AMEA Şəki Regional əməkdaşlarının dəyərli tədqiqat əsəri nəşr olunmuşdur
Fev 28, 2022 | 12:00

 

AMEA-nın Şəki REM əməkdaşlarının “Azərbaycanın şimal-qərb bölgəsinin müalicəvi və təsərrüfat əhəmiyyətli bitkiləri” adlı kitabı nəşr olunaraq elmi ictimaiyyətə və geniş oxucu kütləsinə təqdim olunmuşdur.

Kitabın müəllifləri AMEA-nın REM-nin elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhadə Əzizov, “Bitkilərin biomüxtəlifliyi və genefondu” şöbəsinin sabiq müdiri Coşqun Məmmədov, “Ekoloji biofizika” şöbəsinin rəhbər əvəzi Yevgeniya Bəkirovadırlar.

Kitabın nəşrə hazırlanması üzrə fəaliyyətlərə bilavasitə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvi Zeynal Əkpərovun  tövsiyyəsi ilə 2012-ci ildən biologiya üzrə fəlsəfə doktoru Fərhad Əziziovun rəhbərliyi ilə başlanan tədqiqat işləri digər müəlliflərin C.Məmmədov və Y.Bəkirovanın eyni zamanda Şəki Regional Elmi Mərkəzin “Landşaftşünaslıq” şöbəsinin müdiri, geol.min.üzrə PhD. Hüseyn Mustafabəyli, “Ekoloji coğrafiya” şöbəsinin elmi işçisi Aygün İsmayılova, “Bitkilərin geokimyası” şöbəsinin müdiri biol.üzrə PhD, dosent Zərbala Xəlilovun  yaxından iştirakları ilə davam etdirilmiş nəticələr kitab şəklində 2020-ci ildə nəşr olunması üçün hazırlanmışdır.

Kitabın nəşrə hazırlanmasını zərüri edən amil “Azərbaycan Respublikasında Biomüxtəlifliyin qorunmasına dair  Dövlət Proqramı” və AMEA Rəyasət Heyətinin buna müvafiq olaraq qəbul etdiyi “Biomüxtəlifliyin qorunması və davamlı istifadəsi”nə dair qərarının icrası ilə əlaqədar Şəki REM-nin alim və mütəxəssislərinin töfhəsini təqdim etməkdən ibarətdir.

2015-ci ildən başlayaraq işçi qrupu tərəfindən şimal-qərb bölgəsindən Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarının düzənlik, aşağı, orta və yuxarı dağ qurşaqları ərazilərində intensiv olaraq rekoqnostik tədqiqat və bioaraşdırma işləri yerinə yetirilmiş, regionda təbii arealda yabanı halda yetişən 223 dərman bitkisi aşkar edilmiş və onlar müvafiq olaraq üç qrupda təsnif olunmuşlar.

Bitkiləri beynəlxalq təsnifata uyğun olaraq effektiv qrupda biokimyəvi tərkibi və farmokoloji xüsusiyyətləri və geniş yayılmış 84  bitki, ikinci perspektiv  qrupda biokomyəvi tərkibi və farmokoloji xüsusiyyətləri az öyrənilmiş, ehtiyatı az olan 62 bitki, üçüncü potensial qrupda biokimyəvi və farmokoloji xüsusiyyətləri öyrənilməmiş, əlçatmaz və ehtiyatı məhdud olan 77 bitki təsnif olunmuşdur.

Hər bir qrupda təsnif olunmuş bitkilərin çiçəklənmə və meyvələrinin yetişmə dövründə fotoşəkilləri, onların hansı fəsiləyə, cinsə və növə aid olduqlarına dair latın və Azərbaycan dilində adları, hər bitkinin biologiyası, ekologiyasına dair aşkar edildiyi ərazinin koordinatları və dəniz səviyyəsindən hündürlük göstəriciləri, bitkinin kimyəvi tərkibi, müalicəvi xassələri və istifadə olunma sahələrinə dair geniş və müfəssəl məlumatlar verilmişdir.

Son dərəcə zəngin bitki biomüxtəlifliyinə malik şimal-qərb bölgəsində son 40 ildə oxşar tədqiqatların, xüsusən də dərman bitkilərinin biomüxtəlifliyinin öyrənilməsi işlərini yerinə yetirilmədiyini nəzərə alaraq deyə bilərik ki, təqdim olunan əsər yüksək dəyərə və elmi tutuma malikdir.

Əsərin elmi əhəmiyyətliyini şərtləndirən amillərdən biri də ondan ibarətdir ki, müəlliflər tərəfindən ilk dəfə olaraq müalicəvi bitkilərin beynəlxalq standartlara müvafiq olaraq təsnifatı aparılmış müvafiq bir çox bitkilərin kimyəvi və biokimyəvi tərkibinə dair məlumatlar bilmələrində isə ayrı-ayrı xəstəliklərin müalicə və profilaktikasında istifadəsinə icazə verilən dərman bitkilərinin siyahısı verilmiş, kimyəvi və biokimyəvi tərkibi farmokoloji xüsusiyyətləri ümumiyyətlə öyrənilməmiş bitkilər xüsusi bölmədə verilmiş, ehtiyatı tükənməkdə, məhv olmaq təhlükəsi altında olan bitkilər ayırd edilmiş və AMEA Rəyasət Heyətinin qərarı ilə nəşrə hazırlanan “Qırmızı kitaba” daxil edilməsi təklif olunan bitkilər ayrıca qeyd olunmuşdur.

Kitabın elmi redaktoru və ön söz müəllifi AMEA-nın Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov, texniki redaktoru AMEA Şəki REM-nin “Folklorşünaslıq və El sənətləri” şöbəsinin sabiq müdiri Pakizə Əliyeva, rəy verənlər AMEA Dendrologiya İnstitutunun elmi işlər üzrə direktor müavini biologiya elmləri doktoru, dosent Z.Məmmədova, AMEA Şəki REM-in “Bitkilərin biokimyası” şöbəsinin müdiri, biologiya üzrə PhD., dosent Z.Xəlilov,  AMEA Genetik  Ehtiyatlar İnstitutunun Şəki  TDM-nin sabiq müdiri Ş.Məmmədovdur. Kitabın nəşrə hazırlanması, onun tərtibatı  zamanı bitkilərin təsnifatı və məlumatların sistemləşdirilməsində verdiyi məsləhət və tövsiyyələrə görə elmi redaktor Tofiq Məmmədova və AMEA Şəki REM-nin baş elmi işçisi, ADPU-nun “Təbiət elmləri kafedrasının müdiri, professor Firədun İbrahimova müəlliflər öz minnətdarlıqlarını bildirirlər.

Kitabın bölmələr üzrə yığılması, fotoşəkillərin və məlumatların yerləşdirilməsi, mətnlərin yığılması, komputer-dizayner işlərinin yerinə yetirilməsində və nəşrə hazırlanmasında Şəki REM-nin əməkdaşları Aynur Mustafayeva və Namiq Abdurahmanov yaxından iştirak  etmişlər.

Kitabın nəşr edilməsində göstərdiyi diqqət və qayğıya görə müəlliflər Şəki REM-in direktoru fiz.üzrə PhD, dosent Yusif Şükürlüyə, baş mühasib Uğur Süleymanova, AMEA-nın “Elm” nəşriyyatının direktoru, fil.üzrə PhD. Səbuhi Qəhrəmanova dərin minnətdarlıqlarını bildirirlər.

Təqdim olunan kitab regionun, həm də ölkənin elmi ictimaiyyəti üçün dəyərli tədqiqat əsəri olmaqla yanaşı, eyni zamanda həkimlər, fitoterapevtlər, bilogiya, tibb, farmakoqnoziya və farmokologiya üzrə təhsil alan tələbələr üçün dərs vəsaiti, həmçinin sadə peşə adamları üçün məlumat mənbəyi kimi əhəmiyyətlidir.

Kitab AMEA-nın 75 illik, AMEA Şəki REM-nin 50 illik yubileyi münasibətilə nəşrə hazırlanmışdır.

Kitab müəlliflərini bu uğurlu nəşrə görə təbrik edirik.