AMEA-nın Şəki REM-ində ASAN xidmət könüllüləri ilə görüş keçirilib
Mart 04, 2022 | 12:00
04.03.2022-ci il tarixində ADPU-nun Şəki filialının, Şəki şəhər Regional Kollecin, Şəki ümumtəhsil məktəblərinin tələbə və şagirdlərindən ibarət bir qrup ASAN xidmət könüllüləri ilə AMEA-nın Şəki Regional Elmi Mərkəzində görüş keçirilib. Görüş Şəki REM-in “Tarixi irs və etnoqrafiya” şöbəsi və Şəki REM-in Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilib. “Tarixi irs və etnoqrafiya” şöbəsinin rəhbəri Rahim Həsənov könüllülərə bölgənin tarixi, etnoqrafiyası, qəbirüstü abidələri haqqında məlumat verib. ASAN xidmət könüllüləri Şəki REM-in, o cümlədən şöbənin yarandığı dövrdən bugünə qədərki fəaliyyəti, elmi nəşrləri barədə informasiya alıblar. Sonra Mərkəzin akt zalında könüllülərlə görüş davam etdirilib. Şəki REM-in elmi katibi Elşən Abdurahmanov könüllülərə Şimal-qərb bölgəsinin alban abidələri haqqında geniş məlumat verib. “Tarixi irs və etnoqrafiya” şöbəsinin elmi işçisi Elçin Vəliyev bu cür görüşlərin gənclərin elmə marağının artmasında, elmin kütləviləşməsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Tədbirin sonunda ASAN könüllülərini maraqlandıran suallara ətraflı cavablar verilib və onlara R.Həsənovun müəllifi olduğu “Şəkidə erməni təxribatları” adlı monoqrafiya hədiyyə edilib.