Şəki REM-in Foklorşünaslıq və el sənətləri şöbəsinin əməkdaşları AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən beynəlxalq konqresdə iştirak etmişlər
Sen 18, 2020 | 12:00

Şəki REM-in Foklorşünaslıq və el sənətləri şöbəsinin əməkdaşları 18-20 sentyabr 2020-ci il tarixdə AMEA Folklor İnstitunun təşkilatçılığı ilə onlayn formatda keçirilən III Beynəlxalq “Dədə Qorqud” Türk Mədəniyyəti, Tarixi və Ədəbiyyatı Konqresində iştirak etmişlər. Konqresi giriş sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru, akad. Muxtar İmanov müxtəlif ölkələrdən qatılan konqres iştirakçılarını salamlamış, konqresin işinə uğurlar diləmişdir. Konqresin işinə rəhbərliyi həyata keçirən AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, professor Ramazan Qafarlı və başqa təşkilatçılar da ürək sözlərini bildirdikdən sonra konqres bölmələr üzrə işini davam etdirmişdir.

Zoom platforması üzərindən reallaşdırılan bu tədbirdə Şəki REM-in Folklorşünaslıq və el sənətləri şöbəsinin rəhbəri Pakizə Əliyeva “Arif Abdullazadənin “Ulu Qorqud” poeması”,  şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dos. Ulduz Mürşüdova  “Kitabi-Dədə Qorqud” eposunda bitki və ağacla bağlı inanclar”, kiçik elmi işçi Tural Adışirinov “Balakən-Şəki bölgəsindən toplanmış nağıllarda “Kitabi-Dədə Qorqud” paralelləri” adlı  məruzələrlə çıxış etmişlər. Əməkdaşlarımızın məruzələri maraqla qarşılanmış, iştirakçılara sertifikatlar təqdim olunmuş, məruzələr konfrans materiallarına salınmışdır. Folklorşünaslıq və el sənətləri şöbəsinin əməkdaşları ilin sonunadək keçirilməsi planlaşdırılan daha bir neçə bu qəbildən olan tədbirlərə tezis və məruzələrlə müraciət etmişlər.