“Maarif fədaisi adlı elmi-praktik konfrans
İyn 05, 2023 | 12:00

5 iyun 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə Şəki Dövlət Regional Kollecində görkəmli yazıçı-dramaturq, ictimai xadim Rəşib bəy Əfəndiyevə həsr olunmuş “Maarif fədaisi”  adlı elmi-praktik konfrans keçirilib. Konfrans AMEA Rəyasət Heyətinin 16 mart 2023-cü il tarixli 1/1 №-li Qərarının 3.12. və 3.16. bəndlərinin icrası ilə əlaqədar baş tutub.

Tədbiri giriş sözü ilə açan “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun direktoru Məmməd Əhmədov konfransda birgə təşkilatçılığa görə AMEA-nın rəhbərliyinə və əməkdaşlarına təşəkkür edib, konfransın işinə uğurlar diləyib.

Şəki REM-in elmi işlər üzrə direktor müavini biol.ü.f.d. Fərhad Əzizov giriş sözündə Rəşid bəy Əfəndiyev kimi dünyəvi miqyasda tanınan şəxsiyyətin işığına toplaşmaqdan böyük fəxarət hissi keçirdiyini qeyd edib. Fərhad Əzizov əlavə edib ki, dahi şəxsiyyətlərin fəaliyyəti uzun müddət tədqiqat obyekti olur, məhz bu baxımdan gənc nəslin inkişafında yeri olan R.Əfəndiyevin həyat yaradıcılığı əhatəli və təqdirəlayiqdir.

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin elmi katibi Elşən Abdurahmanov “Rəşid bəy Əfəndiyevin tərcümeyi-halı dövrün ictimai-siyasi və mədəni vəziyyətinin öyrənilməsində mənbə kimi” adlı məruzə ilə çıxış edib. O bildirib ki, “Tərcümeyi-hal”da Şəkinin məscid və mədrəsələri, bu mədrəsələrdə istifadə olunan tədris proqramları, müdərrislər, rus məktəbləri, əhalinin bu məktəblərə münasibəti, teatrın təşkilinə ictimai münasibət və s. mədəni-təhsil məsələləri  ilə yanaşı, Şəki qəzasında, həmçinin Azərbaycanda  baş verən ictimai-siyasi vəziyyətin müəyyən nüansları müfəssəl şəkildə şərh olunub.  

AMEA-nın  Şəki Regional Elmi Mərkəzinin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Ulduz Mürşüdova “Rəşid bəy Əfəndiyevin yaradıcılığında qadına münasibət” adlı cıxışında qeyd edib ki, Rəşid bəyin qadına münasibəti onun bədii yaradıcılığından qırmızı xətlə keçir. Məruzəçi R.Əfəndiyevin və M.F.Axundovun qadınlar haqda fikirlərini səsləndirərək onların  qadına münasibətini təhlil edib. Dosent Mürşüdova “qadına dəstək olmağa bütün cəmiyyət borcludursa, qadınların da borcu şərəf-ləyaqətlərini qoruyaraq ali mərtəbəyə yüksəlməkdir” deyərək çıxışını yekunlaşdırıb.

Rəşid bəy Əfəndiyevin ev muzeyinin direktoru Vəfa Qasımzadə “Rəşid bəy Əfəndiyevin ev muzeyi” adlı çıxışında muzeyin 1992-ci ildən fəaliyyətə başlaması, 2013-2014-cü illərdə yenidən restavrasiya olunması, otaqların sayı, interyeri və eksteryeri haqqında məlumat verib və konfrans iştirakçılarını muzeyə dəvət edib.  

Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq və Etnoqrafiya muzeyinin direktoru Vüqar Mustafayev “Rəşid bəy Əfəndiyevin pedaqoji fəaliyyəti” adlı məruzəsində Əfəndiyevin pedaqoji fəaliyyəti, yeni əlifba yaratmaq cəhdləri, tərcüməçilik fəaliyyəti, həmçinin “Bəsirətül-ətfal” əsərində müəllifin pedaqoji görüşləri haqqında məlumatları konfrans iştirakçıları ilə bölüşüb.

 “Rəşid bəy Əfəndiyevin dini görüşləri” mövzusunda çıxış edən Şəki REM-in əməkdaşı Habil Xəlilov “Qurani-Kərim”in bir çox surələrindən nümunə gətirərək, Rəşid bəy Əfəndiyevin “Müxtəsər şəriyyət” əsərini təhlil edib.

AMEA-nın  Şəki Regional Elmi Mərkəzinin “Tarixi irs və etnoqrafiya” şöbəsinin elmi işçisi Reyhan Mənəfova nitqində  “Qonşu-qonşu olsa, kor qız ərə gedər əsərinin ideya-bədii xüsusiyyətləri” haqqında bəhs edib. O qeyd edib ki, əsərin əsas ideyası qızların maariflənməsi, təhsilə cəlb edilməsidir. 1913-cü ildə yazılan bu əsərin əsas süjet xəttini isə Qəbələdən gələn Qaçaq bəy adlı tacirin Şəkidə ailə qurması təşkil edir. Əsər bədii cəhətdən zəif olmasına baxmayaraq, Şəkidə olan ictimai, siyasi mühitin,  dövrün etnoqrafik elementlərinin, Şəki dialektinin öyrənilməsi və araşdırılması, həmçinin erməni xislətinin üzə çıxarılması baxımından əhəmiyyətlidir. Məruzəçi həmçinin bildirib ki, R.Əfəndiyevin əsərlərinin qələmə almasında dahi Azərbaycan drammaturqun M.F.Axundzadəni örnək  götürüb, ondan ilham alıb.

 Şəki “Yuxarı baş”  Milli Tarix Memarlıq  Qoruğunun elmi işçisi Zəminə Rəsulova “Rəşid bəy Əfəndiyevin əsari-ətiqələr adlandırdığı Şəki abidələrinin müasir vəziyyəti” adlı məruzəsində  abidələrin  müasir vəziyyəti  haqqında bəhs edib, onların ilk mühafizəçisinin də məhz  müəllifin özü olduğunu vurğulayıb. Ümummilli lider H.Əliyevin nüfuzu və səyi  nəticəsində Şəki Xan Sarayının Dünya  Bankının dəstəyi ilə təmir edildiyini qeyd edib.

Tədbirin yekununda görkəmli maarifçiyə həsr olunan filmə baxış keçirilib və R.Əfəndiyevin ev muzeyi ziyarət edilib.