| Tel. | (050) 876-55-22 | |
| Faks | ||
| Elektron poçtu | ||
| Struktur bölmənin rəhbəri | Rahim Rafiq oglu Həsənov | |
| İşçilərin ümumi sayı | 6 | |
| Əsas fəaliyyət istiqamətləri | Mədəni, iqtisadi, arxeoloji və elmi irsin qorunması və tədqiqi, aşkarlanması, sistemləşdirilməsi, elmi təsviri, bərpası və konservasiyası. Azərbaycanın Şimal-qərb bölgəsinin mədəni, tarixi və etnoqrafik irsinin araşdırılması istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi. Regionun inanc yerlərinin-pirlərin, ziyarətgahların, müqəddəs ocaqların və bunlarla bağlı ritualların tədqiqata cəlb edilməsi, müvafiq ərazilər üzrə kataloq və xəritələrin hazırlanması. Regionda aşkar edilmiş arxeologiya, etnoqrafiya, epiqrafiya və antropologiyaya aid eksponatlar, maddi mədəniyyət nümunələri ilə bağlı araşdırmaların genişləndirilməsi, nəticələrin təbliği və nəşri. | |
| Əsas elmi nəticələri | Regionun 6 rayonunda tarixi və etnoqrafik irsin tədqiqi aparılmış, məzar daşları, pir və ziyarətgahlar tədqiq edilmiş, XVIII-XIX əsrə aid 29 növ naxış və ornamentlər aşkar olunmuş, epitafiyalar üzərindəki simvol və işarələr tədqiq edilmiş, məzar daşlarına həkk edilmiş quran ayələri və dualar tərcümə edilərək təhlil olunmuşdur. Bölgədə nəqşbənd sufi təriqətinin daha çox yayıldığı təsdiq edilmiş, yayılan maddi və mənəvi mədəniyyətin ümumazərbaycan mədəni irsinin tərkib hissəsi olduğu təsdiqlənmişdir.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix və epiqrafika şöbəsi 2015-ci ildə yaradılmış Tarixi irs və etnoqrafiya şöbəsinin bazası əsasında formalaşıb. Şöbə 2015–2023-cü illərdə “Tarixi irs və etnoqrafiya”, 2023–2024-cü illərdə “Tarix, arxeologiya və etnoqrafiya”, 2025-ci ildən etibarən isə “Tarix və epiqrafika” adlandırılıb. Tarix və epiqrafika şöbəsi Şimal-qərbi Azərbaycanın tarixi irsi, etnoqrafiyası və epiqrafikasının araşdırılması istiqamətində Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında genişmiqyaslı elmi tədqiqatlar aparır. Tarix və etnoqrafiya şöbəsində 2015–2020-ci illər ərzində bölgənin qəbirüstü abidələri tədqiqata cəlb edilmiş, epitafiyalar üzərindəki mətnlər bərpa olunub. Şöbədə, həmçinin Bölgənin XIX əsr və XX əsrin əvvəlləri tarixinin və etnoqrafiyasının araşdırılması istiqamətində də işlər aparılıb. Əldə edilən nəticələr yerli və beynəlxalq jurnallarda dərc olunub. Şöbə əməkdaşları apardıqları tədqiqatlarla bağlı Türkiyə Cümhuriyyəti və Rusiya Federasiyasında təşkil olunmuş beynəlxalq simpozium və konfranslarda iştirak ediblər. Tarix və epiqrafika şöbəsinin illər üzrə fəaliyyəti və əldə edilmiş nəticələri. 2015-ci il. Şəki və ətraf kəndlərdə mövcud olan qəbiristanlıqların sayı dəqiqləşdirilib. Qəbiristanlıqlardakı məzar daşları tədqiq edilərək həmin obyektlərin tarixi müəyyənləşdirilib. Qəbir daşları üzərindəki yazı növləri müəyyən edilib. Qurani-Kərimin müxtəlif ayələrinin də əks olunduğu məzar daşları üzərindəki yazıların oxunması nəticəsində dövrün ziyalılarının, övliyaların, din xadimlərinin və digər məşhur şəxslərin dəfn olunduqları yerlər müəyyən edilib. Məsələn, Cindarlar qəbiristanlığında aparılan tədqiqatlar zamanı İlisu sultanı Daniyal bəyin qızına məxsus qəbir və həmin ərazidə Şəkixanovlar nəslinin nümayəndələrinin məzar daşları aşkar edilib. Qəbirüstü abidələrin üzərindəki ornamental naxışların üzü çıxarılaraq bərpa edilib. Aparılan təhlillər göstərmişdir ki, bu naxışlar yalnız qəbir daşlarına xas dekorativ elementlər olmayıb, ümumilikdə müsəlman Şərqinin incəsənəti və memarlıq ənənələri ilə sıx bağlı olan yüksək bədii-estetik dəyərə malik nümunələrdir. Tədqiqatlar nəticəsində 29 müxtəlif tip məzar daşı ornamentinin rekonstruksiyası həyata keçirilib. Məzar daşları üzərindəki naxış və simvolların müqayisəli araşdırılması onların həm islam dövrü bədii ənənələrini, həm də islamdan əvvəlki inanc sistemlərinə məxsus elementləri özündə əks etdirdiyini göstərmişdir. Bundan əlavə, bölgədə yerləşən inanc yerlərində aparılan tədqiqatlar nəticəsində əhalinin ənənəvi inanc sistemi və icra olunan rituallar müəyyənləşdirilmişdir. Müəyyən edilmişdir ki, bu ritualların bir qismi ibtidai dini təsəvvürlərin transformasiyaya uğramış formaları kimi günümüzədək qorunub saxlanılıb. 2015-ci il ərzində şöbə əməkdaşları 10 beynəlxalq konfransda iştirak etmiş, 6 elmi məqalə çap etdiriblər. 2016-cı il. Pir və ziyarətgahlarda aparılan tədqiqatlar zamanı öz dövründə bölgədə tanınmış, lakin kifayət qədər araşdırılmamış din xadimlərinin və ziyalıların elmi və ədəbi fəaliyyəti müəyyən edilib. Azərbaycan Milli Arxivlər İdarəsi Şəki filialı, Azərbaycan Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu arxivlərində aparılan araşdırmalar nəticəsində XIX əsrin sonu – XX əsrin əvvəllərində Şəki qəzasına aid yeni tarixi materiallar üzə çıxarılıb. Aşkarlanmış mənbələr əsasında Şəkinin həmin dövrdəki ictimai-siyasi vəziyyəti, regiondakı ziddiyyətlərin səbəbləri, eləcə də erməni təxribatlarının mahiyyəti ilk dəfə kompleks şəkildə tədqiq olunub. Bundan əlavə, Nuxa Maarif Cəmiyyətinin fəaliyyəti araşdırılmış, bu cəmiyyətin üzvlərinin Azərbaycan milli hərəkatındakı rolu elmi əsaslarla müəyyən edilib. 2016-cı il ərzində şöbə əməkdaşları 12 beynəlxaq konfransada iştirak etmiş, 7 elmi məqalə dərc edilmişdir. 2017-ci il. Zaqatala rayonunda tədqiq edilən məzar daşları üzərindəki simvol və ornamentlər məzmun və üslub baxımından Şəki və Qax rayonlarında aşkarlanmış nümunələrlə oxşarlıq təşkil edir. Bu isə region daxilində vahid bədii-estetik və dini-mədəni ənənələrin mövcudluğunu göstərir. Zaqatala qəbiristanlıqlarında övliya və şeyxlərə məxsus qəbirlərin daha çox olması diqqəti cəlb edir. Həmin qəbirlərin memarlıq quruluşu və sənətkarlıq baxımından yüksək səviyyədə işlənməsi onları digər məzar daşlarından aydın şəkildə fərqləndirir. Rayonun Qımır, Yuxarı Tala və Mamrux kəndlərində yerləşən məzarlıqlar isə spesefik xüsusiyyətləri ilə seçilir. Bu ərazilərdə böyük qapı formasında və məscid tipli məzar daşları aşkar edilmişdir ki, regionun digər hissələrində bu tip nümunələrə demək olar ki, rast gəlinmir. Aparılan tədqiqatlar göstərir ki, bu qəbirüstü abidələr əsasən sufi təriqətinə mənsub din alimlərinə aid olmuşdur. Bu fakt isə öz növbəsində bölgədə İslam dininin, xüsusilə sufi ənənələrinin geniş yayılması və təsir gücünün yüksək olması barədə elmi nəticə çıxarmağa əsas verir. Zaqatala–Balakən rayonlarında mövcud olan məzar daşları Şəki və Qax rayonlarının qəbirüstü abidələri ilə müqayisədə nəbati ornamentlərin işlənməsi baxımından nisbətən sadədir. Lakin qəbirüstü memarlıq baxımından bu ərazilərdəki məzar daşları yüksək sənətkarlıq səviyyəsi ilə seçilir. Tədqiqatlar göstərir ki, Şəki ilə müqayisədə burada baş hissəsi papaq formalı olan məzar daşlarına daha çox rast gəlinir. Eyni zamanda, Zaqatala və Balakən qəbiristanlıqlarında boyalarla rənglənmiş məzar daşları Şəki və Qax rayonlarına nisbətən daha azdır. Ornament və naxış işləmələrinin bədii zənginliyi baxımından isə bu ərazilər Şəki nümunələrindən geri qalır ki, bu da Şəkinin XVIII–XIX əsrlərdə regionun mühüm siyasi və iqtisadi mərkəzi olması ilə izah edilə bilər. Məzar daşları üzərindəki epiqrafik mətnlərin təhlili göstərir ki, Zaqatala–Balakən bölgəsində hədis və Quran ayələrinə daha geniş yer verilmişdir. Yazı növləri baxımından başdaşı kitabələrində əsasən nəsx və təliq xətlərindən istifadə edilmişdir, Şəki şəhəri ilə müqayisədə isə sülüs xətti nisbətən azlıq təşkil edir. Arxiv materialları və dövri mətbuatın tədqiqi nəticəsində XX əsrin 20-ci illərinin sonu – 30-cu illərin əvvəllərində Şəki qəzasında mövcud olan iqtisadi vəziyyət aydınlaşdırılmışdır. Araşdırmalar göstərmişdir ki, həmin dövrdə kollektivləşmə siyasətinə qarşı əhalidə mənfi münasibətin formalaşması, qəzanın müxtəlif kəndlərində aclıq və sosial çətinlik hallarının artması faktları aşkar edilmişdir. Eyni zamanda, qəzada ruhanilərə, keçmiş bəylərə və ağalara məxsus əmlakların müsadirə edilməsi faktları da müəyyən edilmişdir. 2017-ci il ərzində şöbə əməkdaşları 3 beynəlxalq konfransda iştirak etmiş, 5 elmi məqalə dərc etdirmişlər. 2018-cı il. Oğuz rayonunda aşkar edilmiş məzar daşları Şəki, Zaqatala və Balakən rayonlarında mövcud olan qəbirüstü abidələrlə ümumi tipoloji oxşarlıq təşkil edir. Bununla yanaşı, ornament-naxışların və epitafiya mətnlərinin, xüsusilə Qurani-Kərim ayələri və hədislərin zənginliyi baxımından Oğuz ərazisindəki nümunələr nisbətən sadə xarakter daşıyır. Bu fərqi Oğuz rayonunun inzibati vahid kimi nisbətən son dövrlərdə formalaşması və tarixən uzun müddət Şəki qəzasının kəndlərindən ibarət olması ilə izah etmək mümkündür. Bu səbəbdən bölgədə sənətkarlıq və dekorativ-tətbiqi sənət ənənələri Şəki ilə müqayisədə daha zəif inkişaf etmişdir. Eyni zamanda, Oğuz rayonunda mövcud olan pir və ziyarətgahlar, eləcə də burada icra olunan rituallar Şəki bölgəsi ilə oxşarlıq təşkil edir. Bu oxşarlıq ərazinin uzun müddət eyni inzibati-mədəni mühitdə formalaşması və islamdan əvvəlki inanclarla İslamdan sonrakı dini ənənələrin müəyyən sintez halında davam etməsi ilə əlaqələndirilir. XIX əsr və XX əsrin birinci rübü üzrə Şəkinin siyasi və sosial vəziyyəti ilə bağlı aparılan tədqiqatlarda bölgədə erməni təxribatçı fəaliyyətlərinin miqyasının Qarabağ, Zəngəzur, Naxçıvan və Bakı kimi digər regionlardan geri qalmadığı müəyyən edilmişdir. Eyni zamanda, erkən orta əsrlərə aid Qafqaz Albaniyasının Şəki vilayətinə məxsus abidələr üzrə aparılan araşdırmalar nəticəsində əldə edilən maddi-mədəniyyət nümunələri və memarlıq abidələrinin xarakteri onların vahid alban etnosu mədəniyyətinin tərkib hissəsi olduğunu bir daha təsdiqləmişdir. Bu tapıntılar regionun tarixi-mədəni irsinin elmi əsaslarla öyrənilməsinə və əraziyə dair iddiaların faktoloji baxımdan dəyərləndirilməsinə mühüm töhfə vermişdir. 2018-ci il ərzində şöbə əməkdaşları 12 beynəlxalq konfransda iştirak etmiş, 4 elmi məqalə dərc etdirmişlər. 2019-cu il. Tədqiqat zamanı Qəbələ rayonunda XVIII–XIX əsrlərə aid qəbiristanlıqlarda yerləşən epiqrafik abidələrin həm məzmun, həm də forma baxımından Şəki–Zaqatala–Qax–Balakən bölgələrindəki analoji nümunələrlə qismən oxşarlıq təşkil etdiyi müəyyən edilmişdir. Qeyd olunan ərazilərdə əsasən dikilidaş tipli başdaşlarının üstünlük təşkil etdiyi müşahidə olunur. Başdaşları üzərində yazılar əsasən nəsx xətti ilə, az hallarda isə təliq xətti ilə icra edilmişdir. Qəbələ rayonu və kəndlərində qeydə alınan bəzi qəbir abidələri Şimal-qərbi Azərbaycanın digər bölgələrindən fərqlənən xüsusiyyətlərə malikdir. Belə ki, tədqiqata cəlb olunan məzar daşları arasında bölgənin digər rayonları ilə müqayisədə şirimə-puç daş adlanan materialdan daha geniş istifadə edildiyi müəyyən olunmuşdur. Eyni zamanda, Şimal-qərbi Azərbaycanla tarixi-mədəni əlaqələrə baxmayaraq, Qəbələ rayonunun epiqrafik abidələrinin tərtibatında Şirvan epiqrafiya ənənələrinın təsiri açıq şəkildə nəzərə çarpır. Bu xüsusiyyətin formalaşması Qəbələ ərazisinin orta və klassik orta əsrlər dövründə uzun müddət Şirvanşahlar dövlətinin siyasi-mədəni təsir dairəsində olması və nəticədə Şirvan memarlıq və incəsənət ənənələrinin bölgədə yayılması ilə izah edilir. 2019-cu il ərzində şöbə əməkdaşları 4 beynəlxalq konfransda iştirak etmiş, 3 elmi məqalə dərc olunmuşdur. 2020-ci il. Şəki rayonunun Baş Küngüt, Aşağı Küngüt, Bideyiz, Oraban, İbrahimkənd, Fazıl, Baş Zəyzid, Orta Zəyzid, Vərəzət, Oxud və Kiş kəndlərində 50-dən çox şəxs arasında sorğular aparılmış, etnoqrafik materiallar toplanmışdır. Tədqiqat zamanı xalq yaşayış evləri, sənətkarlıq sahələri, geyim və bəzək əşyaları ilə bağlı məlumatlar sistemləşdirilmiş, həmçinin müvafiq foto sənədləşdirmə həyata keçirilmişdir. Bununla belə ölkədə COVID-19 pandemiyasının yayılması və xüsusi karantin rejiminin tətbiqi etnoqrafik materialların toplanması prosesində müəyyən çətinliklər yaratmışdır. Bu səbəbdən Şəki rayonunun bütün kəndlərini əhatə edən tədqiqat işlərinin tam şəkildə icrası mümkün olmamışdır. 2020-ci il ərzində şöbə əməkdaşları üç beynəlxalq elmi konfransda onlayn formatda iştirak etmiş, eyni zamanda üç elmi məqalə nəşr etdirmişlər. 2021-ci il. Qax rayonu ərazisində ibtidai paltartikmə sənətinin tarixinin qədim dövrlərə gedib çıxdığı müəyyən edilmiş, arxeoloji qazıntılar zamanı aşkar olunan materiallar əsasında bölgədə zinət və bəzək əşyalarından istifadənin tunc dövrünə aid olduğu təsdiqlənmişdir. Azərbaycanın digər bölgələri ilə müqayisədə Qaxın Sarıbaş kəndində yun xalçanın “xirsək” adlanan xüsusi növünün toxunduğu aşkarlanmışdır. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, ərazidə yaşayan yerli əhali, azsaylı milli azlıqlar və etnik qruplar arasında formalaşmış milli geyimlər, bəzək əşyaları, uzunmüddətli ortaq yaşam tərzi, inanclar və ictimai münasibətlər əsasında unikal mədəniyyət sistemi formalaşmışdır. Həmçinin Qax rayonunda kollektiv əməyin təşkili məqsədilə keçirilən “oturmax” adlı mərasimin sosial münasibətlərin, xüsusilə qonşuluq əlaqələrinin öyrənilməsi baxımından mühüm etnoqrafik mənbə olduğu müəyyən edilmişdir. Tədqiqatlar əsasında toplanmış etnoqrafik materiallar göstərir ki, Şəki və Qax rayonlarının toy adətləri arasındakı fərqliliklərlə yanaşı, Qax rayonunun kəndlərində etnik müxtəlifliyin təsiri ilə fərqli adət-ənənələr də formalaşmışdır. Eyni zamanda, Qax rayonunda geyim mədəniyyəti, bəzək əşyalarının hazırlanması və istifadəsi, eləcə də yemək mədəniyyəti qonşu bölgələrlə oxşarlıq təşkil etməklə yanaşı, yarımköçəri maldarlıq təsərrüfatının mövcudluğu ilə bağlı olaraq spesifik xüsusiyyətlər daşıyır. Qax rayonunun kənd memarlığının Şəki kəndlərinə nisbətən daha inkişaf etmiş olması isə ərazinin uzun müddət İlisu sultanlığının mərkəzi funksiyasını yerinə yetirməsi ilə izah olunur. 2021-ci il ərzində şöbə əməkdaşları 12 beynəlxalq konfransda iştirak etmiş, 6 elmi məqalə dərc etdirmişlər. Fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Sultanovun “Qurani-Kərim Qəlb. Yasin surəsinin təfsiri” və Rahim Həsənovun “Şəkidə erməni təxribatları” adlı monoqrafiyaları nəşr edilmişdir. 2022-ci il. Şəki, Qax və Zaqatala rayonlarında keçirilən xına, toy və yas mərasimlərinin oxşar və fərqli cəhətləri müəyyənləşdirilmişdir. Aparılan müqayisəli təhlil göstərir ki, bu bölgələrdə mərasim ənənələri ümumi mədəni oxşarlıqlarla yanaşı, yerli xüsusiyyətlərlə də səciyyələnir. Eyni zamanda, Şəki, Qax və Zaqatala rayonlarının toy və yas adətləri arasında fərqliliklər mövcud olduğu kimi, Zaqatala rayonunun ayrı-ayrı kəndləri arasında da adət-ənənələr baxımından müəyyən fərqlər aşkar edilmişdir ki, bu da regionun polietnik tərkibi ilə izah olunur. Müəyyən edilmişdir ki, Zaqatala rayonunda mövsüm bayramları xüsusi təntənə ilə qeyd edilir. Müxtəlif etnik qrupların birgə yaşamasına baxmayaraq, Zaqatala rayonunda ailə-məişət dəyərləri və adət-ənənələr bu günədək xalqın milli-mənəvi irsinin tərkib hissəsi kimi qorunub saxlanılmışdır. Zaqatala rayonu milli geyimlər və bəzək əşyaları baxımından zənginliyi ilə seçilir. Bu ərazidə mövcud olan nümunələr ümumazərbaycan maddi və mənəvi mədəniyyətinin tərkib hissəsi kimi çıxış edir. Bölgənin polietnik tərkibi müxtəlif maddi-mədəniyyət elementlərinin qarşılıqlı təsiri və sintezinə şərait yaratmışdır. Həmin nümunələrin sistemli şəkildə tədqiqi xalqın geyim mədəniyyətinin, adət-ənənələrinin, dil və inanclar sisteminin, təsərrüfat məşğuliyyətinin, eləcə də digər bölgələrlə ticarət və mədəni əlaqələrinin öyrənilməsi baxımından mühüm elmi mənbə rolunu oynayır. 2022-ci il ərzində şöbə əməkdaşları 4 beynəlxalq elmi konfransda iştirak etmiş, 3 elmi məqalə nəşr etdirmişlər. 2023-cü il. Balakən rayonunda aparılmış epiqrafik tədqiqatlar nəticəsində Nəqşibəndi şeyxlərinin fəaliyyətinə dair dəyərli materiallar aşkar edilmiş, XX əsrin 70-ci illərinədək əhali arasında dini-mənəvi dəyərlərin davamlı şəkildə qorunub yaşadıldığı müəyyən olunmuşdur. Əslən Osmanlı türklərindən olan bir şəxsə aid 1971-ci ilə məxsus qəbir daşında ərəb dilindəki mətn və türk ifadələrin mövcudluğu bu faktı təsdiq edir. Arxeoloji tədqiqatlar nəticəsində ilk dəfə olaraq Şəki rayonunun Baş Şabalıd kəndi ərazisinin Yaloylutəpə mədəniyyətinin (e.ə. III – e.ə. I əsrlər) yayıldığı bölgələrdən biri olduğu müəyyən edilmişdir. Eyni zamanda, Baş Şabalıd kəndi ərazisində antik dövrə aid torpaq qəbirlərin və ilk orta əsrlərə aid xristian daş qutu qəbirlərin aşkar olunması bu ərazinin həm antik, həm də ilk orta əsrlər dövründə yaşayış məskəni olduğunu elmi şəkildə təsdiqləyir. 2023-cü il ərzində şöbə əməkdaşları 5 beynəlxalq elmi konfransda iştirak etmiş, 9 elmi məqalə nəşr etdirmişlər. Tarix üzrə fəlsəfə doktoru Rahim Həsənovun (həmmüəllif Aydın Məmmədov) “Şəkinin Orta əsrlər tarixi”, fəlsəfə üzrə fəlsəfə doktoru Ələddin Sultanovun “Dünya necə yaradıldı?” və Reyhan Mənəfovanın “Sükutun səsi” adlı kitabları nəşr edilmişdir. | |