24 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzi arasında yaradıcı elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanmışdır.
İyn 24, 2019 | 06:08

24 iyun 2019-cu il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzi arasında yaradıcı elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilə Kənd Təsərrüfatı Nazirliyi ilə AMEA arasında əməkdaşlığa dair sazişin icrasına uyğundur. Müqavilənin qayəsi iki elmi müəssisə arasında elmi münasibətlərin gələcək inkişafını həyata keçirmək, elmi-texniki inkişafını sürətləndirmək, ipəkçilik sahəsində elmi-tədqiqat işlərinin səviyyəsini, hər iki elmi müəssisədə barama və xam ipək istehsalının səmərəliliyini yüksəltmək, optimallaşdırmaqdan ibarətdir.

Müqaviləyə görə bu iki müəssisənin əməkdaşlığı aşağıdakı istiqamətlərdə həyata keçiriləcəkdir:

1). Elmi-texniki və texnoloji informasiya mübadiləsi; 2). Tut ipəkqurdunun genetik ehtiyatlarının mübadiləsi; 3). Tut ipəkqurdu ilə elmi-tədqiqat (seleksiya) işinin birgə aparılması.

Əməkdaşlıqdan gözlənilən nəticələrə bunlar aid edilir:

1). Tut ipəkqurdunun genefondu zənginləşəcək; 2). Tut ipəkqurdunun daha məhsuldar cins və hibridlərinin yaradılmasına görə seleksiya işlərinin səmərəliliyi yaxşılaşacaq; 3). Bazar iqtisadiyyatı şəraitində yeni yaradılan tut ipəkqurdu cins və hibridlərinin məhsuldarlıq səviyyəsi və rəqabət qabiliyyəti artırılacaq; 4). İpəkçilik sahəsində elmi-tədqiqat işlərinin metodları və metodologiyası yaxşılaşdırılacaq; 5). Sahə elminin və istehsalın inteqrası güclənəcək, bazar iqtisadiyyatı şəraitində vbarama və xam ipək istehsalının səmərəliliyinin optimallaşdırılması güclənəcək.