AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan və Türk mədəniyyətinin inkişafında Şuşa ədəbi mühitinin rolu (ədəbi məclislər kontekstində)” mövzusunda elmi seminar
Mart 10, 2023 | 12:00
10 mart 2023-cü ildə Şəki MKS-nin İ.S.Nakam adına mərkəzi kitabxanasında AMEA-nın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan və Türk mədəniyyətinin inkişafında Şuşa ədəbi mühitinin rolu (ədəbi məclislər kontekstində)” mövzusunda elmi seminar keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Şuşa şəhərinin 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Sərəncamının icrasının təmin edilməsi məqsədilə AMEA Rəyasət Heyətinin 08 dekabr 2022-ci il 22/1 nömrəli qərarına əsasən 16 yanvar 2023-cü il tarixli 2/2 saylı qərarı ilə təsdiqlənmiş “Tədbirlər Planı”na dair təkliflərin tərkib hissəsini təşkil edib.
Seminarda Şəki REM-in “Folklorşünaslıq və el sənətləri”, “Tarixi İrs və Etnoqrafiya”, “İctimaiyyətlə Əlaqələr”, “Ekoloji biofizika”, “Ekoloji coğrafiya” şöbələrinin, həmçinin İ.S.Nakam adına mərkəzi kitabxananın əməkdaşları, ADPU-nun Şəki filialının “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının və Şəki Regional Kollecinin tələbələri iştirak ediblər. Tədbiri açan Şəki MKS-nin İ.S.Nakam adına mərkəzi kitabxanasının “Xidmət və abonoment” şöbəsinin müdiri D.Ş.Yaqubova elmi seminarın məhz onların müəssisəsində təşkil edildiyinə görə Şəki REM rəhbərliyinə təşəkkürünü çatdırıb və tədbirin işinə uğurlar arzu edib. Sonra “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri İ.Ə.Yusifova yaradılmış münbit şəraitə görə Şəki MKS-nin rəhbərliyinə dərin təşəkkürünü bildirib və “Şuşa şəhərinin 2023-cü il üçün Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı ölkə Prezidentinin Sərəncamı ilə Şəki REM-də həyata keçirilən tədbirlər, onun mahiyyəti, əhatə dairəsi haqqında məlumat verib. Daha sonra Şəki REM-in “Tarixi irs və etnoqrafiya” şöbəsinin rəhbəri R.R.Həsənov “XVII əsrin sonu və XIX əsrdə Azərbaycanda ictimai, siyasi, sosial-iqtisadi vəziyyət”, “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri İradə Yusifova “Qarabağ – Şuşa ədəbi mühiti uzaq keçmişdən bugünümüzədək”, “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Kamil Adışirinov “XIX əsr ədəbi məclisləri: “Məclisi-üns” ədəbi məclisi:yaranması, inkişafı və ədəbi-tarixi töhfələri”, “Elmi-texniki informasiya” şöbəsinin baş mütəxəssisi Günel Musayeva “XIX əsr Şuşa ədəbi mühitinin qadın şairləri” və “Tarixi irs və etnoqrafiya” şöbəsinin elmi işçisi Reyhan Mənəfova “Qarabağın sufi şairlərindən olan Mir Həmzə Nigari yaradıcılığında Qarabağ mövzusu” adlı məruzələrlə çıxış ediblər. Məruzələrdə XIX əsr Azərbaycanda xanlıqların ictimai, siyasi, sosial-iqtisadi vəziyyəti, Şuşa ədəbi mühiti və burada yaradılan ədəbi məclislər, Şuşanın qadın şairləri və Qarabağ mövzusunda yazıb-yaratmış sənətkarlar haqqında məlumatlar özünə yer alıb. Məruzələr seminar iştirakçıları tərəfindən maraqla qarşılanmış və mövzular ətrafında maraqlı müzakirələr aparılıb.