AMEA Şəki REM-in “Foklorşünaslıq və el sənətləri” şöbəsinin əməkdaşları beynəlxalq konfranslarda iştirak etmişlər
Avg 28, 2020 | 12:00

Son günlərdə Şəki REM-in Foklorşünaslıq və el sənətləri şöbəsinin əməkdaşları mövcud vəziyyətlə əlaqədar olaraq onlayn formatda təşkil olunan bir sıra beynəlxalq səviyyəli tədbirdə iştirak etmişlər. Şöbə rəhbəri Pakizə Əliyeva 21-22 avqust 2020-ci il tarixdə  AMEA Folklor İnstitunun təşkilatçılığı ilə keçirilən I Beynəlxalq Elmi Araşdırmalar Konqresində iki fərqli məruzə ilə çıxış etmişdir. Zoom platforması üzərindən reallaşdırılan bu tədbirdə Pakizə Əliyevanın  “Arif Abdullazadə poeziyasında folklordan bəhrələnmə” və “Arif Abdullazadə poeziyasının mövzu əhatəsi” adlı məruzələri dinlənilmiş və iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. İştirakçıya sertifikatlar təqdim olunmuş və hər iki məruzə mətninin konfransın materiallarına daxil edilməsinə qərar verilmişdir.

25-26 avqust 2020-ci il tarixində Türkiyənin Qars şəhərində təşkil olunan Bəxtiyar Vahabzadənin 95 illik yubileyinə həsr olunmuş “Avropa və Asiya: tarix, mədəbiyyət və qarşılıqlı əməkdaşlıq” adlı  Beynəlxalq elmi-praktik konfransda “Foklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru, dos. Ulduz Mürşüdova və kiçik elmi işçi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Təranə Məmmədova məruzələr etmişlər. Dos. Ulduz Mürşüdova “Bəxtiyar Vahabzadənin şeir yaradıcılığında atalar sözlərindən leksik-praqmatik istifadə edilməsi” adlı məruzəsində folklorun ən işlək janrlarından olan atalar sözlərinin Bəxtiyar Vahabzadənin poeziyasında yaradıcı bəhrələnməyə dair çoxsaylı nümunələr gətirmiş, məruzə iştirakçıların marağına səbəb olmuşdur. Təranə Məmmədova bu konfransa “Nəsihət motivinin Kitabi Dədə Qorqud dastnında əks olunma xüsusiyyətləri” adlı məruzəsi ilə qatılmışdır. İştirakçılara sertifikatlar təqdim olunmuş, məruzələr konfrans materiallarına daxil edilmişdir. Folklorşünaslıq və el sənətləri şöbəsinin əməkdaşları ilin sonunadək keçirilməsi planlaşdırılan daha bir neçə bu qəbildən olan elmi- kütləvi tədbirlərə tezis və məruzələrlə müraciət etmişlər.