Fev 09, 2024 | 04:23
Tarix üzrə fəlsəfə doktoru Sevinc Bağırova və fizika üzrə fəlsəfə doktoru Nadir Məmməd Abdullayevin müəllifliyi ilə çap edilmiş “Основатель. Гасан Абдуллаев: ученый, организатор науки, президент Академии наук Азербайджана” adlı monoqrafiya Sevinc Bağırova tərəfindən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru f.ü.f.d., dos. Yusif Şükürlüyə və Mərkəzin kitabxana fonduna hədiyyə olunub.
4 fəsildən ibarət monoqrafiyada Kurçatov İnstitutu Milli Tədqiqat Mərkəzinin fəxri prezidenti, Rusiya Elmlər Akademiyasının üzvü, akademik P.Velixovun açılış nitqi, Nobel mükafatı laureatı, REA akademiki Jhores Alferovun “Gerçekten olağanüstü fizikci” başlıqlı yazısı yer alıb. Kitabda akademik Həsən Abdullayevin həyat və fəaliyyəti-çalışdığı və əməkdaşlıq etdiyi institutular, elmi müəssisələr, laboratoriyalar, eləcə də akademikin kəşfləri, elmi nəzəriyyələri, elmi müəssisələrin yaradılmasında göstərdiyi sonsuz xidmətlər tədqiqata cəlb edilib.
Onu da qeyd edək ki, akademik Həsən Abdullayev Şəkidə Zonal Elmi Bazanın yaradılmasında bilavasitə xidməti olan şəxsiyyətlərdəndir.
Hazırda Şəki Regional Elmi Mərkəz kimi fəaliyyətdə olan bir elmi strukturun yaradılması qərarı Şəkinin gələcək inkişafında elmin əvəzsiz rolunu dəyərləndirməyi bacaran böyüklüyün, müdrüklüyün, hər qarış torpağa, milli dəyərlərə, mədəni özünütəsdiqə, dövlətcilik ənənələrinə sonsuz sevginin təzahürüdür.
Monoqrafiya alimlər, tədqiqatçılar, elmi-tədqiqat və təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, tələbələr və mikroelektronikanın inkişaf tarixi ilə maraqlanan geniş oxusu kütləsi üçün nəzərdə tutulub.