Folklorşünaslıq və el sənətləri şöbəsinin əməkdaşları beynəlxalq konfranslarda iştirak etmişlər
Fev 24, 2021 | 06:00

Şəki REM-in Folklorşünaslıq və el sənətləri şöbəsinin əməkdaşları 2021-ci ilin əvvəlindən əvvəlki illərin ənənəsinə sadiq qalaraq bir neçə beynəlxalq tədbirlərdə məruzə ilə çıxışı etmişlər. Şöbə rəhbəri Pakizə Əliyeva 22-24 yanvar 2021-ci il tarixində Türkiyənin Afyonkarahisar şəhərində təşkil olunan IV Cümhuriyyət Beynəlxalq Sosial Elmlər Konqresində (Cumhuriyet 4.Uluslararası Sosyal Bilimler Konqresi, UBAK) “Arif Abdullazadənin poema yaradıcılığlı” adlı məruzə ilə çıxış etmişdir.

Əməkdaşlarımızın qatıldığı növbəti belə tədbir 7-8 fevral 2021-ci il tarixində təşkil olunan V Paris Beynəlxalq Sosial Elmlər Konfransı (5.İnternational Paris Conference of sosial sciences, İKSAD) olmuşdur. Bu konfransda Folklorşünaslıq və el sənətləri şöbəsinin aparıcı elmi işçisi, dosent Ulduz Mürşüdova “Azərbaycan xalqı və Şimali Amerika hindu tayfalarının müdrik kəlamlarının müqayisəli təhlili”, şöbə rəhbəri Pakizə Əliyeva isə “Arif Abdullazadə poeziyasında vətənpərvərlik” mövzusunda məruzə etmişlər. Pakizə Əliyeva həmçinin 11-12 fevral 2021-ci il tarixlərdə İKSAD-ın Bakı Qızlar Universiteti ilə birgə təşkil etdiyi II Beynəlxalq Dünya Qadın Konfransında (II International World Woman Conference) “Arif Abdullazadə poeziyasında qadın” adlı məruzə iştirak etmişdir.

Şöbənin aparıcı elmi işçisi, dosent Ulduz Mürşüdova 19-21 fevral 2021-ci il tarixində keçirilən Tokyo IV Beynəlxalq Yeni Dünyada Əlaqələr Konqresinə “Azərbaycan xalqı və Şimali Amerika hindu tayfalarında qadına münasibət: müqayisəli təhlil” adlı məruzə ilə qatılmışdır. Hazırki dövrdə mövcud pandemiya şəraiti səbəbindən onlayn formatda reallaşdırılan bütün bu tədbirlərdə əməkdaşlarımızın məruzələri və təqdimatları maraqla qarşılanmış, onlara iştirakçı sertifikatları göndərilmiş və məruzələrinin mövzuları konfrans materialları içərisinə salınmışdır. Müasir dünyada elmin populyarlaşdırılmasının əsas vasitələrindən hesab olunan konfrans, simpozium, konqres və bu qəbildən olan tədbirlərdə əməkdaşlarımızın yeni araşdırmalarla təmsil olunması ilə əlaqədar işlər davam etdiriləcəkdir.