“Alimlər Peyğəmbərlərin varisləridir” adlı elmi-praktik konfrans
May 16, 2023 | 12:00

15 may 2023-cü il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Şəki Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə Şəki Dövlət Regional Kollecində görkəmli dini-ictimai xadim, təfsirçi alim Axund Hacı Şeyx Fərəcullah Pişnamazzadəyə həsr olunmuş “Alimlər Peyğəmbərlərin varisləridir” adlı elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Şəki Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğunun direktoru  Məmməd  Əhmədov  elmi-praktik konfransın işinə uğurlar arzulayıb.  O, çoxsaylı tarixi abidələri, şəhərsalma mədəniyyəti və sənətkarlığı ilə seçilən Şəki şəhərinin unikal insanları, görkəmli ziyalıları və din xadimləri ilə də məşhur olduğuna diqqət çəkib.

AMEA-nın Şəki REM-nin elmi katibi Elşən Abdurahmanov giriş sözündə konfrans iştirakçılarını salamlayaraq,  tədbirin təşkilində zəhməti olan şəxslərə Şəki REM-in rəhbərliyi adından səmimi təşəkkürlərini çatdırıb. O, nitqində XX əsrin əvvəllərində Azərbaycandakı ictimai-siyasi vəziyyətdən, Çar Rusiyasının yeritdiyi müstəmləkə siyasəti şəraitində milli burjuaziyanın, ziyalıların, tərəqqipərvər din xadimlərinin mütərəqqi fəaliyyətindən, maarifçilik hərəkatından, çarizmin milli və dini təxribatları, həmçinin erməni qırğınları zamanı vətənpərvər ziyalıların bu istiqamətdə Pişnamazzadənin fəaliyyətini şərtləndirən amillərdən danışıb.

Şəki REM-in aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Kamil Adışirinov “XX əsrin əvvəllərində Şəki ədəbi mühiti” mövzusunda çıxış edib. Şəki ədəbi mühitinin məxsusi cəhətləri, görkəmli nümayəndələri, indiyədək Azərbaycan ədəbiyyatında, mədəni mühitində tədqiqatdan kənarda qalan məsələləri şərh edib,  F.Pişnamazzadənin ictimai-mədəni mühitin formalaşmasındakı rolunu diqqətə çatdırıb.

Daha sonra Şəki REM-in əməkdaşı, Xan məscidinin imam-naibi Habil Xəlilov “Pişnamazzadənin irsi milli-mənəvi sərvətimizdir” mövzusunda çıxış edib. H.Xəlilov çıxışında XX əsrdə Şəki şəhərində fəaliyyət göstərən məscidlər və mədrəsələr haqqında məlumat verib. O qeyd edib ki, çarizmin apardığı milli-müstəmləkə siyasətinin tərkib hissələrindən biri də sünni-şiə məsələsini şişirtməklə xalqı qarşı-qarşıya qoymaq idi. Lakin Axund F.Pişnamazzadə və Müfti Nurməmməd əfəndinin səyləri nəticəsində bu təxribatların aradan qaldırıldığını vurğulayıb. Pişnamazzadənin xalqın maariflənməsi istiqamətindəki mühüm rolundan, dini elmlərlə yanaşı, dünyəvi elmlərə də sahib olmasından, həmçinin onun  dini fəaliyyətində tolerantlığın diqqət mərkəzində saxlanıldığından bəhs olunub. 

Şəki-Oğuz bölgəsinin qazısı Kamran əfəndi öz çıxışında dini və dünyəvi elmlərin  vəhdətinin şəxsiyyətin formalaşmasındakı rolundan bəhs edib və bu keyfiyyətin Pişnamazzadə həzrətlərində özünü ehtiva etdiyini vurğulayıb. O, Pişnamazzadə dövrünün mütəfəkkir maarifçi şəxsiyyətləri ilə olan ünsiyyətindən, əlaqələrindən danışıb. Natiq onu da əlavə edib ki, istər din, istərsə də elm adamlarının əsas vəzifəsi əqidəsinə, milli-mənəvi dəyərlərinə sadiq qalmaq, öz fəaliyyətlərini zəngin tarixi, dini, milli kökümüz üzərində qurmaqdır.

 Şəki Yuxarıbaş Milli Tarix Memarlıq Qoruğunun elmi işçisi Zəminə Rəsulova “İmaməli məscidinin memari quruluşuna bir nəzər” adlı məruzəsində Şəkinin dini-memarlıq abidələri haqqında ümumi məlumat verərək, bu abidələr içərisində İmaməli məscidinin özünəməxsus yer aldığını qeyd edib. Məscidin Pişnamazzadələr nəslinin nümayəndələri tərəfindən inşa edilməsi, məscid həyətində dəfn edilən həmin nəslin nümayəndələrinin məzarları, məscidin daxili və xarici interyeri, abidənin 1994-cü ildə YUNESCO-nun mədəni irsinə daxil edilməsi haqqında məlumat verib.

Tədbirin sonunda Axund Fərəcullah Pişnamazzadə ilə bağlı onun nəslinin nümayəndələrindən əldə edilən videoçarxa baxış keçirilib.