Şəki Regional Elmi Mərkəzinin əməkdaşı: “Azərbaycan ərazilərində ekoloji cəhətdən təmiz, çoxfunksionallı “ağıllı” ipəkçi kəndlər yaradılacaq”
İyn 10, 2021 | 12:14

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tut ipəkqurdunun seleksiyası şöbəsinin elmi işçisi, Akademiyanın Zoologiya İnstitutunun dissertantı Zərintac Şükürovanın yerinə yetirdiyi dissertasiya işi üzrə əldə etdiyi ilkin nəticə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin qərarı ilə “Vəhşi ipəkqurdunun yetişdirilməsi üsulu” ixtirası kimi qiymətləndirilib.

Müsahibimiz Zərintac Şükürova bizə əldə etdiyi yeni elmi nailiyyəti barədə ətraflı məlumat verib.

- Zərintac xanım, qeyri-ənənəvi vəhşi Saturnia pyri ipəkqurdunun ipəkçilik üçün yetişdirilməsi və spesifik “vəhşi” ipəyinin əldə olunması ideyası hansı zərurətdən yarandı?

- Hazırda dünyada ənənəvi tut ipəkqurdunun ipəyi ilə yanaşı, “vəhşi” ipəyə də böyük maraq vardır. Əhliləşdirilmiş tut ipəkqurdu Bombyx mori-dən başqa, digər ipəkqurdları vəhşi hesab olunur. Elm adamları Lepidoptera dəstəsindən olan, Saturniidae fəsiləsinə aid vəhşi ipəkqurdlarının baramasından alınan ipəyin fiziki və kimyəvi xüsusiyyətlərinə görə daha davamlı və bioloji uyğun nano-smart material kimi daha əlverişli olduğunu təsbit ediblər. Ona görə də, vəhşi ipəkqurdu növlərindən alınan ipək biotibbi texnologiyaların və smart materialların yaradılması uçün daha yüksək perspektivə malikdir. Məsələn, bu fəsiləyə mənsub olan Antheraea perniy ipəyinin ipinin yüksək absorbsiya (əmicilik) qabiliyyətinə malik və təbii ipək lifləri arasında ən dayanıqlı olduğu təsdiqlənmişdir. Bu cinsdən olan ipək sapın qırılma yükü 6,1˖10-3N/tex təşkil edir.

Biz də öz növbəmizdə, müasir ipəkçilik sənayesi üçün yüksək texnoloji xassələrə malik və maya dəyəri aşağı olan vəhşi ipək əldə etmək, bununla da müasir biotexnologiyaların əsas məsələlərindən olan daha yüksək keyfiyyətlərə malik yeni biomaterialların axtarışına töhfə vermək üçün bu istiqamətdə tədqiqatlara başladıq. Həmçinin ölkəmizdə zəngin meşələrin və əlverişli şəraitin olması məhz yerli vəhşi ipək qurdlarının tapılması, öyrənilməsi və hətta gələcəkdə kümxana şəraitində yetişdirilməsi barədə düşünməyə əsas verdi.

Respublikamızda bu cinslərin yerli növlərinin axtarılması üçün geniş perspektivlər olduğunu nəzərə alaraq, Azərbaycanın şimal-qərb regionunun yaşıl meşə və dağ-meşə massivlərində axtarışlara başladıq. 30 may 2018-ci il tarixində Şəki rayonunun Baş Şabalıd kəndi ərazisində, gecə işıqlı pərdə tələsi vasitəsi ilə Lepidoptera dəstəsi Saturniidae fəsiləsinə aid olan Saturniya pyri-nin bir cüt dişi və erkək kəpənəyini tutub, onların cütləşməsindən sonra laboratoriya şəraitində, dişi kəpənəyin yumurtalarına xüsusi inkubasiya və bəsləmə üsulu tətbiq etməklə, son məhsul – barama alındı. İlk dəfə olaraq laboratoriya şəraitdə “Böyük gecə tovuzgözlüsü” və ya armud saturniyası (Saturnia pyri) – kəpənəyini yetişdirməyə nail olundu. Artıq üçüncü ildir ki, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin laboratoriyasında Saturnia pyri vəhşi ipəkqurdları bəslənilir və təbii ipək lifləri alınır. Təbii ki, yanaşı olaraq bu sahədə tədqiqatlarımız davam etdirilir. İş üzrə əldə etdiyimiz ilkin nəticə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin 2021-ci il 21 may tarixli qərarı ilə “Vəhşi ipəkqurdunun yetişdirilməsi üsulu” ixtirası kimi qiymətləndirilib. Bu ixtira elmi və təsərrüfat əhəmiyyətinə malik olmaqla “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” üzrə Şəki Regional Elmi Mərkəzinin tədbirlər planının “Baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübənin yeni üsul və texnologiyalarının öyrənilməsi və tətbiqi” istiqamətində yerinə yetirilən ilk tədqiqat işidir.

- Şəki Regional Elmi Mərkəzində üzərində tədqiqatlar aparılan armud saturniyası vəhşi ipəkqurdları hansı üstünlüklərə malikdir?

- Hazırda laboratoriya şəraitində apardığımız müşahidələr əsasən yerli növ armud saturniyası Saturnia pyri vəhşi ipəkqurdları üzərində cəmlənmişdir. Nəsli bir sıra ölkələrdə tükənməkdə olan bu həşəratın qanadlarında tovuzquşunun quyruğunda yer alan diskvarı gözəbənzər ləkə olduğundan Saturnidilər və ya Tovuzgözlülər adlanırlar. Vəhşi şəraitdə yaşayan Saturnia pyri-nin iri kəpənəklərinin əsas arealı Orta və Cənubi Avropa, Qafqaz, Kiçik Asiya və İran ərazilərini əhatə edir. Həmin növ Azərbaycanın yaşıl dağətəyi və dağlıq ərazilərində də qeydə alınmışdır. Armud saturniyasının məhz ipək istehsalı sahəsində, yəni baramasının tədqiqi ilk dəfə olaraq Cənubi Qafqazda – bizim laboratoriyada aparılır. 2019-cu ilin noyabr ayının 19-da Yaponiyanın Tsukuba şəhərində, Beynəlxalq İpəkçilik Assosiasiyasının 25-ci konfransında bizim çıxışımız zamanı məlum oldu ki, bəlkə də dünyada bu növdən vəhşi ipəkqurdu kimi istifadə etmək təcrübəsi ilk dəfə olaraq məhz AMEA Şəki Regional Elmi Mərkəzi və Zoologiya İnstitutunun əməkdaşlarına nəsib olmuşdur.

Armud saturniyası vəhşi ipəkqurdunun baramasından hazırlanan ipək qəhvəyi rəngə və təbii parlaqlığa malikdir. Ümumiyyətlə, vəhşi ipək yuxarıda qeyd etdiyimiz kimi, tut ipəkqurdunun ipəyindən fərqli olaraq daha davamlı təbii liflərdən biridir, tut ipəkqurdunun ipəyindən 2 qat möhkəmdir, möhkəmliyinə görə poladla müqayisə edilə bilər. Vəhşi ipək lifləri digər toxuculuq lifləri ilə yaxşı uzlaşır və birgə toxuculuqda istifadə oluna bilir. Bu liflər texnoloji parametrlərini dəyişmədən +140°C temperatura davam gətirir.

Saturnia pyri ipəkqurdunun ipəyi tut ipəkqurdunun ipəyi kimi elektrik cərəyanını keçirmir və ultrabənövşəyi şüalara davamlılığı tut ipəkqurdunun ipəyindən çox üstündür. Bu ipəkdən qalın və istifadəyə dayanıqlı olan parça istehsal etmək mümkündür. Qədim dövrlərdə vəhşi ipəyə “imperial ipək” də deyilirdi, çünki bir zamanlar yalnız imperatorlar və yüksək məqamlarda olan insanlar o ipəkdən, əsasən palıd ipəkqurdundan alınan ipəkdən paltar geyinərdilər.

- Armud saturniyası ipəyinin sənayedə geniş tətbiqi hansı yeniliklər gətirə bilər?

- Məsələyə iqtisadi baxımdan yanaşmaq üçün Saturniya pyri-nin becərilməsindən alınan məhsulların tətbiq olunma potensialına malik sahələrini araşdırmaq lazımdır. Keyfiyyətli Saturnia pyri ipəyindən yüksək texnoloji biomateriallar, tibbi-cərrahi tikiş üçün saplar, eksklüziv ipək parçalar əldə etmək mümkün olacağını düşünürük. Adı çəkilən ipək liflərdən alınmış məlhəmlərin müvəffəqiyyətlə protein maskaları üçün də istifadə olunacağına və bu növün fibroinindən daha mükəmməl implantlar və orqan matrisləri yaradılacağına inanırıq.

Dünya təcrübəsində əldə edilən nailiyyətlərdən məlum olur ki, hətta digər Tovuzgözlülərin (palıd ipəkqurdu növü kimi) pupu müxtəlif tibbi kosmetika, qida məhsulları (yağlar, ədviyyatlar) üçün ilkin material kimi istifadə oluna bilər. Bundan başqa, pupdan heyvandarlıqda, quşçuluqda yem əlavəsi kimi istifadə edilməsi mümkündür. Qeyd edək ki, 1 kiloqram kütləyə malik pup yem əlavəsi olaraq 2,5 kiloqram əti əvəz edir.

Armud saturniyası tırtıllarının fekaliləri istixana və bağ bitkiləri yetişdirilməsi zamanı zəngin mikroelementli gübrələr və ya kompost kimi istifadə oluna bilər.

Saturnia pyri-nin ipəyinin  xammal kimi əldə edilməsi üçün ciddi sənayə becərilməsi ilə məşğul olunarsa, bunun üçün yem bazasının yaradılması lazım gəlir. Bu məqsədlə spesifik bağların salınması zəruridir. Bu da birmənalı şəkildə bağçılığın inkişaf edən sektora çevrilməsinə və yeni iş yerlərinin açılmasına imkan verəcəkdir.

Qeyd edək ki, armud saturniyası ipəkqurdunun yetişdirilməsi, həmçinin də onun ipəyinin emalının hər bir mərhələsində meydana çıxan məhsullar istifadəyə yararlı olub, tullantısız texnologiyanın yaradılmasına töhfə verəcəkdir.

Bütün bunlar Azərbaycanda vəhşi ipəkqurdunun yetişdirilməsi ilə bağlı görülən işlərin ümidverici perspektivə malik olduğunu və yaxın gələcəkdə bu istiqamətin ölkə ipəkçiliyinin yeni bölmələrindən biri ola biləcəyini deməyə əsas verir. Vəhşi ipəkqurdu sənayenin canlanmasına, on minlərlə yeni iş yerinin açılmasına, eləcə də ipək və ipək materiallarının istehsalının artmasına kömək edəcəkdir. Çünki daxili və xarici istehlakçılar arasında, əsasən də biotibb və nanotexnologiyalar sahəsində bu məhsullara böyük tələbat var və onların ixracı ölkəyə xarici valyuta axınına imkan verəcək.

- Necə düşünürsüz, Saturnia pyri “vəhşi” ipəyi gələcəkdə Azərbaycanın ipəkçilik sənayesinə hansı töhfələri verəcək?

- AMEA-nın Şəki Regional Elmi Mərkəzi yerli növ olan Armud saturniyasının gələcəkdə qeyri-tut ipəyi sektoru kimi inkişafına nail olunmasında maraqlıdır. Mərkəz bu istiqamətdə bütün zəruri tədbirləri görür, bu ipəkqurdlarının bioloji dayanıqlı, yüksək məhsuldar populyasiyasının yaradılması vəzifəsini həyata keçirir. Düşünürük ki, vəhşi ipəkqurdları ipəkçiliyi respublikamızın ərazisində də başqa ölkələrdə olduğu kimi, sənaye miqyasına çatdırıla bilər. Bunun üçün hər cür imkanlar mövcuddur və əlbəttə ki, bu məqsədlə Çin, Yaponiya və Hindistan kimi qeyri-tut ipəkçiliyi ilə məşğul olan dövlətlərin qabaqcıl təcrübəsi və tədqiqatları ilə tanış olmaq lazım gəlir. Ona görə də, Şəki Regional Elmi Mərkəzində həmin istiqamətdə böyük uğurlar qazanan Hindistanın İpək və Tekstil Sənayesi Nazirliyinin Muğa-Eri Elmi Tədqiqat və Tədris Mərkəzinin elmi işçisi Rajeş Kumar ilə görüş təşkil edilmişdi. Onun səfəri 2018-ci il avqustun 3-dən 5-dək baş tutmuş və görüş çox məhsuldar olmuşdur. Rajeş Kumar özünün tədqiq etdiyi Saturniidae fəsiləsinə aid olan 7 bioloji müxtəlifliyə malik vəhşi ipəkqurdları haqqında geniş məruzə etmişdir. O, vəhşi ipəkqurdu tırtıllarının bəslənməsi ilə əlaqədar bir sıra xüsusi aqrotexniki tədbirlər barədə olan təcrübəsini bizimlə bölüşmüşdür.

Bundan əlavə, Hindistanın Banqalor şəhərində yerləşən Beynəlxalq İpəkçilik Mərkəzinin nəzdində fəaliyyət göstərən Maysur Elmi Tədqiqat və Treninq Mərkəzində şəxsən 1-31 dekabr tarixlərində təlim almağım adıçəkilən elmi mərkəzdə kümxana spesifikliyi, aparılan dezinfeksiya işləri, material və metodika, biokimyəvi hesablamalarla və başqa mühüm informasiya ilə yaxından tanış olma imkanı yaratdı. Hindistanda aldığım bilikləri və vəhşi ipəkqurdları növlərinin baramaları və ipək lifləri üzərində aparılan texnoloji tədqiqat metodları haqqında topladığım məlumatları mərkəzimizin ipəkçi alimləri və yardımçı işçiləri ilə hər zaman bölüşürəm. Həmçinin mövcud meşə və bağlarımızın zənginliyini diqqətə alaraq, vəhşi ipəkqurdlarının becərilməsinin müsbət perspektivi olduğunu və bu sahədə biznes qurmaq üçün geniş imkanların mövcudluğunu nəzərə alaraq, düşünürəm ki, təcrübələrimiz davam etdikcə aldığımız nəticələri mütəmadi olaraq yerli və xarici elmi nəşriyyatlarda işıqlandırmalıyıq.

Hazırda bu istiqamətdə tədqiqatların genişləndirilməsi, daha uğurlu nəticələrin əldə olunması, məhsuldarlığın daha da artırılması üçün bütün zəruri işlər görülür. Həyata keçirilən tədbirlər gələcək hədəflərin icrasına yönəldilib. Tədqiqatın həcminin genişləndirilməsi məqsədilə gələcəkdə yetişdirilməsi tələb olunan qədər ipəkqurdu becərilməsi üçün lazımi şəraitin müəyyən olunması nəzərdə tutulur. Bunun üçün bütün zəruri resurslar səfərbər olunub. Belə ki, Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlünün dəstəyi ilə Ağdaş rayonundan lazımi qədər gilas tingləri gətirilərək bağ salınıb. Hazırda yem bazasının hazırlanması istiqamətində işlər görülür. Düşünürük ki, yetişdirilən vəhşi ipəkqurdlarını gələn il bu bağla təmin etmək mümkün olacaq.

Gələcəkdə qeyd olunan tədbirlər tətbiq edilərək, Qarabağ da daxil olmaqla bütün Azərbaycan ərazilərində ekoloji cəhətdən təmiz, çoxfunksionallı, çoxprofilli, “ağıllı” ipəkçi kəndlər yaradılacaq, əhalinin aztəminatlı hissəsini yüksək yaşayış səviyyəsi ilə təmin edə biləcək istehsal modeli hazırlanacaqdır. Bu günə qədər Azərbaycanda kiçik biznesin və özəl sahibkarlığın inkişafı üçün geniş imkanlar və əlverişli şərait yaradılıb. Bundan sonra da qloballaşma və artan rəqabət şəraitində ölkənin gələcək davamlı və sürətlə inkişafı üçün köklü yeni ideya və prinsiplərin işlənib hazırlanması və tətbiqi istiqamətində ipəkçiliyin xüsusi rolu olacaqdır.

Prezident İlham Əliyev hər zaman ipəkçiliyin inkişafına xüsusi diqqət yetirir və bu sahədə dövlət dəstəyini gücləndirmək üçün bir sıra sərəncamlar imzalayıb. “2018-2025-ci illər üçün ipəkçiliyin və barama emalının inkişafına dair Dövlət Proqramı”nda deyilir ki, qeyri-neft sektorunu inkişaf etdirmək üçün tədbirlər çərçivəsində qədim adət-ənənələrin və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən birinə çevrilməlidir. Proqramın icrası ipəkçiliyə dövlət dəstəyinin gücləndirilməsinə, ölkədə bu sahənin inkişafına və göstərilən istiqamətdə ixrac potensialının çoxaldılmasına, kənd əhalisi arasında məşğulluğun artırılmasına yönəlməlidir.

Azərbaycan ipəkçiliyinin dünya şöhrətini geri qaytarmaq və yeni istiqamətləri, innovativ metodları araşdırmaq və tətbiq etmək üçün biz - ipəkçi alimlər öz üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Araşdırmamız bizə onu deməyə imkan verir ki, yerli növ olan vəhşi ipəkqurdu Armud saturniyasının respublikamızda geniş istehsalı mümkün olacaq. Güman edirik ki, Saturnia pyri Azərbaycanın vəhşi ipəkqurdu növü kimi dünyada tanınacaq və Böyük Qafqazın şimal və cənub regionlarında geniş tətbiq olunacaqdır.

- Dünya səviyyəsində vəhşi ipəkqurdları ilə məşğul olan tədqiqatçı alimlərin və ipəkçi mütəxəssislərin yer aldığı tədbirlərdə Saturnia pyri vəhşi ipəkqurdunun yetişdirilməsi üsulu barədə məruzə etmisinizmi?

- 19-22 noyabr 2019-cu il tarixlərində Yaponiyanın Tskuba şəhərində keçirilən, Yaponiya, Hindistan, Rumıniya, Bolqarıstan, İran, Çin, Tayland və s. ölkələrin aparıcı ipəkçi alimlərinin iştirak etdiyi 25-ci İpəkçilik Elmi və İpək Sənayesi Beynəlxalq Konqresində AMEA Şəki Regional Elmi Mərkəzinin numayəndəsi olaraq məruzə ilə çıxış etmişəm. Məruzəm çox böyük maraqla qarşılanıb və geniş diskussiya üçün şərait yaradılıb. Qəbul olunub ki, Saturnia pyri-ni ipəkçilik sənayesinə ilk gətirən Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarıdır. Konqres çərçivəsində ipəkçiliyin inkişafı ilə bağlı aktual mövzularda məruzələr dinlənilib, barama istehsalının müasir elmlə, yüksək texnologiyalarla əlaqəsi, təbii ipəyin smart biomateriallar istehsalında rolu və prespektivləri müzakirəyə çıxarıb, onların həlli yolları barəsində fikirlər səsləndirilib.

Qeyd etmək istərdim ki, AMEA-nın Şəki Regional Elmi Mərkəzində fəaliyyət göstərən Tut ipəkqurdu seleksiyası şöbəsində tut ipəkqurdunun yeni cinslərinin və hibridlərinin yaradılmasına, mövcud cins və hibrid nəslinin qorunub saxlanmasına, sənayedə tətbiqinə böyük diqqət yetirilir. Mərkəzin rəhbərliyi dünyada ipəkçilik sənayesinin inkişafını çox yaxından izləyir, nümayəndə heyətimiz beynəlxalq konfrans və simpoziumlarda fəal iştirak edirlər. Qara dəniz, Xəzər dənizi və Asiya dövlətlərinin ipəkçi alimlərini birləşdirən beynəlxalq qurum olan BACSA-da Azərbaycan Respublikası üzrə əlaqələndirici və BACSA-nın mərkəzi komitəsinin üzvü AMEA-nın Şəki Regional Elmi Mərkəzinin baş direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü qurumun konfransları, eləcə də digər tədbirlərinin təşkilində yaxından iştirak edir. 2020-ci ildə COVID-19 pandemiyasının çətinliklərinə baxmayaraq, Mərkəzimiz BACSA-nın, eləcə də Kuba, Argentina, Venesuela, Keniyanın ipəkçi alimləri ilə daim onlayn formatda əlaqə saxlamaqda davam edir.

Modern mexanizasiyanın və avtomatlaşdırmanın geniş tətbiqi ilə yanaşı, müasir kümxanalarda texnologiyaların təkmilləşdirilməsinə yönəlmiş işlər xüsusi maraq doğurur. Çünki bu yeniliklərin tətbiq edilməsi ilə əmək məhsuldarlığında və məhsulun keyfiyyətində artım müşahidə olunur. Bu tədqiqatların nəzəri və praktiki əhəmiyyəti qeyri-tut vəhşi ipəyinin də ipək sənayesinə gəlməsini sürətləndirəcəkdir.

- AMEA-nın Zoologiya İnstitutunun dissertantısınız və Saturnia pyri vəhşi ipəkqurdunun tədqiqi dissertasiya işinizin əsasını təşkil edir. Bu barədə məlumat verməyinizi istərdik.

- Artıq dörd ildir ki, AMEA Zoologiya İnstitutununun dissertantıyam və biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya işi üzərində çalışıram. Elmi rəhbərim AMEA Zoologiya İnstitutunun Quru onurğasızlar laboratoriyasının müdiri, biologiya elmləri doktoru, dosent Gülzar Mustafayevadır.

Digər rəhbərim isə vəhşi ipəkqurdları ilə iş üzrə böyük təcrübəyə malik Hindistanın İpəkçilik Nazirliyinin Pampur Mərkəzi İpəkçilik Elmi-Tədqiqat və Tədris İnstitutunun alimi Rajeş Kumardır.

Müsahibəni apardı: Nərgiz Qəhrəmanova, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin sektor müdiri