AMEA Şəki Regional Elmi Mərkəzində 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib
Sen 27, 2021 | 12:00
Tədbirdə Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım tədbirində çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıblar.
Çıxışlarda qeyd olunub ki, Vətən müharibəsində Azərbaycan xalqının Vətən sevgisi, əzmkarlığı, iradəsi, xalq və ordunun ali məqsəd naminə həmrəyliyi, Ali Baş Komandanın qətiyyəti Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunmasında əsas amil olub. Şəhidlərimizin bu Qələbədə ən çox payı vardır. Onların əziz xatirəsi böyüməkdə olan nəsil üçün örnəkdir.
Sonra mərasim Şəki şəhərindəki Şəhidlər xiyabanını ziyarətlə davam edib. Ziyarət zamanı Şəhid məzarlarının önünə gül-çiçək dəstələri düzülərək, onların əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar səsləndirilib.
Kollektiv üzvləri eyni zamanda həmin gün Mərkəzin genefond bağında Şəhidlərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası həyata keçiriblər.