Noy 06, 2023 | 03:14
6 noyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun birgə təşkilatçılığı, Şəki Dövlət Regional Kollecin dəstəyi ilə 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Ata vəsiyyəti və İnamlı Zəfər” adlı tədbir keçirilib. Tədbirdə şəhid anaları, Şəki Regional Elmi Mərkəzin və Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun əməkdaşları, Şəki Dövlət Regional Kollecin müəllim və tələbələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov tədbir iştirakçılarını salamlayıb, Zəfər Günü münasibətilə təbrik edib. O qeyd edib ki, xalqımız artıq üçüncü ildir ki, Azərbaycanın ən yeni tarixinin şanlı Zəfər salnaməsinin təntənəsi ilə yaşayır. 8 Noyabr-Zəfər Günü birlik və milli iradənin rəmzi olaraq Azərbaycanın tarixinə qızıl hərflərlə əbədi həkk olunub.
Sonra Şəki Dövlət Regional Kollecin direktor müavini Rafiq Səmədov çıxış edərək Zəfər Gününə həsr edilmiş tədbirin təşkilatçılarına əməkdaşlıq etdikləri üçün minnətdarlığını bildirib. O vurğulayıb ki, bu böyük Qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyinin, uzaqgörən siyasətinin, qətiyyətinin, cəsarətinin, şücaətinin və müzəffər Ordumuza böyük inamının nəticəsidir.
Daha sonra söz Şəki Dövlət Regional Kollecin metodisti Pərviz Zeynalova verilib. Natiq “Zəfərimiz-qürurumuz” adlı məruzəsində cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyindən və Azərbaycan Ordusunun rəşadətinin erməni vandalizminə son qoymasından söz açıb. O bildirib ki, Ermənistan ordusu döyüş meydanında cəmi 44 gün ərzində diz çökdü və Azərbaycan xalqı öz dədə-baba yurdu olan torpaqlara qovuşdu. Natiq, həmçinin bu müqəddəs Zəfər yolunda şəhid olan igidlərimizin ailələrinin, qazilərimizin və veteranlarımızın daim dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğuna da diqqətə çəkib.
Çıxış üçün Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun bələdçisi Selcan Məmmədovaya söz verilib. O, “II Qarabağ savaşı” mövzusunda geniş məruzə edib. Məruzəçi II Qarabaq müharibəsinə təkan verən səbəblər, müharibənin başlanması və gedişatı, nəhayət, cəmi 44 gün ərzində əldə edilən möhtəşəm Zəfər haqqında məlumatları bölüşüb, bu gün işğaldan azad olunmuş torpaqlarımızda cənab Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən quruculuq-bərpa işlərini nəzərə çatdırıb.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Reyhan Mənəfova “Mən Vətənəm” adlı məruzəsində “Vətən” və “vətənpərvərlik” kimi müqəddəs anlayışların mənasının gənc nəslə aşılanmasının vacibliyindən, Vətəni sevməyin, Vətənə bağlılığın ən ülvi hiss olmasından, Vətənin mənafeyinin qorunması tərbiyəsinin təbliğ olunmasından danışıb. O, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz şanlı qələbəmizin tarixin səhifələrində əbədi qalacağına, bundan sonra Azərbaycanın müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağına inamını ifadə edib.
Şəki “Yuxarı Baş” Milli Tarix Memarlıq Qoruğunun elmi işçisi Zəminə Rəsulova “Şuşa” adlı çıxışında Qarabağın tarixi abidələrindən, Şuşanın öz gözəlliyi, möhtəşəmliyi ilə diqqət çəkməsindən, işğal dövründə dağıdılan milli-mədəni abidələrimizdən, eyni zamanda Şuşanı dünyaya tanıdan tarixi şəxsiyyətlərimizdən, düşmən tapdağından azad edildikdən sonra aparılan quruculuq işləri sayəsində Qarabağın cənnət-məkana çevrilməsindən danışıb. Vurğulayıb ki, ölkəmiz qələbənin üçüncü ilini yaşayır və builki Zəfər Paradının məhz Xankəndidə keçirilməsi bunun bariz nümunəsidir və bu, Azərbaycan xalqının sevincinə sevinc qatan vacib hadisədir.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Tarix, arxeologiya və epiqrafika” şöbəsinin əməkdaşı Habil Xəlilov “Qarabağ Azərbaycandır!” mövzusunda çıxışında Ali Baş Komandanın, müzəffər Azərbaycan Ordusunun Azərbaycan xalqına yaşatdığı qürur və xoşbəxtlikdən bəhs edib. Vətən uğrunda şəhid olan Azərbaycan oğullarının ruhuna dua oxuyub.
Həmçinin Pərviz Zeynalov, Selcan Məmmədova, Reyhan Mənəfova, Zəminə Rəsulova tərəfindən səsləndirilən Zəfər ruhlu şeirlər tədbirə rəngarənglik qatıb.
Sonda “Şuşa sən azadsan” adlı film nümayiş etdirilib.