AMEA-nın Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi dissertasiya işinin rəsmi opponenti olub
Sen 11, 2023 | 04:03

8 sentyabr 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin “Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Kamil Fikrət oğlu Adışirinov AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli abidələrin tədqiqi” şöbəsinin  aparıcı elmi işçisi Şəfiqə Dəmir qızı Abdullayevanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin İxtisaslaşdırılmış Dissertasiya Şurasında müdafiə etdiyi “İsmayıl bəy Nakam və onun “Divan”ı” mövzusunda dissertasiya işinə rəsmi opponentlik edib.   

Kamil Adışirinov çıxışında  mövzunun aktuallığını səciyyələndirərək qeyd edib ki,  müdafiəyə təqdim edilən dissertasiya işi bir tərəfdən XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Şəkidə yaşayıb-yaratmış İsmayıl bəy Nakamın “Divan”ları haqqında, xüsusilə sovet dövründə yazılmış əsərlərdə birtərəfli, hətta qərəzli söylənilmiş fikirlərin təkzibinə ehtiyacın özünü göstərməsi ilə bağlıdırsa, digər tərəfdən ümumilikdə Azərbaycan ədəbiyyatının dolğun və obyektiv mənzərəsini yaratmaq işinə yardım etmək zərurəti ilə əlaqədardır.  Filologiya üzrə fəlsəfə doktoru, dosent K.F.Adışirinov dissertanta uğurlar arzulayıb, dissertasiyanın məzmunu ilə bağlı tövsiyə və təkliflərini də bildirib.