AMEA-nın Şəki REM-də “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin elmi işçisi, AMEA Zoologiya Institutunun dissertantı Zərintac Yusif qızı Şükürovanın dissertasiya işi ilə elmi seminarıı
Apr 11, 2022 | 12:00

11 aprel 2022-ci il tarixində AMEA-nın Şəki REM-də “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin elmi işçisi, AMEA Zoologiya Institutunun dissertantı Zərintac Yusif qızı Şükürovanın “Armud saturniyasının (Saturnia pyri Denis et Schiffermüller) biologiyası, ipəkçilikdə istifadəsi məqsədilə kütləvi artırılma metodunun işlənib hazırlanması” adlı dissertasiya işi ilə (ixtisas 2401.01-Zoologiya; 2413.01- “Entomologiya”; elmi rəhbər-biol.ü.f.d., dosent G.Ə.Mustafayeva, elmi məsləhətçi Dr. Rajesh Kumar) bağlı elmi seminar keçirilib. Şəki REM-in direktoru, fiz.ü.f.d., dosent Y.H.Şükürlü seminarı açaraq onun işinə uğurlar arzu edib. Dissertant Z.Şükürova müdafiə işinin hazırlanma zərurəti və məqsədindən bəhs edərək qeyd edib ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli Sərəncamı tədqiqat işinin seçilməsində onun üçün əsas olmuşdur. Z.Şükürova təqdimatında aparılan tədqiqat işinin metodları, onun icra sxemi, elmi və praktiki əhəmiyyəti haqqında məlumat verib. Təqdimatdan sonra mövzu ətrafında çıxışlara başlanıb, tövsiyyə və iradlar bildirilib. Şəki REM-in Elmi işlər üzrə direktor müavini, biol.ü.f.d. F.Əzizov tədqiqat işinin elmi və praktiki metodlarla işlənib hazırlandığını, sistematikliyini qeyd edərək, eyni zamanda müəyyən düzəlişlərə ehtiyac olduğunu vurğulayıb. Şəki REM-in “Tut ipəkqurdunun seleksiyası” şöbəsinin rəhbəri biol.ü.f.d., dosent Q.Bəkirov bu tədqiqat işinə Patent alındığını, armud saturniyası vəhşi ipəkqurdunun ipəkçilikdə istifadəsinin dünya praktikasında ilk addım olduğunu bildirib. “Bitkilərin Biokimyası” şöbəsinin rəhbəri, biol.ü.f.d., dosent Z.Xəlilov dissertasiya işinin elmi əsaslarla, hərətəfli şəkildə hazırlandığına, eksperimentlərin dəqiqliklə aparıldığına, çox çətin və ağır bir iş olmasına baxmayaraq, onun qənaətbəxş şəkildə tədqiq edildiyinə diqqət çəkib. “Landşaftşünaslıq” şöbəsinin rəhbəri, geol.ü.f.d. H.Mustafabəyli armud saturniyasının pupundan balıqçılıqda və quşçuluqda istifadə edilməsi imkanlarını və dissertasiya işində bu cəhətin yer almasının önəmli olduğunu bildirib. “Ekoloji Cografiya” şöbəsinin elmi işçisi Qafqaz Ağabalayev dissertasiyada yer alan fəsillərin sayına diqqət yetirilməsinin və təqdimata ayrılan vaxtdan səmərəli istifadənin vacibliyini qeyd edib. AMEA Genetik Ehtiyatlar İnstitututnun Şəki Elmi-Tədqiqat Bazasının direktoru C.Məmmədov Saturnia pyri ipəkqurdunun, təqdim olunan işdə bioloji xüsusiyyətlərinin öyrənilməsinin əhəmiyyətindən bəhs edərək, bu növün təbii arealında mühafizəsi planının təklif olunmasının biomüxtəlifliyin qorunmasında mühüm bir addım olduğunu bildirib. O həmçinin, E vitamini ilə zəngin olan armud saturniyası pupunun yeyinti, tibb və kosmetalogiya kimi müxtəlif sahələrdə istifadəsinin əhəmiyyətini vurğulayıb. Elmi işçi Z.Şükürova qeyd edilən irad və təklifləri nəzərə alaraq, dissertasiya işində müəyyən düzəlişlərin ediləcəyini qeyd edib və seminar iştirakçılarına səmimi təşəkkürlərini ifadə edib.