AMEA-nın Şəki Regional Elmi Mərkəzində “Aqroekoloji turizm və dekorativ bağçılıq” mövzusunda tədbir keçirilib
Sen 30, 2024 | 02:53

30 sentyabr 2024-cü il tarixində Şəki REM-də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Aqroekoloji turizm və dekorativ bağçılıq” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri açan Şəki REM-in direktoru, fiz.ü.f.d., dos. Yusif Şükürlü dəyirmi masanın keçirilməsinin əhəmiyyətindən danışıb və sözü Bitkilərin biomüxtəlifliyi və Genofond şöbəsinin elmi işçisi Songül Məmmədovaya verib.

Songül Məmmədova “Ekoloji turizm və bağçılıq mədəniyyəti” adlı məruzəsində Azərbaycanın, xüsusilə də şimal-qərb bölgəsinin turizm potensialı, aqroturizmin fermer təsərrüfatlarına verdiyi səmərə,  yerli məhsullardan və mövcud imkanlardan istifadə etməklə region gəlirlərinin artırılması və iqtisadi çətinliyin aradan qaldırılması haqqında məlumat verib.

Dəyirmi masa müzakirələr ətrafında davam etdirilib. Landşaftşünaslıq şöbəsinin rəhbəri, geol.-min.ü.f.d. Hüseyn Mustafabəyli region üçün mövcud problemlərdən bəhs edib və onların həlli istiqamətində təkliflər irəli sürüb. O qeyd edib ki, Şəki ərazisində 70-ci illərdə əkilmiş Qovaq ağacları geniş arealı əhatə edir, lakin bunlar allergik xəstəliklərin mənbəyidir, Qovaq ağacları əvəzinə bu bölgədə vaxtilə əkilən Cökə ağaclarının yenidən çoxaldılması məqsədəuyğundur, belə ki, bu ağaclar zərərli qazların udulub emal edilməsi, tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün olduqca faydalıdır. Hüseyn Mustafabəyli ağaclarda göbələklərin yayılması və onların ağacları zəiflədərək gücdən salması, bundan sonra zərərverici qurdlar üçün münbit şəraitin yaranması və onlar tərəfindən ağacların tamamilə məhv edilməsinin daha bir problem olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, hazırda bölgədə Xan çinar, Palıd, Şabalıd kimi ağaclar tamamilə məhv olmaq təhlükəsindədir.

Ekoloji biofizika şöbəsinin elmi işçisi Zərintac Şükürova şam ağaclarının qurumasını səhralaşmanın başlanmasının ilkin siqnalı olduğunu, Ekoloji biofizika şöbəsinin rəhbəri Yevgeniya Bəkirova şimal-qərb bölgəsi üçün xarakterik ağacların- yerli sortların becərilməsinin daha yaxşı səmərə verə biləcəyini nəzərə çatdırıblar.

Elmi işlər üzrə direktor müavini, bio.ü.f.d. Fərhad Əzizov diqqətə çatdırıb ki, ağac və bitkilərin becərilməsində görüləcək işlər mütləq şəkildə elmi əsaslarla aparılmalıdır ki, səmərəli nəticələr əldə edilsin.

Sonda direktor Yusif Şükürlü bioloji mübarizə üsulları seçilməklə materilların hazırlanaraq yerli mətbuat orqanlarında, sosial şəbəkələrdə yayınlanmasını tövsiyə edib.