“Beynəlxalq Abidələr və Tarixi Yerlər” günü
Apr 19, 2022 | 01:00

18 aprel 2022-ci il tarixində “Beynəlxalq Abidələr və Tarixi Yerlər” günü münasibətilə Şəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən Şəki Xalq Tətbiqi Sənət Muzeyində Müzey rəhbərliyinin və AMEA-nın Şəki REM-nin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Şəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən müzeylərin, Mədəniyyət Nazirliyi Yanında Mədəni Irsin Qorunması, Inkişafı və Bərpası Üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin əməkdaşları, şəhid anaları, ali və orta ixtisas məktəblərinin tələbələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbiri açan Şəki Xalq Tətbiqi Sənət Muzeyinin direktoru İradə Abdullazadə tədbirin mahiyyətindən, tarixi abidələrə dövlət qayğısından və onların mühafizə edilməsinin əhəmiyyətindən bəhs edib. 44 günlük “Vətən Müharibəsi”ndə şəhid olmuş Toğrul Nağıyevin anası Əntiqə Nağıyeva və Elçin Nadirovun anası Rəmziyyə Nadirova çıxış edərək, övladlarının uğrunda canlarını fəda etdikləri Vətən torpağının hər bir qarışının, hər bir abidəsinin müqəddəs olduğunu, onun qorunmasının vacibliyini qeyd ediblər. Sonra müzeyin bələdçisi Yeganə Rəsulova, Qəbələ Regional İdarəsinin mühafizi Arzu İsmayılova təmsil etdikləri müəssisələrin fəaliyyəti barədə tədbir iştirakçılarını məlumatlandırıblar. AMEA-nın Şəki REM-nin elmi katibi Elşən Abdurahmanov Şəki və ətraf kəndlərdə yerləşən tarixi abidələr, həmçinin erkən orta əsr Alban məbədləri haqda tədbir iştirakçılarına məlumat verib. Tədbirin sonunda iştirakçılar muzeydə sərgilənən eksponatlarla və Alban abidələrini əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar.