Şəkidə VIII Beynəlxalq İpəkçilik Konfransı işə başladı
Apr 03, 2017 | 04:57

3 aprel 2017-ci il tarixdə Şəkidə VIII Beynəlxalq İpəkçilik Konfransı  Azərbaycan Milli Elmlər Akademiyası, BACSA, Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə öz işinə başlamışdır. Konfransda 9 ölkədən, 44 nümayəndə iştirak edirdi.

Əvvəlcə iştirakçılar təbii ipəkdən hazırlanmış məhsullar – kələğayı, təkəlduz toxuma işləri, batika işləri və suvenirlər, Şəki Regional Elmi Mərkəzdə son illərdə əldə olunmuş tut ipək qurdu cinsləri və hibridlərinə dair məlumatlarla zəngin sərgi ilə tanış oldular.  

Konfransı giriş sözü ilə Təşkilat Komitəsinin sədri, ŞREM-in direktoru Y.Şükürlü açdı, iştirakçıları salamladı və sözü Şəki şəhər İcra Hakimiyyəti başçısının birinci müavini cənab Həsən Həsənov verdi. Cənab Həsən Həsənov  qonaqları və iştirakçıları qədim Şəki torpağında salamladı, konfransın təşkilatçılarına və iştirakçılarına uğurlar arzuladı. Sonra BACSA-nın prezidenti, Bolqarıstan Kənd Təsərrüfatı Elmlər Akademiyasının direktoru, prof. Dr. Panomir Tzenov konfransın mahiyyəti ilə bağlı çıxış etdi. O, təşkilatçılara minnətdarlığını bildirdi və bu əməkdaşlığın gələcəkdə davam edəcəyini söylədi.

Konfransda AMEA Yer Elmləri bölməsinin rəhbəri, akademik Fəxrəddin Qədirov və Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov da çıxış etdilər və konfrans iştirakçılarına uğurlar arzuladılar.

Daha sonra plenar məruzələr başlandı. İlk gün 18 məruzə səsləndirildi. Azərbaycan, Rumınya, Çin, Tailand, Kuba,  Türkiyə, Gürcüstan, Tacikistan, nümayəndələri öz maraqlı və rəngarəng çıxışları ilə yadda qaldılar. 

04 aprel tarixində konfrans iştirakçıları Qax, Zaqatala rayonlarında yeni salınmış tut bağlarına baxmaq məqsədi ilə səfər etmişlər.