AMEA-nın müxbir üzvü Qurban Yetirmişli “Xalq qəzeti”nə müsahibə verib
İyl 27, 2023 | 03:00

Shrem.az science.gov.az saytına istinadən xəbər verir ki, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli “Xalq qəzeti”nə müsahibə verib.

 

Bəs biz necə – təbiətin şıltaqlığına hazırıqmı?

Dünən Azərbaycanda daha bir zəlzələ qeydə alınıb. Budəfəki yeraltı təkanlar Lənkəran rayonunda baş verib. Mediada yayılmış bəzi məlumatlarda zəlzələnin Xəzər dənizində olması ilə bağlı xəbərlər də yer almışdı.

İyulun 4-də Xəzər dənizində qeydə alınmış zəlzələ insanlarda böyük təş­viş yaratmışdı. Son zəlzələlərlə bağlı AMEA nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkə­zinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişliyə müraciət edərək “Xalq qəzeti” üçün müsahibə aldıq.

Qurban müəllim, Lənkəranda hiss olunan yeraltı təkanlarla bağlı nə deyə bilərsiniz?

– Yerli vaxtla saat 11:03-də Lənkə­ran stansiyasından 23 kilometr şi­mal-qərbdə zəlzələ episentrdə 5, ətraf rayonlarda isə 5–3 bala qədər titrəyiş hiss olunmuşdur. Tələfat və dağıntı olmamışdır.

Bizim bölgə seysmik zonadır və hansısa hiss olunan zəlzələlər olanda təşvişə düşməməliyik. İnsanlar so­yuqqanlılıqla qəbul etsinlər ki, təbii ha­disənin qarşısını almaq olmaz. Həmin anda özünü necə aparmalısan? Bu, bütün dünyada ön plandadır. Təşvişə düşmək qətiyyən olmaz. Xəstə, yaşlı insanları da düşünmək lazımdır. Na­rahat olan insanlardan kimi liftə minir, kimi küçəyə qaçır, kimi də özünü pən­cərədən atır. Bu, saniyələr ərzində baş verən hadisədir. Həyət evində, yaxud aşağı mərtəbədə bayıra çıxmaq olar. Amma elə yerdə dayanmaq lazımdır ki, binadan qopan əşyadan xəsarət almayasan. Evin içərisində elə yerdə dayanasan ki, nə isə üstünə düşməsin. Eyvana çıxmaq, liftə girmək, pilləkənlə qaçmaq təhlükəlidir.

– İyulun 4-də Xəzər dənizində qeydə alınmış zəlzələ insanlarda belə bir narahatlıq yaratmışdı...

– Həmin gün yerli vaxtla saat 00:01-də Xəzər dənizində zəlzələ qey­də alınmışdı. Dərhal insanlar küçələrə axışırdılar. Burada əsas məsələ ma-arifləndirmədir. Ən əsası şayiələrə inanmamaqdır. Dövlət orqanları, bu sahədə çalışanlar var, rəsmi məlumata qulaq asmaq lazımdır. Nə bilim, kimsə mesaj göndərir ki, zəlzələnin saat 4-də maqnitudası 6,1 olacaq, yaxud 2 saat sonra təkrar olacaq. Fikirləşmək lazım­dır ki, zəlzələ ocağının dərinliyi 65 kilo­metrdir. Bu halda necə mesaj vermək olar. Bu, mümkünsüzdür.

Həmin vaxt vəziyyəti operativ araş­dırdıq. O zəlzələnin bütün parametrlə­rini müəyyən etdik. Orada ayrılan və qalmış enerjinin gücü nə qədərdir və maksimal gücdə neçə təkan ola bilər – bunu hesabladıq. Böyük arxayınlıq­la televiziya kanalından müraciət etdik ki, şayiələrə inanmayın. Bunlar elmi cəhətdən əsaslandırılmış məsələlər­dir. Açıqlama verdim ki, qorxulu heç nə yoxdur. Düzdür, maqnitudası 5,5 orta güclü zəlzələ hesab olunur. Çox dərin­də olduğu üçün böyük bir ərazini əhatə edib silkələmişdi. Əgər 5-10 kilometr dərinlikdə olsaydı, təxminən, 8-9 bala çatardı.

– Zəlzələ təlaşı daha çox yeni tikilmiş hündürmərtəbəli binaların sakinlərində hiss olundu. Türkiyə­nin Kahramanmaraş vilayəti və ətraf ərazilərdə baş vermiş dağıdıcı zəl­zələdən sonra insanların hündür­mərtəbəli, yeni tikililərə inamı azalıb.

– Türkiyədə baş verən zəlzələ bö­yük faciəyə səbəb oldu. Seysmologi­yada zəlzələnin davamlığının 1 dəqiqə olması nadir haldır. Texnologiyaların inkişaf etdiyi müasir dövrdə, binaların tikintisi üçün yerlərin seçilməsi üçün geniş imkanların olduğu bir zamanda 50 mindən çox insanın həlak olması bir çox suallar meydana çıxardı. Bu böyük faciənin miqyasını azaltmaq olardımı?

Zəlzələdən sonra biz bir neçə əyalətdə olduq, tədqiqat apardıq. 6 seçmə şirkət yan-yana, eyni layihə ilə 6 bina tikib. Onun 4-ü dağılıb, ikisi silkələnib, sadəcə, çatlar əmələ gə­lib. İki yanaşı binanın birində sütunlar dağılıb, armaturlar sıxılıb, bina yatıb, digəri yüngül zədələnib. Onu da qeyd edim ki, həmin binalar bütün tələblərə əməl edilməklə inşa edilib. Ən dəhşətli “Bazarcıq” deyilən ərazidə qeydə alın­mışdı. Orda yerdaxili qruntun müxtəlif­liyi göstərir ki, şəhərsalmada binaları tikərkən ümumi seysmik xəritəyə əsas­lanıblar. Qruntu və yükü nəzərə alıblar, ayrı-ayrılıqda hər bina üçün tədqiqat aparılmayıb. Apardığımız tədqiqatla­rın nəticəsi olaraq göstərdik ki, eyni layihəli binanın biri yüngül zədələnib, yəni çatlar əmələ gəlib, digəri tamam çöküb. Deməli, laylar arasında müxtə­liflik var və bu, nəzərə alınmayıb.

– Araşdırmalar binaların keyfiy­yətsiz tikildiyini də göstərdi...

– Əlbəttə, orada keyfiyyətsiz bi­nalar da çox olub. Amma dediyim bu məsələ böyük rol oynayır. Geoloji qu­ruluş cəhətdən mürəkkəb ərazilərdə tikinti aparılan zaman layihələndir­mədən öncə hər binanın altı diqqətlə öyrənilməlidir. Memar və layihəçilər təlimata uyğun binalar inşa etməlidirlər.

Burada layların qırılması, yatımı, nəmliyi, sürüşmə modulu və s. var. Kahramanmaraşda yaponlar işləyir. Onlar da deyirlər ki, binaaltı tam öy­rənilməlidir. Məsələn, diqqət etsək, 2 bina arasında məsafə təxminən 8 metrdir. Binaaltı tədqiqat aparılsa “П” şəkilli binanın 2 qanadının 8, 1 qanadının 9 ballıq olduğu meydana çıxar. Seysmik xəritəyə görə, əgər o, 8 bal kimi layihələndirilibsə, o biri qanadlara nisbətən burada dağıntı çox olacaq. Belə götürəndə o layihəçinin günahı yoxdur. Axı xəritənin miqyası var. 1 metrdən 1 kilometrə kimi götürülür.

– Yeni seysmik xəritə bu sahədə hansı irəliləyişlərə səbəb olacaq?

– Seysmik xəritə hansı zonanın neçə ballıq olması ilə bağlı ümumi təsəvvür yaradır, ehtimal olunan təh­lükəli zonaları müəyyən edir. Sonun­cu seysmik rayonlaşdırma xəritəsi 1979-cu ildə hazırlanıb. Spitakda baş verən güclü zəlzələdən sonra 1991-ci ildə ümumi xəritədə avtomatik olaraq seysmik göstəricilər rayonlar üzrə 1 bal artırıldı. İndi həmin xəritəni tək­milləşdirmək üçün tədqiqat aparmaq lazımdır. Amma geoloji quruluş cəhət­dən mürəkkəb ərazilərdə hər binanın altında tədqiqat aparılmalıdır. Zəlzələ baş verəndə orada süxurların yatımı, növü, nəmliyi, məsaməliyi, sıxlığı öz işini görür, qrunt suyunun səviyyə­sindən asılı olaraq dalğa öz enerjisini buraxa-buraxa gedir. Bərk süxurlarda dalğa yüksək sürətlə hərəkət edir, o qədər də qorxulu deyil. Boş süxurlarda isə dalğanın buraxdığı enerji yer üzün­də hiss olunur.

– Yəqin buna görədir ki, bəzi hündürmərtəbəli binaların istismarı­na icazə verilmir...

– Fövqəladə Hallar Nazirliyi (FHN) yaranandan sonra 3 minə yaxın bina­nın tədqiqatı aparılıb, sonra layihə­çilərə verilib. Hər bir binanın altı ayrı­ca öyrənilib. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintini qəbul edir. Yəni, bütün normativlərə cavab verməyən tikinti qəbul edilmir. Bu, çox ciddi məsələdir. Xeyli bina var ki, onlar qəbul olunmayıb, lakin onların bəzilərində hətta insanlar yaşayır. Hazırda bu məsələlərlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məşğul olur.

FHN məsələ qaldırıb ki, yer­li mütəxəssislərlə birgə yaponları da dəvət edək, müvafiq işlər aparılsın. Bu sahədə birgə əməkdaşlıq üçün həmişə hazırıq. Yeni texnologiya və proqram­ların köməyi ilə rayonlar üzrə yeni tikil­miş binalar, onların seysmik dayanıqlı­ğı müəyyən olunandan sonra tədqiqat aparılacaq. Görülən işlər həm də güclü zəlzələ zamanı ərazinin hansı sahə­sinə ilkin xilasedicilərin göndərilməsi baxımından faydalı olacaq.

Hazırda bir çox bina var ki, öz vax­tını bitirib. “Xruşşovka”, “stalinka”ların sökülməsi üçün sərəncamlar verilib. İlk növbədə, qəzalı binalar söküləcək. Gələcəkdə isə o binaların hamısı yenisi ilə əvəz olunacaq.

– Ötən il ölkəmizdə yeni seysmik stansiyalar quraşdırılıb. Hazırda bu sahədə hansı işlər görülür?

– Bəli, 2022-ci ildə “Qafqaz və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” layihəsi çərçivəsin­də “Nanometrics” şirkətinin istehsalı olan 22 seysmik stansiya quraşdırılıb. Onlardan 12-si vulkanlar ətrafındadır. Yeni seysmik stansiyaların açılmasını planlaşdırırıq. Qardaş Türkiyə 1 kom-plekt seysmik avadanlıq verib. Şuşada Daşaltıda yeni seysmik stansiya açı­lacaq. Maliyyəni türklər öz üzərlərinə götürüblər. Yaxınlarda qazma işlərinə başlamalıdırlar. Qarabağda, ümumilik­də, 10 kompleks stansiyanın quraşdı­rılması planlaşdırılır.

Amerikanın Missuri Universitetinin professoru Erik Sandvol və universi­tetin əməkdaşı Dastin Rey Azərbay­canda səfərdədirlər. Səfərin məqsədi “Qafqaz kəsilişi” layihəsi çərçivəsində birgə həyata keçiriləcək tədqiqat işləri ilə bağlıdır.

Amerikalı seysmoloqlar AMEA nəz­dində RSXM-nin Monitorinq Mərkəzin­də Zəlzələlərin tədqiqatı bürosu və Zəlzələ ocaqlarının dinamikası şöbə­sinin əməkdaşları ilə aparılan tədqiqat işlərinə dair müzakirələr aparıblar.

 

“Xalq qəzeti”