AMEA-nın Şəki REM-də 27 sentyabr “Anım günü” ilə bağlı tədbirlər keçirilib, şəhidlərimiz böyük ehtiramla yad edilib
Sen 27, 2022 | 12:00

27 senyabr tarixində AMEA-nın Şəki REM-nin kollektivi II Qarabağ müharibəsində şəhid olan həmvətənlərimizin məzarlarını ziyarət edib, onların ruhu ehtiramla yad olunub. Sonra Şəki REM-in Akt zalında “Anım günü” ilə əlaqədar tədbir təşkil edilib. Tədbirdə "Ekoloji coğrafiya" şöbəsinin rəhbəri Y.Rəhimov “II Qarabağ müharibəsinin qəhrəmanları” mövzusunda çıxış edib. O, müharibənin gedişində çəkilən foto və video lentlər əsasında qələbənin əldə edilməsində qəhrəman hərbçilərimizin şücaətindən, yüksək texniki üstünlüyə malik silahlarla təmin edilməsindən, Ali baş komandanın rəhbərliyi altında yeridilən hərbi strategiyadan bəhs edib. Y. Rəhimov müharibədə iştirak edən Şəki REM-in əməkdaşı Ruslan Səmədovun, o cümlədən hərbiçi və jurnalist kimi fəaliyyət göstərən üç övladının ön cəbhədəki fəaliyyətləri haqda məlumat verib. Sonra torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Şəki REM-in bir qrup kollektivi Mərkəzin direktoru, fiz.ü.f.d., dosent Y. Şükürlünün iştirakı ilə Şəki şəhər H. Əliyev Mərkəzində “Anım günü” ilə əlaqədar təşkil olunan şəhər tədbirində iştirak ediblər.
Daha sonra rəhbərlik və kollektivin üzvləri I Qarabağ müharibəsində şəhid olan soydaşlarımızın məzarlarını ziyarət ediblər.