R.Əfəndiyevin anım günü
Sen 08, 2017 | 07:27

            31.08.2017-ci il tarixdə Şəki şəhəri R.Əfəndiyevin ev muzeyində Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsi, AMEA ŞREM-in Gənc Alimlər və Mütəxəssislər Şurası, Şəki İslam Kollecinin təşkilatçılığı ilə R.Əfəndiyevin vəfatının ildönümü qeyd edildi. Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbə rəhbəri Gündüz Paşayev R.Əfəndiyevin anım gününün qeyd edilməsini Azərbaycan dövlətinin milli ziyalılarımıza verdiyi dəyərin göstəricisi kimi vurğuladı. Tədbirin davamında Şəki bölgə qazısı Kamran əfəndi R.Əfəndiyevin elmi, pedaqoji və dini sahədə göstərdiyi fəaliyyəti, o cümlədən yaşadığı dövrdə dini vəziyyət haqda söhbət açdı.

            AMEA ŞREM-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rahim Həsənov görkəmli pedaqoq, ədib, dramaturq R.Əfəndiyevin nəinki Şəki qəzası çərçivəsində, həmçinin Azərbaycan elminə, ictimaiyyətinə verdiyi tövhələrdən danışdı. R.Əfəndiyevin “Arvad məsələsi” əsərinin əsgi əlifbadan müasir Azərbaycan qrafikasına çevrilərək, ictimaiyyətə təqdim olunduğunu qeyd etdi. Anım gününün sonunda görkəmli mütəfəkkirin ruhuna dua oxundu.