30 mart 2022-ci il tarixində AMEA-nın Şəki Regional Elmi Mərkəzinin və Qəbələ rayonu Nic qəsəbəsində yerləşən Azərbaycan Respublikası Alban-Udi xristian icmasının təşkilatçılığı ilə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən Müqəddəs Yelisey adına Cotari kilsəsində dəyirmi masa keçirilib
Mart 30, 2022 | 02:00
Tədbiri açan Alban-Udi xristian icmasının sədr müavini Rafiq Danakari Qəbələ rayon İcra hakimiyyəti rəhbərliyinin salamlarını tədbir iştirakçılarına çatdırıb və tədbirin işinə uğurlar arzu edib. O, belə mühün tədbirin həyata keçirilməsində onlarla əməkdaşlıq etdiyi üçün AMEA-nın Şəki REM-nin rəhbərliyinə səmimi təşəkkürlərini bildirib. Şəki REM-in elmi katibi Elşən Abdurahmanov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 mart tarixinin “ELM GÜNÜ” kimi qeyd olunması haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 11 mart 2022-ci il tarixli 7/1№- li Qərarının mahiyyətindən bəhs edib. Tədbirin yüksək səviyyədə təşkil edilməsinə və yaradılan şəraitə görə Qəbələ rayonu İctimai-siyasi və Hümanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanovaya Şəki REM-in rəhbərliyinin təşəkkürlərini çatdırıb.
Sonra Şəki REM-in “Tarixi İrs və Etnoqrafiya” şöbəsinin rəhbəri Rahim Həsənov “Şimal-qərbi Azərbaycanda erməni təxribatları, udinlərin qriqoryanlaşdırılması cəhdləri” adlı məruzə ilə çıxış edib. Şöbənin əməkdaşı Habil Xəlilov “Qurani-Kərimdə İsa Məsih anlayışı”, Şəki REM-in elmi katibi E.Abdurahmanov “Albanşünaslıqda Udin məsələsi: tarixi-mədəni, etnoqrafik araşdırma” adlı məruzələri maraqla qarşılanıb.
Daha sonra Alban-Udin icmasına Şəki REM-in alim və mütəxəssisləri tərəfindən nəşr edilən kitab və monoqrafiyalar həmçinin, icma rəhbərliyinə “Təşəkkürnamə” təqdim edilib.
Tədbirin davamı olaraq iştirakçılar “Udin ocağı” etnoqrafik muzeyi və Müqəddəs Məryam Ana “BULUN” kilsəsini ziyarət ediblər.