AMEA-nın Şəki Regional Elmi Mərkəzində "Yaşıl dünya naminə həmrəylik ili" mövzusunda dəyirmi masa keçirilib
Mart 15, 2024 | 01:00

15 mart 2024-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzində 27 mart-Elm Günü ilə bağlı "Yaşıl dünya naminə həmrəylik ili" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Şəki REM-in elmi işçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü yaşıl dünya naminə bu il Azərbaycanda keçiriləcək COP 29 tədbirinin önəmindən danışıb. O qeyd edib ki, təbiəti qorumaq, ondan düzgün və səmərəli istifadə etmək hər birimizin borcudur və bir qabaqcıl elmi-tədqiqat müəssisəsi olaraq Şəki REM də bu istiqamətdə fəaliyyətini davam etdirir. O, çıxışında Baş Şabalıd biogeosenozunun salınmasının Şəki Regional Elmi Mərkəzin bölgəyə töhfəsi olduğunu diqqətə çatdırıb və Mərkəzin əməkdaşlarının bundan sonra da müxtəlif istiqamətlərdə regionun, ölkənin qorunması üçün səylə çalışacaqlarına ümid etdiyini qeyd edib.

Daha sonra Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimovun "Yaşıl enerjinin dünya bazarına nəqli Azərbaycanın enerji siyasətinin prioriteti kimi" mövzusunda məruzəsi dinlənilib. O bildirib ki, bu gün insanların elektrik enerjisinə tələbatı olduqca yüksəkdir. Məhz bu səbəbdən də Azərbaycan “yaşıl enerji” məsələsinə özəl yanaşma sərgiləyir. Ötən 20 ildə iqtisadi yüksəlişi təmin olunan ölkəmizin hədəfi bu sahədə də ixracatçıya çevrilməkdir. O, həmçinin respublikamızın təbii-coğrafi mövqeyi, relyefi, iqlim şəraiti, günəş, torpaq, külək, su, biokütlə təbii enerjiyaratma potensialı baxımından zəngin olması və ölkəmizdə ekoloji cəhətdən təmiz alternativ, bərpaolunan enerji mənbələrindən düzgün və səmərəli istifadə edilməsinə yaradılan geniş imkanlardan danışıb.

Məruzə ətrafında müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

Şəki REM-in elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizov çıxış edərək təklif edib ki, ümumilikdə şimal-qərb regionunda tullantıların çeşidlənməsi üçün xüsusi  yerin təşkil edilməsi olduqca ciddi əhəmiyyət kəsb edən məsələdir və bununla da regionda çirklənmə prosesinin qarşısının müəyyən qədər alınması təmin ediləcəkdir.

Ekoloji coğrafiya şöbəsinin rəhbəri, c.ü.f.d. Qafqaz Ağabalayev tullantıların təkrar emal edilməsi məsələsinin dünya təcrübəsindəki yüksək effektindən söz açıb.

Tut ipəkqurdunun seleksiyası şöbəsinin rəhbəri Qüdürət Bəkirov hazırda “Təmiz şəhər” layihəsi çərçivəsində Azərbaycanın iri şəhərlərində tullantıların çeşidlənməsinin tətbiq olunduğunu və lahiyənin bütün Azərbaycan ərazisində həyata keçirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini qeyd edib.

Ekoloji biofizika şöbəsinin rəhbəri Yevgeniya Bəkirova təbiətin mühafizəçisi olan bitkilər haqqında məlumat verib. O şəkər qamışı, qarğıdalı, amarant, dənli bitkilərdən-vələmir, düyü, buğda və s.-nin karbon qazını ən çox emal edən bitkilər olduğunu nəzərə çatdırıb.

Sonda Ekoloji biofizika şöbəsinin elmi işçisi Ayşən Salmanova ekologiyanın qorunmasında hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdən söz açıb. Məişət tullantılarının çeşidlənərək təkrar istifadəyə göndərilməsi məsələsi ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsini təklif edib.