dosent Y.H.Şükürlü çıxışında Xocalı faciəsindən keçən 30 il ərzində Azərbaycan rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində hadisələrin mahiyyətinin beynəlxalq aləmdə tanıdılması barədə məlumat verib.

          “Tarixi irs və Etnoqrafiya” şöbəsinin rəhbəri R.Həsənov Xocalı faciəsinin tarixindən, mahiyyətindən, erməni vandalizmindən bəhs edib. O, genosid hadisələrinin ermənilər tərəfindən tarixən təkrarlandığını vurğulayıb.

         “Landşaftşünaslıq” şöbəsinin rəhbəri, geologiya-minerologiya üzrə PhD H.Mustafabəyli həmin dövrdə baş verən hadisələrin şahidi kimi ölkədə cərəyan edən sosial-ictimai, siyasi proseslər, ölkə rəhbərliyinin yarıtmaz fəaliyyəti və Xocalı faciəsinə gedən yol haqqında fikirlərini bölüşüb.

         “Folklorşünaslıq və el sənətləri” şöbəsinin kiçik elmi işçisi T.Adışirinov Xocalı faciəsinin müasir Azərbaycan ədəbiyyatında işiqlandırılması haqqında fikirlərini tədbir iştirakçılarına çatdırıb.

          Sonra tədbir iştirakçıları erməni xisləti, təxribatları, türk-müsəlman əhaliyə qarşı müxtəlif tarixi dövrlərdə həyata keçirilən soyqırım siyasəti ilə bağlı öz düşüncələrini paylaşdılar.

          Tədbirin sonunda Xocalı faciəsi ilə bağlı fragmentləri əks etdirən video çarxlara və foto stendlərə baxış keçirilib.