Şəki REM-in növbəti Elmi Şura yığıncağı keçirilib
Dek 09, 2022 | 12:00
09 dekabr 2022-ci il tarixində Şəki REM-in növbəti Elmi Şura yığıncağı keçirilib
AMEA-nın Şəki REM-nin 2022-ci il üzrə Hesabatının müzakirəsinə həsr olunan Elmi Şura yığıncağı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayevin iştirakı ilə keçirilib. İclası AMEA-nın Şəki REM-nin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü açaraq gündəlikdəki məsələlərlə iştirakçıları tanış edib. Gündəlik səsə qoyulub və qəbul edilib. O, bildirib ki, 2022-ci hesabat ilində Şəki REM-də “Elmin İnkişafı üzrə Milli Strategiya”ya müvafiq olaraq Azərbaycanın şimal-qərb regionunun problemləri: folkloru və el sənətləri, tarixi və etnoqrafiyası, ipəkciliyin inkişafı, landşafşünaslıq və ekoloji coğrafiyası, ekoloji biofizikası, bitkilərin biokimyası, bitkilərin genofondu və biomüxtəlifliyinin öyrənilməsi üzrə 6 istiqamətdə, 8 mövzu və bu mövzular daxilində 15 elmi-tədqiqat işi aparılıb. Qeyd edilib ki, 2022-ci ilin elmi-tədqiqat planında nəzərdə tutulan bütün işlər AMEA-nın Şəki REM-nin əməkdaşları tərəfindən yerinə yetirilib.
2022-ci ildə Şəki REM-in əməkdaşları 24 beynəlxalq, 1 respublika əhəmiyyətli elmi konfransda iştirak edib, 25 konfrans materialı, o cümlədən 16 tezis nəşr olunub. Şəki REM əməkdaşlarının 34-i xarici, o cümlədən 20-si İngiltərə, Fransa, Polşa, Koreya, Türkiyə, Qazaxıstan, Rusiya kimi ölkələrin beynəlxalq indeksli elmmetrik bazalarına daxil olan jurnallarda olmaqla, ümumilikdə 42 elmi məqaləsi çap olunub. 9 məqalənin SCOPUS, 4 məqalənin WEB OF SCİENCE bazalarına daxil olduğu haqda məlumat verilib. 2022-ci ildə Şəki REM-in əməkdaşlarının məqalələrinə 17 istinad olub, 2 dərslik -kitab, 3 fənn proqramı, 2 dərs vəsaiti nəşr edilib.
Şəki REM-nin direktoru, kadrların hazırlanması istiqamətindəki fəaliyyətdən bəhs edərək, 2022-ci ildə Şəki REM-in 1 əməkdaşının fəlsəfə doktorluq dissertasiyası müdafiə etdiyini, 3 əməkdaşın doktorluq və 10 əməkdaşın isə fəlsəfə doktorluğu proqramı üzrə AMEA-nın və Azərbaycan Respublikası ETN-nin müxtəlif institutlarında tədqiqatları davam etdirdiyini bildirib, elmi-texniki əməkdaşlığa dair müqavilə əsasında 10 xarici ölkə ilə əməkdaşlıq edildiyini vurğulayıb.
Sonra Elmi katib Elşən Abdurahmanov AMEA-nın Şəki REM-nin 2022-ci il üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatla yığıncaq iştirakçılarını tanış edib. Müzakirələr aparıldıqdan sonra, tədqiqatların mövzu proqramlarına uyğun şəkildə yerinə yetirildiyi qəbul edilib. Hesabatın elmi və struktur baxımdan qənaətbəxş şəkildə tərtib olunduğu və AMEA rəhbərliyinə təqdim edilməsi qərara alınıb.
Sonra gündəlikdəki digər məsələ-Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi haqqında 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrasına dair AMEA Rəyasət Heyətinin 30 sentyabr 2022-ci il 18/1 saylı qərarına əsasən Şəki REM tərəfindən hazırlanan “Tədbirlər Planı” barədə Sənədlərlə iş şöbəsinin rəhbəri N.Abdurahmanov məlumat verib. O bildirib ki, “Tədbirlər Planı” 13 bənddən ibarətdir və həmin bəndlərə əsasən Şəki REM əməkdaşlarının 2023-cü il ərzində Şimal-qərb bölgəsində Ulu Öndərin çoxşaxəli fəaliyyəti ilə bağlı konfrans, seminar, dəyirmi masa və digər elmi, elmi-təşkilatı fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.
Daha sonra, Şəki REM-nin “Elmi-texniki informasiya” şöbəsinin rəhbəri G.Musayeva və “Mühasibatlıq” şöbəsinin baş mühasibatçısı U.Süleymanovun 2022-ci il üzrə hesabatları dinlənilib. Hesabatlara müəyyən əlavə və düzəlişlər edilərək, Şəki REM-in ümumi hesabatına daxil edilməsinə qərar verilib. Yığıncağın sonunda cari məsələlər müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Elmi Şura iclasında müzakirə edilən məsələrə, cari hesabata və onların fonunda Elmi Mərkəzin multidissiplinar xarakterli fəaliyyətinə münasibətini bildirərək qeyd edib ki, hesabat ilində həyata keçirilən elmi tədqiqat işlərinin əhəmiyyəti, prioritet istiqamətləri əldə edilən nəticələrin elmtutumluğu diqqət çəkir. O, kiçik bir kollektivin dünyanı narahat edən qlobal problemlərdən olan səhralaşma, iqlim dəyişikliyi, ərzaq çatışmazlığı və s. bu kimi məsələlər üzrə regional tədqiqatlar aparmasını təqdirəlayiq hal hesab edib. Şəki REM-in müvafiq şöbələri üzrə dərman bitlikərinin, o cümlədən onların biokimyəvi tərkibinin, bitki genofondunun, biomüxtəlifliyin, regionda ekoloji vəziyyətin, landşaft məsələlərinin, tarixi, mədəni və mənəvi irsin, folklorun, multikultural dəyərlərin öyrənilməsi, həmçinin, tut və vəhşi ipəkqurdunun toxum bazasının mühafizəsi və öyrənilməsi istiqamətindəki işlərə yüksək qiymət verib. Alim-mütəxəssis eyni zamanda, elmi-tədqiqatlar zamanı monitorinqlərin artırılmasının, yeni patentlərin əldə edilməsinin, beynəlxalq indeksli jurnallarda məqalələrin nəşrinə diqqətin artırılmasının zəruriliyini nəzərə çatdırıb. Professor İ.Mustafayev elmi-tədqiqatların növbəti illərdə də uğurla davam etdiriləcəyinə inamını ifadə edib.