Hər xatirəsi bir kitab olan insan...
Apr 14, 2022 | 12:00
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin kiçik elmi işçisi Reyhan Miqdadqızı Mənəfovanın filologiya elmləri doktoru, professor Kamran Əliyevin əziz xatirəsinə həsr olunmuş məqaləsi https://manera.az/index.php?newsid=14181 saytında işıq üzü görmüşdü.
Həyatda elə insanlar var ki, onların varlığı cəmiyyətin, ölkənin, xalqın gələcək rifahı, çiçəklənməsi, inkişafı üçün nə qədər vacibdirsə, yoxluğu da eyni dərəcədə böyük itkidir.
Bu gün dəyərli ziyalı, əməkdar elm xadimi, professor, yazıçı, publisist, sevimli müəllim, layiqli insan Kamran Əliyevi xatırlayırıq. Onun yoxluğu daxilimdə böyük bir boşluq yaratdı. Ürəyimin bir köşəsində daim məhəbbətlə andığım, dəyər verdiyim, hər sözünü, hər məsləhətini qulağıma sırğa etdiyim, hər bir mühazirəsini xüsusi maraqla dinlədiyim dəyərli müəllimimin əziz xatirəsinə bir neçə cümlə yazmaq, onu kağız üzərində də olsa, yenidən həyata qaytarmaq istədim. Əslində, onun kimi insanları tarix özü yaşadır və yaşadacaq. Mən isə sadəcə yaşantılarımı ifadə etmək üçün yazmaq istədim. Nə qədər alınacaq deyə bilmirəm, amma bu səmimi hisslərimi ifadə etməyi özümə borc bildim.

Nəhəng insan idi O... Gerçək elm fədaisi, ədəbiyyatın vurğunu, əsl insanlıq nümunəsi olan nəhəng insan...(Onu da qeyd edim ki, Kamran müəllim özü dahi insanların haqqında danışarkən nəhəng sözündən istifadə etməyi xoşlayırdı. Ona görə də, Kamran Əliyevdən danışarkən bu haqqı verməyi özümə borc bildim). Amma bir o qədər də sadə, səmimi. Gözlərində qəribə sükut vardı. Bu sükut səssizlik deyildi, o danışırdı. O, sükutun səsini duya bilənlərəsanki o qədər dərin yaralardan danışırdı ki! Qayğılı baxışları ilə şəxsən mənim hər zaman diqqətimi cəlb edirdi. Bir an belə susmurdu o baxışlar. Sanki səssizliyin dərinliyindən qışqıran balaca bir oğlanın ürək ağrıdan sükutu idi bu.

Əslində gözlərinin dərinliyini zəbt etmiş bir həsrətli sükut ondan danışırdı. “Mən hələ də içimdə uzun illər əvvəlki balaca Kamranı yaşadıram. Anasını dünyadakı hər kəsdən çox sevən, onun qayğısına daim ehtiyac duyan, hər nəfəsində onu hiss edən, həm də onun üçün həsrət çəkən balaca Kamranam”, deyirdi. Qayğılı, qayğısız uşaqlığının həsrətini çəkirdi. Bu, onun gözlərindən o qədər yaxşı oxunurdu ki...Bu həsrətlə yanaşı, həyata sonsuz bağlılığı vardı Kamran Əliyevin. Həyatı da elə həsrəti seydiyi qədər sevirdi.“Həsrət olmasaydı, həyatın mənası olmazdı. Həsrət olmasaydı, hicran olmasaydı, vüsal da olmazdı. Siz bir vüsala baxın, nə qədər şirindir”, deyirdi. Deməli, hər kəlmənin anlamını bilmək üçün yaşamaq, yaşamaq üçün isə kəlmələrin kifayət etmədiyini dərk etmək vacibdir.

Həyat nə qədər də mürəkkəbdir, professor!
O, yaşamağı sevirdi, yaşamaq istəyirdi, bütün insanlar kimi. Sadəcə hamı kimi deyildi, o fərqli idi, çünki yarada bilirdi. Kamran Əliyev yaratmaq üçün yaşayırdı sanki. Hər günü bir hekayə, hər hekayəsi bir xatirə, hər xatirəsi bir kitab idi, Kamran müəllimin.

Danışırdı... Qızıl kəlmələrilə yaddaşlara həkk olunurdu. Elə mehriban danışırdı ki, istər-istəməz onun səsindəki məhrəmliyi hiss edirdin, duyurdun. Heç əsəbiləşməzdi, qışqırmazdı, danlamazdı, könül qırmazdı.O qədər təmkinlə başa salar, izah edərdi ki, ruhun dincələrdi, qulaq asmaqdan, dinləməkdən doymazdın, yorulmazdın. Vaxtın necə keçdiyini anlamazdın.

Arzularla dolu, xatirələrlə zəngin bir kitab idi Kamran Əliyev. Sonsuz biliklərin, həyat təcrübəsinin toplandığı dəyərli kitab. Vərəqlədikcə tükənməyən səhifələrlə dolu, insana bir ömür yaşamağın sirlərini öyrədən, oxuduqca səni daha da dərinlərə çəkən dibsiz bir kitab. Onu sətir-sətir oxumaq, kəlmə-kəlmə anlamaq oxucuyaböyük mənəvi həzz, xüsusi zövq verirdi. Hər cümləsindən mütləq yeni şeylər öyrənirdin. O, elmi yaşadığımız həyata tətbiq edərək, həyatla əlaqələndirərək öyrənməyin daha gözəl nəticələr verəcəyini öyrətdi mənə. Hər elmi nailiyyətin arxasında mütləq ki, bir həyat həqiqətinin gizləndiyinə inandırdı. O deyirdi: “Nyuton “Ümumdünya Cazibə Qanunu”nu kəşf etdi.

Amma onun arxasında dayanan sadə həyat həqiqəti vardı, başına alma düşmüşdü. Bəs alma düşməsəydi, bu qanun kəşf olunmayacaqdı? Təbii ki, olunacaqdı, amma başqa bir həyat həqiqətinin köməyi ilə. Bax, ədəbiyyat da belədir. Həyat həqiqətləri ədəbiyyatın yaranmasının birbaşa zəminidir. Ona görə də ədəbiyyatı dərk etməyin ən yaxşı yolu onu həyatla paralel öyrənməkdir”.Heç nəyin boş-boşuna yaranmadığını, hər şeyin əsasının həyatda olduğunu maraqlı faktlarla nəzərimizə çatdırırdı.

“Ən yaxşı cümlələr, ən gözəl düşüncələr, ən maraqlı əsərlər gecələr yaranır, ona görə də beyninizə nə gəldi zamanından asılı olmayaraq, mütləq kağız üzərinə həkk edin”, deyirdi.“Unutmayın ki, yazmadığınız sizin deyil” kimi tezisi vardı Kamran müəllimin. Bir də deyirdi ki, “əllə yazılıb gözlə görülən hər şey beynin yaxın dostu olur. Bəlkə ürək hər şeyi unudur, amma gözlərin və beynin onu sənə daim xatırladır”.

Böyük əlləri vardı. Ancaq o qədər xırda yazısı vardı ki, bəzən məni heyrətləndirirdi. Nədənsə düşünürdüm ki, belə əllərin sahibi iri hərflərlə yazmalıdır.Niyə əllərdən danışdım? Çünki bizdə deyərlər “yumruğun nə böyüklükdədirsə, ürəyin də o ölçüdədir”. Deməli, böyük ürəyi vardı, mənim qəhrəmanımın. O qədər böyük idi ki, minlərlə tələbə sevgisini qoruyub saxlaya bilirdi. Az qala bütün tələbələrin adlarını əzbər bilirdi. İllərlə dərs dediyi bütün tələbələrin. Yeri gəldikcə, onlardan danışar, nümunə gətirərdi.

Dərsləri maraqlı keçərdi. Hər dərsə həyatından, ya da müşahidə etdiyi hadisələrdən nümunə gətirərək başlayar, sonra onları qəribə və maraqlı məntiqlə bir-birinə bağlayar, müqayisə edərək yaddaşımıza həkk edərdi. Mən yalnız ondan sonra dərk etməyə başladım ki, insan həyatı bəzən bir hekayə, bəzən gözlənilmədən dəyişən novella, bəzən bir roman kimi davam edərək, bir neçə sətirlik epitafiya ilə sona çatır. Burada da Kamran müəllimin ədəbiyyatla bağlı fikirləri təsdiqlənir. “Hər birimizin ömrü bir ədəbiyyatdır”. Doğurdan da, insan ömrünün hər dəqiqəsi, hətta ölümü belə ədəbiyyatdır. Ona görə də ölümü ədəbiyyatla həyatın əlaqəsini ifadə edən möhtəşəm bir epitafiyaya çevrilib əbədi yaşayır..

Bir də deyirdi ki, “Ədəbiyyat bir sənətdir. Həyat hadisələrini birləşdirib, onlara heç kimin görmədiyi cəhətdən yanaşmaq və fərqli təqdim edə bilmək bacarığıdır. Hər kəs fərqli düşünə bilər, amma hamı fərqli düşüncəsindən yüksək səviyyədə istifadə edib yaratmaq qabiliyyətinə malik olmur. Kim ki, bunu bacarır, o xoşbəxt insandır. Fikirlərinizi yazmaqdan çəkinməyin!” Dəyərli professor, mən sizin sözlərinizə əməl edərək yazdım, nə dərəcədə yarada bildiyimə oxucu və zaman qərar verəcək.Axı yazdıqlarımız bizim nə qədər yaşayacağımızın təminatçılarıdır.

“Atalar sözləri aksiomadır, yəni filan misal yerində deyilməyib, nə üçün deyilib, deyə səbəb axtarmağın əhəmiyyəti yoxdur. Yaşadıqca onlar özləri bir-bir gəlib sizi tapacaqlar”, deyirdiniz, hörmətli professor. Mən atalar sözlərinin hikmətini bu cümlədən sonra daha yaxşı dərk etmişəm, əminəm ki, ömrüm olduqca da onları yaşayacaq və dərk edəcəyəm.

Mən onu da anlamışam ki, Kamran Əliyev də, elə atalar sözləri kimi aksioma idi. Yəqin ki, o elə bu cür doğulmuşdu. Onun verdiyi biliklərbizim üçün müqəddəs teoremlərdir. Biz ömrümüz boyu bu teoremləri isbat etməyə borcluyuq. Bu, bizim həyatla mübarizəmizdə ən yaxşı dostumuz olacaqdır. Əminəm ki, varlığımızı göstərməyin ən dəqiq yolu bu teoremlərin isbatından keçir.

Əsl şəxsiyyət idi Kamran Əliyev, mən ondan əvvəlcə insan, sonra alim olmağın sirlərini öyrəndim. Yalnız o zaman dərk etdim ki, yaxşı insan olmadan, yaxşı alim olmağın heç bir mənası yoxdur.

Uzun-uzadı cümlələri sevməzdi Kamran müəllim. Sadə, keyfiyyətli, fikri dəqiq ifadə edən cümlələrdən qurulmuş lakonik mətnləri yüksək qiymətləndirirdi. Məni bağışlayın, əziz müəllimim. Bəlkə də çox uzun yazdım. Amma burada lakoniklik qəlbimin hisslərini ifadə etməyə, xatirələrimi anlatmağa mane olurdu. İlk dəfədir ki, sözünüzdən çıxaraq bu uzun cümlələri sizi ifadə edə bilmək üçün istifadə etdim.

Çünki mənimçün Kamran Əliyev təkcə anasının sac üzərində bişirdiyi isti yuxaların ətrindən bihuş olan məsum körpə, ilk məhəbbətini tramvayın sehrli nəğməsində itirən möcüzəli tələbə, gəlinciyinə sahib çıxmaq üçün uzaq yolları qət edib gələn balaca Mədinənin sevimli müəllimi deyil, həm də öz xoş xasiyyəti,müsbət aurası ilə ətrafdakı hər kəsə xoşbəxtlik enerjisi ötürən optimistinsan, nadir şəxsiyyət idi. Axı “xoş xasiyyət xoşbəxtliyin müjdəçisidir”, deyirlər.

Kamran müəllimin nəzərində kəmiyyət deyil, keyfiyyət önəmli idi. Nə qədər keyfiyyətli olduğunu deyə bilmərəm, amma qəlbimin dərinliyində yaşayan Kamran Əliyevi təqdim etməyə çalışdım.
Kamran Əliyev “Vida”gəmisinə əyləşib, sonsuzluq limanına yol aldı bəlkə. Amma onun saldığı əbədiyyət kökləri dünyanın faniliyinin üzərindən qara bir xətt çəkdi.

Beləcə, Kamran Əliyev hər iki dünyanın əbədi sakininə çevrildi. O, nə bu dünyadan qopdu, nə də o biri dünyaya köçdü, sadəcə iki dünya arasındakı ölməzlik zirvəsini fəth etdi. Axı, alimlərin yeri Allah qatında bəllidir.

Bir sözlə, Kamran Əliyev haqqında danışmaqla bitməyən, sonsuz xatirələri ilə yaddaşlarda əbədi iz salan, əsla unudulmayacaq ziyalılardan, insanlardan idi. Allah Sizə rəhmət eləsin, nəhəng insan! Ruhunuz şad olsun, əziz müəllimim!

Reyhan Miqdadqızı Mənəfova
AMEA-nın Şəki Regional Elmi
Mərkəzinin kiçik elmi işçisi