31 mart tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Akt zalında “Elmi müəssisələrdə əməli yazı nümunələrinin Azərbaycan ədəbi dil normalarına və üslub xüsusiyyətlərinə uyğun tərtib və tətbiq edilməsi” adlı təlim keçirilib
Mart 31, 2023 | 11:00
31 mart tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Akt zalında “Elmi müəssisələrdə əməli yazı nümunələrinin Azərbaycan ədəbi dil normalarına və üslub xüsusiyyətlərinə uyğun tərtib və tətbiq edilməsi” adlı təlim keçirilib. Təlim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli 2837 №-li Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın 6.2.3. bəndinə və Şəki şəhər İcra Hakimiyyəti Başçısının Aparatından daxil olan 26.01.2023-cü il tarixli 5-7/2-5/150/2003 №-li məktuba müvafiq olaraq təşkil edilib. Təlimdə Şəki REM-in elmi heyəti, ADPU-nun Şəki filialının müəllim və tələbələri iştirak ediblər. Şəki REM-nin baş elmi işçisi, ped.elmləri doktoru, prof. F.İbrahimov təlimi giriş sözü ilə açaraq, onun mahiyyəti, təşkil edilməsindəki məqsəd barədə məlumat verib. O qeyd edib ki, Azərbaycan dilinin saflığının qorunması, onun inkişaf etdirilməsi, ədəbi dil normaları və üslub xüsusiyyətlərinə uyğun şəkildə işlədilməsi mühüm əhəmiyyət kəsb edir. Natiq dilin qorunmasını milli varlığımızın, milli kimliyimizin, milli qürurun qorunması kimi ifadə edib.
Şəki REM-in “Tarixi irs və etnoqrafiya” şöbəsinin elmi işçisi Reyhan Mənəfova qeyd olunan mövzu üzrə iştirakçılara təlim keçib. O, ilk olaraq Azərbaycan dilinin keçdiyi tarixi inkişaf dövrü, dilimizin işlənmə arealı, Azərbaycan ədəbiyyatında dilimizin gözəlliyinin təqdim edilməsi mərhələləri barədə dinləyiciləri məlumatlandırıb. Azərbaycanda mövcud olan dövlətlərin dilin inkişafındakı xidmətləri qeyd olunub. Təlim prosesi zamanı Azərbaycan ədəbi dilinin normaları, dilin üslub xüsusiyyətləri geniş şərh edilib. Elmi, elmi-publisistik və kütləvi informasiya vasitələri üçün hazırlanan yazıların tərtib qaydaları, Azərbaycan ədəbi dilinin normalarına əməl edilməsində diqqət yetirilməli məqamlar vurğulanıb. Təlimçi həmçinin, Azərbaycan ədəbi dilinin əməli yazı nümunələri haqqında da ətraflı məlumat verib.
Elmi Mərkəzin elmi katibi E.Abdurahmanov təlimdə bəhs olunan mövzu ətrafında çıxış edərək, Azərbaycanda tarixən dilin inkişafına mane olan proseslər, dilimizin keçdiyi keşməkeşli yol, dilin qorunması və inkişafında ziyalıların, siyasi və ictimai xadimlərin rolu haqqında bəhs edib. Ulu öndər Heydər Əliyevin Azərbaycan dilinin dövlət səviyyəsində qəbul edilməsi və işlədilməsi uğrunda mübarizəsinə diqqət çəkib.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanıb. İştirakçılar təlimin təşkilatçılarına və təlimçiyə öz təşəkkürlərini bildiriblər, belə təlimlərin davamlı olmasını arzulayıblar.