Şəki Regional Elmi Mərkəzində Elmi işçilərin Attestasiyası keçirilmişdir.
Fev 17, 2017 | 03:25

AMEA Şəki Regional Elmi Mərkəzinin Elmi Şurasının 30 noyabr 2016-cı il tarixli yığıncağında Elm haqqında AR Qanununun 6.024 bəndində qeyd olunmuş “Elmi işçilərin, mütəxəssislərin və elmi xidmət sahəsi işçilərinin attestasiyasının təşkil edilməsi” müddəasının tələbinə əsaslanaraq “Əməkdaşların attestasiyasının keçirilməsi haqqında” qərar qəbul edilmişdir. 02 dekabr 2016-cı il tarixində həmin qərarın icrası ilə bağlı Elmi Mərkəzin direktoru f.ü.PhD, dos. Y.Şükürlü tərəfindən Attestasiya komisiyasının yaradılması haqqında əmr verilmişdir.

Eyni zamanda bu əmrə əsasən komissiyaya attestasiyaya cəlb olunacaq əməkdaşları siyahısının hazırlanması və həmin əməkdaşlara attestasiya keçiriləcək tarixdən 15 gün əvvəl yazılı məlumat verilməsi tapşırılmışdır.

Komissiyanın 5, 19, 26 dekabr 2016-cı il və 16 yanvar 2017-ci il tarixlərdə iclasları keçirilmişdir.

Komissiya tərəfindən AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının attestasiya olunması qrafiki müəyyənləşdirilmiş, attestasiyanın 18, 19 və 23 yanvar 2017-ci il tarixlərdə keçirilməsi qərarlaşdırılmış və iki həftə əvvəldən hər bir əməkdaşa fərdi bildirişlər verilmişdir. Attestasiyaya cəlb olunacaq əməkdaşların sayı 46  nəfər (o cümlədən 7 şöbə rəhbəri, 4 aparıcı elmi işçi, 1 böyük elmi işçi, 3 kiçik elmi işçi, 6 böyük laborant, 11 laborant, 14 mütəxəssis və elmi xidmət sahəsi işçisi olmaqla) müəyyənləşdirilmişdir. 

Ümumilikdə attestasiyaya cəlb olunmalı 46 əməkdaşdan 44-ü attestasiyadan keçmişdir. 1 nəfər illik əmək məzuniyyətində olması, 1 nəfər isə xəstəlik səbəbindən attestasiyaya qatılmamışdır. AR Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarının 4.11. bəndinə əsasən işçi  üzürlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə müvafiq sənədlər əsasında sonradan təsdiq edilmiş qrafik əsasında onun attestasiyası keçirilir.

Attestasiya olunan əməkdaşların hər birinə uyğun attestasiya vərəqəsi doldurulmuş və prosedur qaydalara əsasən rəhbərliyə təqdim olunmuşdur.  “Azərbaycan Respublikasında elmi işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarının 4.19-cu bəndinə əsasən həmin sənədlər əsasında 30 təqvim günü müddətində qərar qəbul ediləcəkdir.