Noy 20, 2023 | 12:00
20 noyabr 2023-cü il tarixində Şəki Regional Elmi Mərkəzinin “Ekoloji biofizika” və “Bitkilərin biokimyası” şöbələrinin elmi işçilərinin 2023-cü il üzrə fərdi hesabatları dinlənilib. Əvvəlcə “Bitkilərin biokimyası” şöbəsinin elmi işçisi Cabbar Xəlilov “Şəki rayonu ərazisində yayılmış “Acı yovşan” dərman bitkisinin vegetativ orqanlarında efir yağının toplanma dinamikası və onun fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi” işi üzrə hesabat verib. O, nəticə olaraq acı yovşan bitkisindən alınmış efir yağının sıxlığı m3 250C - 0,910, refreaksiya 1,467, turşuluq ədədi mq KOH-0,5, 70%-li etil spirti ilə həlli-1:4 olduğunu bildirib.
“Bitkilərin biokimyası” şöbəsinin elmi işçisi Məlahət Abdurahmanova “Şəki rayonu ərazisində yayılmış “Acı yovşan” bitkisinin vegetativ orqanlarında azotun toplanma dinamikasının tədqiqi” işi üzrə hesabatında bitkinin vegetasiya dövründə tərkibində toplanan azot çiçəklənmə dövründə qönçələmə və meyvəvermə dövrlərinə nisbətən daha yüksək olduğunu bildirib.
Sonra “Ekoloji biofizika” şöbəsinin elmi işçisi Ayşən Salmanova “Qaramal kəsintisi zamanı ortaya çıxan ikinci növ ət məhsullarından əldə olunan zülalların ekoloji dayanıqlığının və qida əhəmiyyətinin qiymətləndirilməsi aspektləri” işi üzrə hesabat verib. O, təcrübələr əsasında C=1,18 mol/1DMSO məhsulu ilə emal edilmiş nümunələrin nəticələri həm pH, həm C göstəriciləri baxımından üstünlük təşkil etdiyinin müəyyən olunduğunu qeyd edib. Əlavə edib ki, kontrol nümunə ilə müqayisədə pH 0,21 vahid, ümumi ion qatılığı 2,82 mol/l az olmuşdur.
“Ekoloji biofizika” şöbəsinin elmi katib Vəfa Atayeva “Şəki rayonu ərazisinə məxsus payız yarpaqlarından boyaq maddələrinin alınması və zülal mənşəli liflərin boyanması və tədqiqi” işi üzrə hesabat verib və alınan nəticələri təqdim edib. O qeyd edib ki, boyanmış dərinin fiksasiyası və rəng çalarlarının intensivliyi yalnız duz məhlullarının konsentrasiyasından deyil, həm də duzların tərkibindəki metal ionlarından da asılıdır. Ən effektli və təsiredici, eyni zamanda iqtisadi cəhətdən səmərəli fiksasiyaedici duz FeSO4*7H2O olub, işığa və sürtünməyə dayanıqlıq isə 5%-li KA1(SO4)2*12H2O məhlulunda fiksasiya edilmiş dəridə müşahidə edilib.
“Ekoloji biofizika” şöbəsinin elmi işçisi Xəyal Vəlibəyovun “Təbii ipək istehsalı prosesində meydana çıxan ipəkqurdu puplarından əldə olunan zülal və yağların ekoloji dayanıqlılığının və qida əhəmiyyətinin qiymətləndirilməsi aspektləri” üzrə hesabatı dinlənilib. Alınan nəticələrə əsasən iki nümunədə Na, K, Ca, Al, Mg, P, Si digər minerallara nəzərən üstünlük təşkil etdiyini, lakin pupun tərkibindəki mineral maddələrin miqdarının larvanın tərkibi ilə müqayisədə daha çox olduğunu və heç bir nümunədə Co, Ge, Yb elementlərinin izlənmədiyini müəyyənləşdirildiyini diqqətə çatdırıb.
Hər iki şöbənin əməkdaşları əldə olunan mühüm elmi nəticələrin müxtəlif yerli və beynəlxalq elmi dərgilərdə nəşr olunduğunu qeyd ediblər.