Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə Dahi Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş Elmi-praktik konfrans keçirilmişdir.
Okt 19, 2019 | 01:44

19 oktyabr 2019-cu il tarixdə Zaqatala şəhərində Zaqatala rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzi və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə Dahi Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş Elmi-praktik konfrans keçirilmişdir. Konfrans iştirakçıları öncə Heydər Əliyev Mərkəzi binası önündə ucaldılmış Ulu Öndərin heykəli qarşısına gül dəstələri qoymaqla xatirəsini ehtiramla yad etmişlər.
Zaqatala şəhərinə konfransda iştirak etmək məqsədilə təşrif buyurmuş müsafirlər Heydər Əliyevin heykəli qarşısında xatirə şəkilləri çəkdirmişlər. Elmi-praktik konfrans Heydər Əliyev Mərkəzinin Böyük zalında saat 1000-da işinə başlamışdır.
Konfrans iştirakçılarını Zaqatala rayon İcra Hakimiyyətinin nümayəndəsi salamladıqdan sonra AMEA Şəki Regional Elmi Mərkəzin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü giriş nitqi söyləmişdir. Tarix üzrə fəlsəfə doktoru, ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının müdiri Vüsal Baxışov “Nəsimi dövrünün tarixi-siyasi aspektdən özəllikləri” mövzusunda məruzəsi ilə konfransın işinə davam vermişdir. Elmi-praktik konfransın gündəliyinə uyğun olaraq ŞREM-in “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi, ADPU-nun Şəki filialının baş müəllimi, filol. ü.f.d. Kamil Adışirinov “Nəsimi Azərbaycan elmi və bədii ədəbiyyatda”, ADPU-nun Şəki filialının baş müəllimi, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin rəhbəri Vaqif Aslan “Nəsimi yaradıcılığında sufi rəmzləri”, filol. ü.f.d. Həşim İsmayılov “Nəsimi obrazı musiqi, incəsənət və bədii ədəbiyyatda”, ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi Həbibulla Manaflı “Hürufilikdə Həllac Mənsur və Nəsiminin yolu: eyniliklər və fərqliliklər”, Zaqatala MKS direktoru Gülniyar Məmmədova “Nəsimi yaradıcılığı milli-mənəvi varlığımızın tərkib hissəsidir”, ŞREM-in “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri, doktorant Pakizə Zakirova “Orta əsrlər hurufizm” mövzularında təqdim etdikləri məruzələr elmi-praktik konfrans iştirakçıları tərəfindən xüsusi maraqla qarşılanmışdır. Konfrans iştirakçılarını maraqlandıran bir çox məsələlərə məruzəçilər tərəfindən aydınlıq gətirilmişdir.
Konfransın işinə qatılan Tahirə Türkmən (Sultan) çıxış üçün icazə almış və onun çıxışı da konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Konfransın işini ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü yekunlaşdırmış, Zaqatala rayon İcra Hakimiyyətinin məsul nümayəndəsi təqdim olunmuş məruzələrə elmi dəyər verməklə İcra başçısının və şəxsən özünün adından məruzəçilərə minnətdarlığını bildirmişdir.
ŞREM-in rəhbərliyi Zaqatala şəhər Heydər Əliyev Mərkəzinə kitablar hədiyyə etmişdir.