Humanitar Elmlər üzrə Problem Şurasının iclası keçirilib
Fev 24, 2022 | 12:00

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Humanitar Elmlər üzrə Problem Şurasının  23 fevral 2022-ci ildə növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İsa Həbibbəyli açaraq şuranın  2021-ci ildəki fəaliyyəti və təsdiq edilmiş dissertasiya mövzuları barədə məlumat verib.

Şuranın sədri, akademik İsa Həbibbəyli, sədr müavinləri - Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, filologiya elmləri doktoru Sənubər Abdullayeva, həmçinin şuranın elmi katibi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyevanın əyani, Problem şurasının digər üzvləri və mövzuları müzakirəyə çıxarılan doktorant və dissertantların onlayn iştirakı ilə keçirilən iclasda 126 mövzuya baxılıb.

Həmçinin, iclasda AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Folklorşünaslıq və El sənətləri” şöbəsinin rəhbəri Yusifova İradə Əlibala qızı  və şöbənin elmi işçisi Abdullayeva Təranə Yaşar qızının dissertasiya mövzularının müzakirəsi keçirilmişdir.

İclasın gedişatında Yusifova İradə Əlibala qızının “Mixail Şoloxov yaradıcılığı və Azərbaycan ədəbiyyatı” adlı dissertasiya işinə ikinci indeks “Azərbaycan ədəbiyyatı” indeksi verildi.

Abdullayeva Təranə Yaşar qızının “Klassik Şərq və Azərbaycan ədəbiyyatında nəsihətnamə janrı” adlı dissertasiya mövzusu da iclasda təsdiqləndi.

Daha sonra Problem şurasının elmi katibi Bəsirə Əzizəliyeva müxtəlif ixtisaslar üzrə iclasa təqdim olunan 36 elmlər və 90 fəlsəfə doktoru proqramı üzrə dissertasiya mövzusunu təqdim edib. Hər bir mövzu və iddiaçı barədə təqdimat formasında məlumat verilib.

Aparılan müzakirələrdə şuranın üzvləri fəal şəkildə iştirak ediblər.