AMEA-nın Şəki REM-də “28 may- Müstəqillik günü” nə həsr olunmuş tədbir keçirilib
May 27, 2022 | 12:00
27 may 2022-ci il tarixində AMEA-nın Şəki REM-də Şəki rayon YAP-ın nümayəndələrinin iştirakı ilə “28 may- Müstəqillik günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbiri açan Şəki Regional Elmi Mərkəzin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Y.H.Şükürlü tədbir iştirakçılarını təbrik edərək, müstəqilliyimizin əldə edilməsində xüsusi rolu olan Cümhuriyyət liderlərinin fəaliyyətlərindən bəhs edib.
YAP-ın Şəki rayon təşkilatının baş məsləhətçisi Kamil Məmmədov bir əsr ərzində iki dəfə müstəqillik əldə edən Azərbaycanın istiqlaliyyət tarixinə nəzər salıb. O,AXC-nin və Azərbaycan Respublikasının müstəqilliklərinin əldə edilməsinin bir çox qurbanlar hesabına başa gəldiyini qeyd edib. Azərbaycan müstəqilliyinin bərpasında ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinə diqqət çəkib.
Şəki REM-in elmi katibi E. Abdurahmanov AXC-nin yaranması ərəfəsində mövcud olan ictimai-siyasi şərait, AXC-nin mövcudluğunun əhəmiyyətindən bəhs edib.
“Landşaftşünaslıq” şöbəsinin rəhbəri, geo.m. üzrə fəlsəfə doktoru H.Mustafabəyli çıxışında Azərbaycanda XX əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində baş verən proseslərə diqqət çəkərək, həmin prosesləri Xalq Cümhuriyyəti dönəmində baş verən hadisələrlə müqayisəli şəkldə təhlil edib. O, II Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsinin əhəmiyyətini vurğulayıb.
“Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri İ.Yusifova Cumhuriyyət dönəmində həyata keçirilən daxili və xarici siyasətin istiqamətləri barədə öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
“Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Y.Rəhimov “28 may- Müstəqillik günü”nü Azərbaycan tarixinin şanlı səhifələrindən biri kimi şərh edərək, həmin şanlı tarixin həm XX əsrin 90-cı illərində, həm də Ali baş komandan, cənab İlham Əliyevin rəhbərliyi altında davam etdiyini bildirib.