Şəki Regional Elmi Mərkəzində Elmi Şuranın növbəti iclası
May 31, 2017 | 04:23

Mayın 30-də Şəki Regional Elmi Mərkəzində Elmi Şuranın iclası keçirildi. İclası açıq elan edən mərkəzin direktoru   f.ü.PhD.dos. Yusif Şükürlü   28 May Respublika Günü münasibəti ilə şura üzvlərini təbrik etdi.  O, bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.

Elmi mərkəzin direktoru   f.ü.PhD.dos. Yusif Şükürlü AMEA-nın 28 aprel 2017-ci il tarixli Ümumi yığıncağının  qərarının  icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədi ilə qəbul edilən Tədbirlər Planı haqqında elmi şura üzvlərinin nəzərinə çatdırdı. O qeyd edib ki, Tədbirlər Planında Prezident İlham Əliyevin elmin inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin icrasının davam etdirilməsi, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin həyata keçirilməsində AMEA-nın yaxından iştirakının təmin olunması, AMEA-da prioritet istiqamətli elmi tədqiqatlara üstünlük verilməsi və digər mühüm məsələlər yer alıb. Bundan əlavə, biotexnologiya, gen mühəndisliyi və biofizika sahələrində elmi tədqiqat işlərinin genişləndirilməsi və kadr hazırlığının gücləndirilməsi, Xəzər dənizinin ekologiyası, biologiyası və geologiyası ilə bağlı tədqiqatlara üstünlük verilməsi, Azərbaycanşünaslıq istiqamətində elmi tədqiqatların prioritetliyinin təmin edilməsi, beynəlxalq elmi əlaqələrin, elm və təhsilin inteqrasiyası sahəsində görülən tədbirlərin daha da genişləndirilməsi, AMEA-nın Yüksək Texnologiyalar Parkının maddi-texniki bazasının və kadr potensialının formalaşdırılması, müvafiq infrastrukturunun qurulması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinin təmin olunması, “Elektron elm” layihəsi çərçivəsində elmin informasiya təminatının gücləndirilməsi, informasiya texnologiyaları sahəsində tədqiqatların genişləndirilməsi və digər məsələlər Tədbirlər Planında öz əksini tapıb.

Şəki Regional Elmi Mərkəzin 2016-ci il üçün elmi və elmi təşkilati   fəaliyyətinin nəticələri haqqında AMEA  Rəyasət Heyətinin 15 mart 2017-ci il tarixli qərarının icrası üçün görüləcək tədbirlər və “AMEA fəaliyyəti ilə bağlı dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikası təhlükəsizliyinə vurula biləcək ziyanın kəmiyyət və keyfiyyət göstəricilərinin  müəyyən olunması” metodikasının təsdiq edilməsi barədə AMEA Rəyasət Heyətinin 19 aprel 2017-ci il tarixli 6/6 sayı sərəncamının icrası vəziyyəti haqqında elmi mərkəzin  elmi işlər üzrə direktor müavini b.ü.PhD F. Əzizov məlumat verdi.

AMEA ŞREM–in elmi tədqiqat işlərinin əsas istiqamətlərinin  dəqiqləşdirilməsi və 2017-ci ildə AMEA İnstitutlarının dissertantura və doktoranturalarına təhkim olunan ŞREM əməkdaşlarının iş planlarının müzakirəsi ilə bağlı ŞREM –in elmi katibi r.ü.PhD V.Abdurahmanov məlumat verdi.

AMEA ŞREM –in elmi işçilərinin Turkiyə Cumhuriyyətində təşkil olunmuş Fındıqçılıq simpoziumunda iştirakı barədə ŞREM–in “Bitkilərin Genofodu və Biomüxtəlifliyi” şöbəsinin rəhbəri C.Məmmədov hesabat verdi.

“Azərbaycanda introduksiya olunmuş tut ipəkqurdunun  heterozis qüvvəsinin  təkmilləşdirilməsi” mövzusu barədə məlumatları ŞREM–in “Tut  ipəkqurdunun seleksiya” şöbəsinin  rəhbəri b.ü.PhD Q.Bəkirov məruzə etdi.

İclasın gündəliyində son məsələ olan “Cari məsələlər”in müzakirəsi ilə elmi şura öz işinə yekun vurdu.