AMEA-nın Şəki Regional Elmi Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
Yan 19, 2022 | 11:00
19.01.2022-ci il tarixdə AMEA-nın Şəki Regional Elmi Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
Tədbiri giriş sözü ilə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru f.ü. PhD., dosent, Y.H.Şükürlü açdı. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Yusif Şükürlü çıxışında keçmiş sovet ordusunun törətdiyi faciədən, dinc əhaliyə qarşı həyata keçirdiyi insanlığa yaraşmayan vəhşiliklərdən danışdı, bu hadisənin xalqımızın azadlığı və müstəqilliyi yolunda böyük əhəmiyyət daşıdığını vurğuladı.
Tədbirdə ŞREM-in “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri İ.Yusifova çıxış edərək, 32 il əvvəl bacı və qardaşlarımızın Azərbaycanın dövlət müstəqilliyinə nail olması üçün canlarından keçdiklərini dedi. O əlavə etdi ki, nəinki 20 Yanvar, o cümlədən, Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalanların həyatı müasir gənclik üçün örnəkdir.
Daha sonra “Ekoloji coğrafiya” şöbəsinin rəhbəri Y.Rəhimov çıxış edərək, 20 Yanvar faciəsinin müstəqillik və suverinlik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının azadlıq mübarizəsi tarixinin ən şanlı səhifələrindən biri olduğunu söylədi. 20 Yanvar hadisəsinin yaddaşlardan silinməyəcəni, bu günün faciə kimi deyil, xalqımızın qəhrəmanlıq, şücaət tarixi kimi qeyd oluna biləcəyini əlavə etdi.
“Tarixi irs və Etnoqrafiya” şöbəsinin əməkdaşı H.Xəlilov şəhidlik zirvəsi, onun müqəddəsliyi haqqında danışdı. Şəhidliyin islami nöqteyi-nəzərdən geniş şərhini verdi. Sonda şəhidlərimizin əziz ruhuna fatihə surəsi oxundu.