Şəki şəhərində Bəxtiyar Vahabzadə yaradıcılığına həsr olunmuş “IV Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası Tarix, Mədəniyyət və Ədəbiyyat” adlı Beynəlxalq Elmi konfrans keçirilib
İyn 04, 2022 | 12:00

4 iyun 2022-ci il tarixində görkəmli Azərbaycan xalq şairi, filosofu, ictimai xadimi Bəxtiyar Vahabzadənin ev muzeyində “İktisadi Kalkınma ve Sosial Araştırmalar  Enstitüsünün” (İKSAD –Türkiyə), AMEA Folklor İnstitutu, AMEA-nın Şəki Regional Elmi Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADPU-nun Şəki və Quba filiallarının  birgə təşəbbüsü və iştirakı ilə Şəki şəhərində Bəxtiyar Vahabzadə yaradıcılığına həsr olunmuş  “IV Beynəlxalq Bəxtiyar Vahabzadə Türk Dünyası Tarix, Mədəniyyət və Ədəbiyyat”  adlı Beynəlxalq Elmi konfrans keçirilib.

Konfransı AMEA-nın Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov Zoom platforması üzərindən açıq elan etmiş, konfransın işinə uğurlar arzulayıb. Sonra, AMEA Folklor İnstitutu “Dədə Qorqud” şöbəsinin  müdiri  professor Ramazan Qafarlı, İKSAD İnstitutunun prezidenti dr. Mustafa Lətif  Emek, AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru fiz.ü.f.d., dosent Yusif Şükürlü, ADPU-nun Şəki filialının direktoru, riyaz.ü.e.d., dosent Rafiq Rəsulov və “Bəxtiyar Vahabzadə Ev Muzeyi”nin direktoru  Elşən Zəkəriyəbəyli  İstiqlal şairinin yaradıcılığından, fəlsəfi fikirlərindən, Azərbaycan və Türk ədəbiyyatında şairin mövqeyindən söz açıblar.

Daha sonra ADPU-nun Şəki filialında bölmə iclasları hibrid formada davam edib. Konfransda AMEA-nın Şəki REM-nin “Tarixi irs və etnoqrafiya” şöbəsinin baş elmi işçisi, ped.ü.e.d., professor Firədun İbrahimov “Bəxtiyar Vahabzadə yaradıcılığının sirləri və qaynaqları”, Elmi Mərkəzin “Folklorşünaslıq və el sənətləri” şöbəsinin aparıcı elmi işçiçisi fil.ü.f.d., dosent Ulduz Mürşüdova “Bəxtiyar Vahabzadənin şeir yaradıcılığında atalar sözlərinin leksik-praqmatik istifadəsi”, “Folklorşünaslıq və el sənətləri” şöbəsinin müdiri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dissertantı  İradə Yusifova “Zirvələrə gedən yolda” və “Tarixi irs və etnoqrafiya” şöbəsinin əməkdaşı Habil Xəlilov “Bəxtiyar Vahabzadənin “Allah” şerinin təsəvvüfi anlamda Qurani-Kərim ayələri və hədislər üzrə təhlili” adlı məruzələri ilə çıxış ediblər. Dosent Ulduz Mürşüdova həmçinin bölmə iclaslarından birində sədrlik edib.