AMEA-nın Şəki REM-də Dünya Azərbaycanlılarının soyqırımı günü ilə əlaqədar tədbir keçirilmışdir
Mart 31, 2021 | 01:00
31 mart 2021-ci il tarixində AMEA-nın Şəki REM-də Dünya Azərbaycanlılarının soyqırımı günü ilə əlaqədar tədbir keçirilmışdir. Tədbiri açan AMEA Şəki REM-in direktoru fiz.ü. f.d, dosent Y.H.Şükürlü tarixən azərbaycanlılara qarşı ermənilərin törətdikləri qanlı hadisələrin, təcavüzkar siyasətin mahiyyətindən bəhs etdi. 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan qələbənin torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, xalqımıza qarşı tarixən yeridilən ədalətsiz siyasətə lazımi cavab xarakteri daşıdığını qeyd etdi.
AMEA-nın Şəki REM-nin “Tarixi İrs və Etnoqrafiya” şöbəsinin rəhbəri Rahim Həsənov “31 mart soyqırımına yol açan hadisələr və soyqırım siyasətinin mahiyyəti” adlı məruzəsində Çar Rusiyası dövründə yeridilən etnik siyasətin xarakteri, erməni himayəçiliyi, 1917-ci il inqilabından sonra Cənubi Qafqazda cərəyan edən hadisələr haqda məlumat verdi. Soyqırım siyasətinin Şimali Azərbaycanla yanaşı, Cənubi Azərbaycanda da davam etdirildiyini qeyd etdi. Bu mənfur siyasətin davamı olaraq Şimal-qərbi Azərbaycanda etnik və dini pərakəndəlik salmaqla soyqırım siyasətinin həyata keçirilməsinə təşəbbüs edildiyini, lakin bu siyasətin iflasa uğradığını tarixi faktlar əsasında tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirin sonunda soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.