AMEA ŞREM-in doktorantlarının ADPU-nun Şəki filialında tələbələrlə görüşü
İyn 01, 2017 | 04:25

ADPU-nun Şəki filialının Akt zalında məzun olan tələbələrlə baş tutan görüşün gayəsi ilə başlı giriş sözünü universitetin elmi işlər üzrə prorektotu Gülarə Abdullayeva  açaraq tələbələrə gələcək həyatlarında uğurlar arzuladı. Tələbələri dövlətlərin tərəqqisində, xalqların rifahında  mənəvi xeyirxahlığa çağırdı. N.Gəncəvidən misal gətirən Gülarə xanım

Qüvvət elmdədir, başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz.

                                         Hər uca zirvədən, bilin ki, fəqət

                                          Alimin rütbəsi ucadır, əlbət. –

deyərək gəncləri təhsilin yeni pillələrinə səslədi.

Tədbirdə AMEA Şəki Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov “Elmin popularlaşdırlıması dövrün tələbidir” mövzusunda məruzə etdi. Direktor müavini öz çıxışında AR Prezidenti cənab İlham Əliyev 2015-ci ilin noyabr ayında Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr edilmiş yığıncaqdakı çıxışında AMEA-nın strukturlarına daxil olan Bölmələr, Regional mərkəzlər və elmi-tədqiqat İnstitutları, idarələr və təşkilatların, həmçinin digər nazirliklər, komitələr və elmi-tədqiqat idarələri rəhbərlərinə, innovativ elmi-tədqiqatların dairəsinin genişləndirilməsini, gənclərin elmi fəaliyyətə cəlb edilməsinin vacibliyini, Təhsil nazirliyi və onun strukturlarının rəhbərliyinə isə elm ilə təhsilin inteqrasiyasının gücləndirilməsi, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində fəaliyyətlərin yaxşılaşdırılmasını tövsiyə etdiyini qeyd etdi.  Məruzəçi Azərbaycan elminin beynəlxalq elm məkanına uğurlu inteqrasiyasının təşkilində vacib rol oynayan elmin informasiya təminatını gücləndirilməsi, müxtəlif elm sahələri üzrə informasiya resurslarının inkişaf etdirilməsi, elmi-texniki tərəqqinin yenilikləri, nəticələr barədə ictimaiyyətin məlumatlandırılması məqsədilə AMEA strukturunda Elmin populyarlaşdırılması və ictimaiyyətlə əlaqələr idarəsi və o cümlədən Şəki Regional Elmi Mərkəzində müvafiq şöbə yaradılması məsələsinə də toxunmuşdur. Onun sözlərinə görə biliklər iqtisadiyyatı şəraitində innovativ layihələrin müzakirəsi, tətbiqi perspektivləri, müxtəlif elm və texnologiyalar sahəsindəki yeniliklərin populyarlaşdırılması və cəmiyyətdə elmə olan marağı artırmaq məqsədilə “Elm və İnnovasiya” elmi populyar proqram təşkil olunmuş və Azərbaycan televiziyası və Radiosu QSC tərəfindən rubrika açılmışdır. AMEA Şəki Regional Elmi Mərkəzində son iki ildə yuxarıda qeyd olunan istiqamətlərdə, istər gənclərin elmi işlərə cəlb olunması, istərsə də elmin populyarlaşdırılması istiqamətində çoxsaylı tədbirlər yerinə yetirilmişdir. Gənc tədqiqatçılar və alimlərin istər yerli, istərsə də Beynəlxalq elmi konfrans və simpoziumlarda təmsil olunmuş, məruzələrlə çıxışlar etmişlər. 2015-ci ildə gənc tədqiqatçılar Türkiyədə-2 dəfə, Rusiyada-1 dəfə konfransda iştirak etmiş, 12 məqalə və tezis çap etdirmişlər. 2016-cı ildə gənc tədqiqatçılar 3 xarici, 4 yerli konfransda iştirak etmiş, 26 məqalə və tezis dərc etdirmişlər.

İstər Akademiya, istərsə də ŞREM rəhbərliyi gələcəkdə də bu istiqamətdə fəaliyyəti prioritet olaraq nəzərdə saxlayacaq və gənclərə hər sahədə diqqət və qayğını artıracaqdır.

AMEA-nın Ədəbiyyat İnstitutunun rəhbərliyinin və əməkdaşlarının regionlar üzrə elmi kadrların hazırlanmasına əməli köməyi  mövzusunda AMEA-nın Ədəbiyyat İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorantı, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov çıxış etmiş, Akademiya rəhbərliyinə, Ədəbiyyat İnstitutuna və Şəki Regional Elmi mərkəzinin rəhbərliyinə  öz dərin təşəkkürünü bildirdi.

“Elmin gələcəyi gəncliyin potensialından və səyindən çox asılıdır” mövzusunda AMEA Şəki Regional Elmi Mərkəzin elmi işçisi, Coğrafiya İnstitutunun dissertantı Aygün İsmayılova çıxış edərək məqsədli doktorantura istiqamətində AMEA Şəki Regional Elmi Mərkəzinin sifarişini müsbət qarşıladığına, bizə olan inamına, bu yolda göstərdiyi və göstərəcəyi dəstəyə görəAkademiya rəhbərliyinə, Coğrafiya İnstitutunavə Şəki Regional Elmi mərkəzinin rəhbərliyinə  öz dərin təşəkkürünü bildirdi. Məruzəçi öz çıxışında elmin regionlarda təbliği məqsədilə respublika üzrə “Bu günün şagirdi və sabahın alimi”, “Əyləncəli elm” kimi layihələrə start verilib, həmçinin “Məntiqlə düşün” adlı olimpiada, paytaxt və regionlarda fənn olimpiadaları keçirilib. “Ən son elmi nailiyyətlərimiz” adlı ümumrespublika elmi seminarları da şuranın gördüyü işlər dən və bunların əslində Azərbaycan gənclərinin cəmiyyətin inkişafında dövlət dəstəyi olduğunu vurğuladı.

Tədbirin yekun sözünü söyləyən AMEA Şəki Regional Elmi Mərkəzin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü “Arzumuz Azərbaycan elminə yeni töhfələr verməkdir” mövzusunda çıxış etdi. Məruzəsində  2017-ci ildə 1 nəfər fəlsəfə doktoru proqramı üzrə hazırlıq üçün Ədəbiyat İnstitutuna, 1 nəfər Tarix İnstitutuna, 1 nəfər Fizika İnstitutuna, 1 nəfər Radiasiya Tədqiqatları İnstitutuna, 1 nəfər Genetik Ehtiyatlar İnstitutuna, 1 nəfər İqtisadiyyat İnstitutuna, 1 nəfər Zoologiya İnstitutuna, 1 nəfər İnformasiya texnologiyaları İnstitutuna, 1 nəfər Kompüter qurğuları və texnologiyası ixtisası üzrə İnformasiya Texnologiyaları İnstitutuna təhkimtəhkim olunduğunu və bütün bunları region, elecə də Azərbaycanın əqli-mədəni inkişafında öz səmərəsini verməsini arzuladı. Tədbirdə həmin tələbələri məzun olan tələbələrlə tanış edən direktor təhsilin magistratura və doktorantura pilləsində təhsil almaq istəyən tələbələri Şəki Regional Elmi Mərkəzində görmək arzusunda olduğunu bildirdi.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.