AMEA-nın Şəki Regional Elmi Mərkəzinin alimlərinin növbəti elmi fəaliyyətləri
İyn 07, 2021 | 10:00

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları yeni elmi nəaliyyət əldə etmişlər.

Elmi Mərkəzin “Tut ipək qurdunun seleksiyası” şöbəsinin elmi işçisi, AMEA-nın Zooloiya İnstitutunun dissertantı Zərintac Şükürovanın yerinə yetirdiyi dissertasiya işi üzrə əldə etdiyi ilkin nəticə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin 21 may 2021-ci il tarixli Qərarı ilə “Vəhşi ipəkqurdunun yetişdirilməsi üsulu” ixtira kimi qiymətləndirilmiş və buna dair məlumatların Agentliyin “Sənaye mülkiyyəti” büllütenində dərc olunması haqqında ekspertiza rəyi verilmişdir. İxtiranın müəllifləri  Şəki REM-in “Tut ipək qurdunun seleksiyası” şöbəsinin elmi işçisi Z.Şükürova, ŞREM-in direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Y.Şükürlü, ŞREM-in elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru F.Əzizov, ”Tut ipək qurdunun seleksiya şöbəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru, dosent  Q.Bəkirovdur.

Hazırda qeyd olunan mövzu üzrə elmi-tədqiqat işləri davam etdirilir. Təklif olunan ixtira üzrə yenilik ondan ibarətdir ki, Saturniidae ailəsinə aid olan “Saturnia pyri” vəhşi ipəkqurdunun məhz ipəkçilik üçün yetişdirilməsi, ondan parametirlərinə yüksək davamlılıq qabiliyyətinə malik olan spesifik ipək alınmışdır.

İlkin nəticələr göstərir ki, ənənəvi  tut ipəkqurdu (Bombyx mori) ipəyi ilə müqayisə etdikdə Saturniya pyri-nin ipəyinin lifləri davamlıdır, ondan iki dəfə möhkəmdir, digər toxuculuq lifləri ilə yaxşı uzlaşır.

Tut ipək qurdundan fərqli olaraq onlar heteretrof canlıdır: armud, alma, alça, gilas və digər meyvə və giləmeyvə bitkilərinin yarpaqları ilə qidalanırlar.

Adı çəkilən ixtira elmi və təsərrüfat əhəmiyyətinə malik olub “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” üzrə AMEA-nın Şəki Regional Elmi Mərkəzinə tapşırılmış Tədbirlər Planının “Baramaçılıq və ipəkçilik sahəsində qabaqçıl təcrübənin yeni üsul və texnologiyaların öyrənilməsi və tətbiqi” istiqamətində yerinə yetirilən ilkin tədqiqat işidir.

Elmi Mərkəzin alimləri hazırda bu istiqamətdə tədqiqatların dairəsini genişləndirmiş daha uğurlu nəticələr əldə  etməyi planlaşdırırlar.