Zaqatala rayonunda İpəçkiliyin inkişafına dair elmi seminar
Sen 27, 2017 | 11:24

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanın şimal-qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketi və aqro-ekoloji modelin işlənib hazırlanması” layihəsi çərçivəsində “Azərbaycanda ipəkçiliyin müasir innovativ texnologiyalarla inkişafı” mövzusunda Zaqatala rayonunda seminar keçirilmişdir.

Seminar Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı və Zaqatala rayon İcra Hakimiyyətinin dəstəyi və AR% Kənd Təsərrüfatı nazirliyinin Zaqatala Kənd Təsərrüfatı idarəsinin rəhbərliyinin köməkliyi ilə reallaşmışdır.

Zaqatala rayon İcra Hakimiyyətinin aqrar məsələlər üzrə müavini İlkin Şəfizadə  seminarda giriş sözündən sonra Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə PhD dosent Yusif Şükürlü layihənin məqsəd vəzifələrinə və əhəmiyyətliyinə dair məlumat verdikdən sonra müzakirə edilən mövzuya dair “Ekoloji təmiz ipək istehsalında innovasiyaların tətbiqi” barəsində geniş məruzə etmişdir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunun elmi işlər üzrə direktor müavini biologiya üzrə PhD, Nizami Hümmətov “Torpaq xassələrinin dəyişməsinin bitkilərin inkişafına və məhsuldarlığına təsiri” mövzusunda, nazirliyin Qax Damazlıq Stansiyasının rəisi Əkrəm Fətəliyev “Barama toxumu istehsalında bu günki vəziyyət və inkişaf perspektivləri”  mövzusunda, nazirliyin Zaqatala Kənd Təsərrüfatı idarəsinin rəisi Xalis Mahalov “Zaqatala rayonunda baramaçılığın mövcud vəziyyəti və qarşıda duran vəzifələri”, AMEA Genetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, biologiya üzrə PhD Ayaz Məmmədov “Tut ipək qurdunun molekulyar genetik metodlarla öyrənilməsi” mövzularında təqdimatlar etmişlər.

Tədqim edilən mövzular iştirakçılar tərəfindən maraqla dinlənilmiş, sonda müzakirələr aparılmış, təkliflər qeydə alınmışdır.

Seminarın işində Qax, Zaqatala rayon İcra Hakimiyyəti aparatının və Kənd Təsərrüfatı idarəsinin məsul işçiləri, həmçinin Zaqatala rayonu 20 inzibati ərazisi üzrə nümayəndələri, qabaqcıl kümdarlar, fermerlər, KİV nümayəndələri ümumilikdə 36 nəfər iştirak etmişdir.

İştirakçıların yekdil rəyinə əsasən bu seminarların, kümdarların maarifləndirilməsində xüsusi rolu olduğu qeyd olunmuş və onların gələcəkdə də təşkil edilməsinin vacibliyi vurğulanmışdır.