AMEA-nın Şəki REM-də 20 yanvar faciəsinin ildönümünə həsr edilən tədbir keçirilib
Yan 19, 2023 | 12:00

19 yanvar 2023-cü il tarixində AMEA-nın Şəki REM-də 20 yanvar faciəsinin ildönümünə həsr edilən tədbir keçirilib. İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib Şəki REM-in direktoru fiz. üzrə f.d., dosent Y.H.Şükürlü çıxışında 20 Yanvar hadisələrinin Azərbaycan tarixində müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli-azadlıq hərəkatının zirvəsi kimi həkk olunduğunu qeyd edib. O, 20 Yanvar hadisələrinə aparan yola, Sovet hakimiyyəti rəhbərliyinin milli-azadlıq hərəkatına qarşı yeritdiyi təxribatçı siyasətinin mahiyyətinə diqqət çəkib. “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri İ.Yusifova nitqində 20 Yanvar hadisələri zamanı hərbi təcavüz nəticəsində insan itkisinin, törədilən cinayətlərin və dağıntıların miqyasına nəzər salıb. Həmin dövrdə Azərbaycan rəhbərliyinin yarıtmaz və milli mənafeyə zidd siyasətindən bəhs olunub. İlk dəfə ümummilli lider H.Əliyev tərəfindən 20 Yanvar hadisələrinə verilən obtektiv hüquqi və siyasi qiymətin mahiyyəti şərh edilib. Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin şəhid ailələrinə münasibəti, diqqət və qayğısı yüksək qiymətləndirilib. Sonra “Landşaftşünaslıq” şöbəsinin rəhbəri geologiya üzrə fəlsəfə doktoru H.Mustafabəyli Yanvar hadisələri zamanı Azərbaycanın şimal-qərb bölgəsində cərəyan edən ictimai-siyasi vəziyyət, milli-azadlıq hərəkatının xüsusiyyəti haqda nitq söyləyib. O, nitqində həmçinin hadisələrin həmin dövrdə sovet mətbuatında əks olunması məsələlərini şərh edib. “Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Y.Rəhimov çıxışında XX əsrin sonlarında Qafqazda cərəyan edən geosiyasi proseslərə, baş verən hadisələrdə Sovet rəhbərliyinin dəstəyi Azərbaycanda həyata keçirilən erməni təxribatlarına nəzər salıb. Daha sonra 20 Yanvar hadisələrini əks etdirən foto sərgiyə və video çarxa baxış keçirilib.