29 mart 2022-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzi tərəfindən ADPU-nun Şəki filalı ilə birgə “ELM” gününə həsr edilmiş elmi-praktiki konfrans təşkil edilib
Mart 29, 2022 | 12:00
Konfransı giriş sözü ilə açan Şəki REM-in direktoru fiz.ü.f.d., dosent Yusif Şükürlü Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 mart tarixinin “ELM GÜNÜ” kimi qeyd olunması haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 11 mart 2022-ci il tarixli 7/1№- li Qərarının mahiyyətindən bəhs edib. Elm gününün təsis edilməsinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin elmə göstərdiyi müstəsna qayğının və alimə verdiyi yüksək dəyərin təzahürü kimi qiymətləndirib. ADPU-nun Şəki filalının direktoru, riyaziyyat elmləri doktoru Rafiq Rəsulov çıxış edərək dünyanın bir sıra ölkələrində Elm gününün qeyd olunmasından, Azərbaycan alimlərinin ölkə və dünya elminə verdiyi töhfələrindən bəhs edib.
Konfransda: “İnsan beyninin möcüzələri və süni intellekt modelləri” (N.Z.Çələbiyev, ADPU-nun elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent ), “Şəki REM əməkdaşlarının elm tutumlu nəticələri və dünya elminə inteqrasiyasında onların rolu” (E.V.Abdurahmanov Şəki REM-in Elmi katibi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun dissertantı), “İnformasiya bolluğu, onun sistemləşdirilməsi və elm haqqında qeyri-səlis düşüncələr” (G.A.Abdullayeva, ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini, fil.üzrə fəlsəfə doktoru, dosent), “Azərbaycan elminin inkişafında AMEA-nın Şəki REM-in rolu” (U.B.Mürşüdova, ADPU-nun Şəki filialının Filologiya fakültəsinin dekanı, AMEA Şəki REM-in aparıcı elmi işçisi, fil.üzrə fəlsəfə doktoru, dosent), “XVIII-XIX əsr Balakənli elm xadimləri” (A.A.Məmmədli, Şəki REM-in “Tarixi irs və etnoqrafiya” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru), “Qlobal iqlim dəyişkənliyi və onun doğura biləcəyi ekoloji fəlakətlər” (S.T.Feyzullayeva, ADPU-nun Təbiət fənləri və onların tədrisi texnologiyaları kafedrasının baş müəllimi), “XIX-XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikrinin inkişafında Zaqatala alimlərinin rolu” (Ə.O.Sultanov, Şəki REM-in “Tarixi irs və etnoqrafiya” şöbəsinin elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru), “Azərbaycan dövlətinin gənclər siyasəti və gənc alimlərin elmin inkişafında rolu” (T.K.Adışirinov, Şəki REM-in Gənc Alim və Mütəxəssislər Şurasının sədri) mövzularında məruzələr dinlənilib. Sonra məruzələr ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda elmi, elmi-pedaqoji və elmi-təşkilatı fəaliyyətində fərqlənən Şəki REM-in və ADPU-nun Şəki filalının bir qrup əməkdaşlarına fəxri fərmanlar təqdim edilib.