Fərhad Şirin oğlu Əzizov

biologiya üzrə fəlsəfə doktoru 

F.Ş. Əzizov 1974-cü ildən Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində fəaliyyət göstərir. 1974-cü ilin may ayında akademiyanın Şəki Zona Elmi Bazasında kiçik elmi işçi kimi fəaliyyətə başlamış, 1976-cı ildə Genetika və Seleksiya İnstitutunda aspiranturaya qəbul olunmuş, həm region, həm də respublika üçün çox əhəmiyyətli və iqtisadi baxımdan önəmli olan bir mövzu üzrə “ Çaytikanı bitkisinin biokimyəvi tərkibi və bioloji fəal maddələrinin tədqiqi” mövzusunda tədqiqatlarını uğurla başa çatdıraraq, Daşkənd şəhəri Özbəkistan Respublikası EA Bioüzvü Kimya İnstitutunun Elmi şurasında dissertasiya işini müdafiə etmiş, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır.

1989-2014-cü illər ərzində AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi tədqiqat Bazasında böyük elmi işçi vəzifəsində işləmişdir.

2004-cü ildən təsdiq olunmuş tematik planına uyğun olaraq, “Azərbaycanın xalq seleksiyasına aid mədəni və yabanı meyvə bitkilərinin toplanması, öyrənilməsi və genofondunun zənginləşdirilməsi” istiqamətində elmi-tədqiqat işini layiqincə yerinə yetirmişdir.

2010-cu ildən əlavə mövzu olaraq “Şəki rayonunun faydalı yabanı dərman bitkilərinin yığılması və öyrənilməsi” üzrə tədqiqat işlərini yerinə yetirir.

F.Ş. Əzizov 10 noyabr 2014-cü il tarixdən ŞREM elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmiş,    AMEA Rəyasət Heyətinin 21 yanvar 2015-ci il tarixli 1/19 saylı Qərarı ilə Şəki REM-in elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.

Əzizov F.Ş. AMEA Rəyasət Heyəti tərəfindən 2015-ci ildən etibarən təsdiqlənmiş yeni istiqamətlər üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, nəticələrin təhlili və sistemləşdirilməsi, hesabatların hazırlanması və təqdim edilməsinə rəhbərlik edir. Azərbaycan Respublikasının Prezidentinin Sərəncam və Qərarları, Nazirlər Kabinetinin Qərarları, AMEA Rəyasət Heyətinin və prezidentinin sərəncam və qərarlarından irəli gələn vəzifələrin icrasının təmini və həyata keçirilməsi istiqamətində tədqiqatların təşkilinə və icra edilməsinə səy göstərir.

2015-ci ildə Şəki REM tərəfindən hazırlanmış “Azərbaycanda ipəkçilik sənayesinin inkişaf perspektivləri” konsepsiyasının həmmüəllifi olmuşdur.

2016-cı ildə onun rəhbərliyi ilə “Azərbaycan Respublikasının Şəki rayonu Fazıl kəndində “Labirint” Arxeologiya, Etnoqrafiya və Antropologiya muzeyinin yaradılması” konsepsiyasını, AMEA-nın birinci vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəylinin tövsiyyəsi ilə hazırlamış və Rəyasət Heyəti aparatına təqdim edilmişdir.

2016-cı ildə Şəki İH, AMEA Coğrafiya İnstitutu, Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” Fondu, AMEA Şəki Regional Elmi Mərkəzin iştirakı ilə “Azərbaycan Respublikasında demoqrafik inkişaf: əhali məskunlaşmasının perspektivləri və regional problemlər” mövzusunda elmi-praktiki konfransın təşkilində və Elmi Mərkəz əməkdaşlarının fəal iştirakını və məruzələrlə çıxışlarını təmin etmişdir.

2016-cı il tarixdə II Azərbaycan Elm Festivalının Şəki şəhərində keçirilməsi ilə əlaqədar, sərginin təşkili və ekspozisiyalar üzrə məhsulların və elmi nəşrlərin nümayiş etdirilməsi ilə bağlı təşkilatı işləri yerinə yetirilmişdir.

2017-ci il tarixlərdə Şəkidə Beynəlxalq “İpəkçilik” konfransının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin üzvü kimi konfransın yüksək səviyyədə təşkili və həyata keçirilməsi ilə əlaqədar hərtərəfli fəallıq göstərmişdir.

2016-cı ildən icrasına başlanmış Azərbaycan Respublikasının Prezidenti yanında “Elmin İnkişaf Fondu” tərəfindən maliyyələşdirilən “Azərbaycanın şimal-qərb bölgəsi timsalında aqrar sahənin inkişafı üzrə innovativ tədbirlər paketinin və aqro-ekoloji inkişaf modelinin işlənib hazırlanması” Beynəlxalq layihənin iştirakçısı kimi layihə çərçivəsində araşdırmaların yerinə yetirilməsi, sosial-iqtisadi tədqiqatların təşkili və təhlili, dəyirmi masa və seminarların təşkili, marketinq analizinin yerinə yetirilməsi, perspektiv inkişafa dair Biznes layihənin hazırlanması və nəticələrin təhlili, aralıq və illik, elmi-texniki hesabatların tərtibi və təqdim olunması, həmçinin əldə olunan elmi nəticələrin, uğur və nəaliyyətlərin işıqlandırılması, məqalələrin hazırlanması və nəşr edilməsi, müntəzəm KİV-də məlumatlandırma kampaniyasının təşkili istiqamətində səmərəli fəaliyyət göstərmişdir.

AMEA Şəki Regional Elmi Mərkəzdə icra edilən elmi tədqiqatların dairəsinin genişləndirilməsi, inteqrasiyanın və elmi-əlaqələrin gücləndirilməsi məqsədilə onun iştirakçılığı ilə bir sıra AMEA strukturlarına daxil olan elmi-tədqiqat institutları və digər dövlət qurumları, həmçinin Beynəlxalq qurumlarla elmi-texniki əməkdaşlığa dair müqavilələr hazırlanmış, imzalanmış və həmin qurumlarla birgə fəaliyyətin təşkili həyata keçirilmişdir.

2018-ci ildə AMEA Şəki Regional Elmi Mərkəzin və Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirliyinin Gəncə Heyvandarlıq İnstitutu əməkdaşları tərəfindən hazırlanmış “Çəkil tinglərinin yetişdirilməsi, tut ipəkqurdunun yemlənməsi və barama istehsalına dair” 45 səhifəlik Metodiki Təlimat onun tərəfindən sistemləşdirilmiş, redaktə olunaraq çap edilməsi üçün hazırlanmışdır.

2019-cu ildə onun tərəfindən “Azərbaycanın şimal-qərb bölgəsinin müalicəvi bitkilərinin bio-ekoloji xüsusiyyətləri və sanayedə istifadəsi” adlı 250 səhifəlik monoqrafiya tərtib olunaraq, nəşr olunması üçün hazırlanmışdır. 

2015-2019-cu illər ərzində AMEA-nın digər institutları, həmçinin bilavasitə Şəki REM tərəfindən planlaşdırılan Şəki və bölgənin digər Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarında elmi-praktik konfransların, seminarların və digər mədəni kütləvi tədbirlərin təşkili və Elmi Mərkəz əməkdaşlarına bu tədbirlərdə təmsil olunmalarında xüsusi rolu və fəaliyyəti olmuşdur.

Ümumiyyətlə, 2015-2019-ci illərdə onun tərəfindən Beynəlxalq və yerli jurnallarda 18 elmi məqalə dərc etdirilmiş, Bolqarıstan, Gürcüstan, Türkiyə, Ukrayna, Özbəkistan və Azərbaycanda keçirilən Beynəlxalq konfrans və simpoziumların iştirakçısı olmuşdur.

Əzizov F.Ş. elmi işlər üzrə direktor müavini işlədiyi müddət ərzində əmək funksiyasına uyğun olaraq fəaliyyətləri, Elmi Mərkəzin şöbələr üzrə tədqiqat proqramlarının istiqamətlərə uyğun tərtib və icra edilməsini, elmi işçilərin mövzularının təsdiqlənməsi və onların lazımi səviyyədə yerinə yetirilməsi, illik hesabatların tərtib edilməsi və elmi şuralarda müzakirəsinin təşkili, onların bölməyə Rəyasət Heyəti aparatına təqdim edilməsi üçün hazırlanmasını və təqdim edilməsini, həmçinin əmək funksiyasına müvafiq olaraq elmi işçilərin Attestasiyasının təşkilini, şöbələrin işinə rəhbərlik etməyi, məqalələrin hazırlanması, onlara rəylərin verilməsi və s. digər təşkilatı fəaliyyətləri layiqincə yerinə yetirmişdir. 

Müddət ərzində o, eyni zamanda Şəki REM-in təşkilati məsələlərində fəal iştirak etmiş, özünün məsləhət və tövsiyyələrini vermiş, problemlərin həllində yaxından iştirak etmişdir. 

Onun fəaliyyəti AMEA həmkarlar təşkilatı tərəfindən 2016-cı ildə qiymətləndirilərək Fəxri fərmanla təltif olunmuşdur.