ŞREM-in baş elmi işçisi, Pedaqogika üzrə elmlər doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Firədun Nadir oğlu İbrahimovun “Orta Ümumtəhsil Məktəblərində Riyazi Təhsilin Fəlsəfəsi, Didaktikasi, Həyatakeçirilmə Texnilogiyasi” adlı dərs vəsaiti işıq üzü görmüşdü
Apr 09, 2018 | 12:57

      Dərs vəsaitində XXI əsrin çağırışları və bu çağırışlara adaptasiya oluna bilən şəxsiyyətin keyfiyyətləri, təhsilin bəşər təcrübəsinin mənimsənilməsi prosesi olması, məktəb dünyasının texnodemokratik-informasiya cəmiyyətində ehtivası, təhsilin həyata keçirilməsinin fəlsəfi, məntiqi, psixoloji, didaktik əsasları , ümumtəhsil sistemində riyazi təhsilin mövqeyi (dəyəri) , riyazi bilik, bacarıq , vərdişlərin ötürülməsinin nəzəriyyə və texnologiyasının inkişaf səviyyəsi və tendensiyası, riyaziyyat fənn kurikulum modelinə əsaslanan fəal təlimin verdiyi üstünlüklər və onun əsas komponentlərinin fəaliyyət və ünsiyyətinin yeni təfəkkür tərzinə uyğun nizamlanması və s. ümumtəhsil məktəblərində riyazi təhsilin və onun həyata keçirilməsi prosesinin məzmun və professual dəyişikliklərinin asılı olduğu bir-biri ilə bağlı arqumentlər kimi təqdim olunur. Riyazi anlayışların və onların formalaşması prosesinin təbiəti açılır, təriflərin öyrədilməsi yoluna aydınlıq gətirilir, “hökm”, “aksiom”, “teorem” anlayışlarına elmi şərhlər verilir və riyaziyyatın təlimində funksiyaları göstərilir, bunların təlimin məqsədi və vasitəsi kimi intepretasiyasi verilir. Sual, məsələ və digər növ tapşırıqların riyaziyyatın tədrisində mühüm vasitə (vasitələr sistemin mühüm  komponentləri) olduğu əsaslandırılır,təlimin priyom və metodlarına , onların nomenklaturası və təsnifatına elmi şərhlər verilir, real pedaqoji prosesə daxil edilməsi yolları işıqlandırılır, fəal (interaktiv) təlimin təşkilat formasının mərhələləri, onların xüsusiyyətləri göstərilir, qiymətləndirmə mexanizmləri, qiymətləndirmə formaları , üsul və vasitələri , meyarları barədə ətraflı bəhs olunur. Vəsaitdə V-IX siniflərin nümunəsində riyaziyyatın tədrisində məzmun standartlarının reallaşdırılma texnologiyasının şərhi verilir.

            Dərs vəsaiti pedaqoji təmayüllü ali məktəblərdə , universitetlərdə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasları üzrə təhsil alan tələbələr, ümumtəhsil məktəblərində işləyən riyaziyyat müəllimləri üçün nəzərdə tutulmuşdur. Magistrantlar və doktorantlar bu vəsaitdən faydalana bilərlər