“Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsi
Noy 25, 2019 | 08:38

25 noyabr 2019-cu il tarixində  ADPU-nun Şəki filialında Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzi,  ADPU-nun Şəki filialı və ŞREM-in Gənc alim və mütəxəssislər şurasının birgə təşkilatçılığı ilə Şəki rayonun ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsi keçirilmişdir. Müsabiqə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər planı çərçivəsində təşkil olunmuşdur. Müsabiqənin keçirilməsində məqsəd gənclər arasında Nəsimi yaradıcılığı, ədəbiyyatımız, milli-mənəvi dəyərlərimiz, eləcə də elmə marağın artırılmasıgənclərin dünyagörüşünün inkişaf etdirilməsidir.

Müsabiqəyə Şəki şəhərinin 1, 2, 5, 6, 8, 9, 10, 11, 17 və 18, rayonun Aşağı Göynük, II Biləcik, Baş Şabalıd, Şorsu və Suçma kənd ümumtəhsil məktəblərindən 40 şagird qatılmışdır. Xatırladaq ki, müsabiqəyə qeydiyyat əvvəlcədən elan olunmuş şəkildə elektron poçt vasitəsilə aparılmışdır.

Əvvəlcə ADPU-nun Şəki filialının akt zalında iştirakçılar, müəllim və valideyinlərlə görüş keçirilmişdir. Görüşü açan ADPU-nun Şəki filialının “Humanitar fənlər” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru V.Baxışov iştirakçıları salamlayaraq müsabiqənin məqsədini qısaca açıqlamış, iştirakçılara uğurlar diləmişdir. Bundan sonra AMEA Şəki Regional Elmi Mərkəzin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri P.Zakirova müsabiqə iştirakçılarına essenin yazılmasına verilən tələblər, vaxt, yazıların qiymətləndirilməsinin prosedur qaydaları və s. haqqında geniş məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır. Sonda AMEA ŞREM-in Gənc alim və mütəxəssislər şurasının sədri R.Həsənov öz ürək sözlərini ifadə edərək iştirakçılara müvəffəqiyyətlər arzulamışdır.

Daha sonra şagirdlər 80 dəqiqə vaxt ərzində esseləri yazmışlar. Esselər bu sahədə yetərincə təcrübəsi olan, AMEA ŞREM və ADPU-nun Şəki filialının professor və müəllim heyəti arasından təşkil olunmuş münsiflər heyəti tərəfindən yazı müsabiqəsinin keçirildiyi tarixdən sonra, 5 gün müddətində qiymətləndiriləcək. Orijinal və yazı qaydalarına düzgün riayət olunaraq tərtib olunmuş nümunələr seçildikdən sonra 1-ci yer (1 nəfər), 2-ci yer (2 nəfər), 3-cü yer (2 nəfər) və həvəsləndirici (3 nəfər) olmaqla mükafatlandırılacaq.