AMEA Şəki Regional Elmi Mərkəzin baş elmi işçisi, prof. Firədun İbrahimovun “Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi metodikasından mühazirələr” adlı dərs vəsaiti işıq üzü görmüşdür.
Yan 27, 2020 | 09:00

Dərs vəsaitində riyazi anlayışların və onların formalaşması prosesinin təbiəti açılır, təriflərin öyrədilməsi yoluna aydınlıq gətirilir, “hökm”, “aksiom”, “teorem” anlayışları şərh olunur və riyaziyyatın təlimində funksiyaları göstərilir, bunların təlimin məqsəd və vasitəsi kimi intepretasiyası verilir. Sual, məsələ və digər növ tapşırıqların riyaziyyatın tədrisində mühüm vasitə olduğu əsaslandırılır, təlimin priyom və metodlarına, onların nomenklaturası və təsnifatına elmi şərhlər verilir, real pedaqoji prosesə daxil edilməsi yolları işıqlandırılır, fəal (interaktiv) təlimin təşkilat formasının mərhələləri, onların xüsusiyyətləri göstərilir, qiymətləndirmə mexanizmləri, qiymətləndirmə formaları, üsul və vasitələri, meyarlarından ətraflı bəhs edilir.

Vəsaitdə X-XI siniflərin nümunəsində riyaziyyatın tədrisində məzmun standartlarının reallaşdırılma texnologiyasının şərhi verilir.

Dərs vəsaiti pedaqoji təmayüllü ali məktəblərdə, universitetlərdə “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr, ümumtəhsil məktəblərində işləyən riyaziyyat müəllimləri üçün nəzərdə tutulmuşdur. Magistrantlar və doktorantlar bu vəsaitdən faydalana bilər.