ŞƏKİ REGİONAL ELMİ MƏRKƏZİ AMASYA UNİVERSİTETİNDƏ TƏŞKİL EDİLƏN 4-CÜ BEYNƏLXALQ MİR HƏMZƏ NİGARİ SİMPOZİUMUNDA TƏMSİL OLUNDU.
Okt 29, 2018 | 10:40

        25-27 oktyabr   2018-ci    il   tarixdə   Amasiya   Universiteti,    Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialı, AÜSSAM (Amasiya Universiteti Sosial və Strateji Araşdırmalar Mərkəzi), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və AZERDER (Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi) tərəfindən Türkiyə Cümhuriyyətinin Amasiya şəhərində IV Beynəlxalq Həmzə Nigari Azərbaycan Xalq Cümhuriyyətinin quruluşunun 100-cü ilində Türkiyə-Azərbaycan əlaqələri simpoziumu keçirilib.

 

        AMEA Şəki Regional Elmi Mərkəzi bu simpoziumda İstanbul Universitetinin Qədim Türk Ədəbiyyatı üzrə doktorantı, Şrem-in Folklorşünasılq və el sənətləri şöbəsinin kiçik elmi işçisi Reyhanə Səlimova tərəfindən təmsil olundu. Gənç araştırmacı bu simpoziumda “Füzuli Və Nigarinin Usanmazmı  qəzəllərinin qarşılaşdırmalı təhlili üzərinə” adlı məqaləsi ilə çıxış etdi. Məqaləsində Nigarinin qədirşünaslığından bəhs edən Reyhanə Səlimova, şairin milli- mədəni irsə sadiq olduğunu və bu istiqamətdə sadəcə Füziliyə deyil, eyni zamanda Osmanlı şairlərindən bir çoxuna nəzirələr yazdığını vurğuladı. Türk xalqlarının ədəbiyyatlarında qarşılaşdırmalı ədəbi təhlillərin önəmli olduğunu söyləyən Amasya Universiteti, Ədəbiyyat Fakültəsi dekanı Prof. Dr Fatih Köksal Reyhanə Səlimovanın bu məqaləsini yüksək qiymətləndirdi və bu sahədə çalışan tədqiqatçılara nümunə olacağını dilə gətirdi.

      Simpoziumda Türkiyənin Amasiya Universiteti, Konya Nəcməddin Ərbakan Universiteti, İstanbul Universiteti, Bursa Uludağ Universiteti, Çorum Hitit Universiteti, İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialı, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, M.Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Təhsil İnstitutu, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, MİRAS İctimai Birliyi, İtaliya Beynəlxalq Yokoku Assossasiyası, Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram teatrı, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu, İran Aşıqlar Birliyini təmsil edən alimlər və tədqiqatçılar iştirak ediblər.

      Simpoziumun yekun iclasında V Beynəlxalq Həmzə Nigari Simpoziumunun Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcəyi elan olunmuşdur.