Şəki Regional Elmi Mərkəzi Türk və İslam Dünyası Uşaq Ədəbiyyatı Çalıştayında iştirak etdi
Okt 22, 2018 | 12:13

          19-20 Oktyabr tarixlərində İstanbul Əli Əmiri Əfəndi Mədəniyyət  Mərkəzində Uşaq və Gənclik Ədəbiyyatı Yazıçıları Birliyi, İstanbul İbn Haldun Universiteti və Basin Yayın Birliyinin birlikdə təşkil etdikləri “V Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu” çərçivəsində “Türk və İslam Dünyası Uşaq Ədəbiyyatı Çalıştayı” keçirildi. Şəki Regional Elmi Mərkəzi  Folklorşünaslıq və El sənətləri şöbəsinin kiçik elmi işçisi, İstanbul Universitetinin Qədim Türk Ədəbiyyatı şöbəsinin doktorantura tələbəsi  Reyhanə Səlimovanın təmsilciliyi ilə bu  Çalıştayında iştirak etdi. 

          Uşaq və Gənclik ədəbiyyatı mövzusunda ortaq antologiyaların yayına hazırlanması, nəşr edilməsi və ölkələrə görə Uşaq ədəbiyyatı tarixinin yazılması məsələləri Çalıştayın əsas mövzusu oldu.

         Türk və İslam Dünyası Uşaq Ədəbiyyatı Çalıştayı artıq 4-cü ildir ki təşkil olunmaqdadır.  Uşaq və Gənclik Ədəbiyyatı Yazıçıları Birliyinin aralarında Almaniya, Azərbaycan, Rusiya, İran, Pakistan, Qırgızıstan, Özbəkistan, Qazaxıstan,  Makedoniya, Tatarıstan, Krım, Qaqauzıya Ukraina və dünyanın Türklər yaşayan bütün  bölgələrində təmsilcilikləri mövcuddur.  Bugünə qədər Azərbaycandan  AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu  və Naxçıvan Regional Elmi Bölməsinin təmsilciliklərinə Şəki Regional Elmi Mərkəzi də qoşulmuş oldu. 

         Qeyd edək ki, Reyhanə Səlimova “Türk və İslam Dünyası Uşaq Ədəbiyyatı Çalıştayı”nın ən gənc üzvüdür.